İranda mövcud böhranlı vəziyyətin yaranmasına ABŞ Prezidenti Donald Trampın nüvə müqaviləsindən çıxması səbəb oldu.
Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan belə deyib.
Politoloqun sözlərinə görə, daxildə vəziyyətin gərgin olduğu vaxt ABŞ Dövlət katibi Mayk Pompeo İrana qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib:
“Bu proses noyabradək davam edəcək. Həmin vaxta qədər İrana möhlət veriləcək ki, nüvə proqramı ilə bağlı fəaliyyətində şəffaflığı təmin etsin. Bundan sonra ABŞ İranla imzalanmış nüvə sazişinə yenidən qayıda bilər. İran tərəfi isə bu istiqamətdə addımlar atmaq yerinə, ABŞ-a qarşı kəskin bəyanatlar səsləndirir. Görünən budur ki, ABŞ-ın nüvə müqaviləsindən çıxması İran daxilində vəziyyəti gərginləşdirib.
Son iki ayda milli valyutanın – rialın kəskin dəyər itkisi öz ağır nəticələrini göstərməyə başlayıb. Artıq ölkənin iri şəhərlərində hakimiyyət əleyhinə etiraz aksiyaları başlayıb. İran Mərkəzi Bankının direktor müavini olmuş Əhməd Əraqçi və onunla birlikdə 2 nəfər həbs edilib. Həmin şəxslər korrupsiyada ittiham olunur. İranda gülməli vəziyyət yaranıb. Çünki Mərkəzi Bankın direktor müavini istəsə belə, milli valyutanı dəyərdən sala, yaxud qaldıra bilməz”.
Sədrəddin Soltan hesab edir ki, İran hakimiyyəti müxtəlif şəxslərə qarşı ittihamlar irəli sürməklə, vəzifələrdə dəyişikliklər etməklə vəziyyətdən çıxış yolu axtarmağa çalışır:
“Bununla həm də vaxt udmağa çalışırlar. İran hakimiyyətinin bu gedişlərinin başlıca səbəbi ABŞ-ın sanksiyaları ilə bağlıdır. İran öz nüvə fəaliyyətində geri addım atmayacağı halda bu sanksiyaların daha da sərləşdiriləcəyini istisna etmirəm. ABŞ-la yanaşı, Avropa İttifaqı da bu sanksiyalara qoşula bilər. Artıq İngiltərə qoşulacağını bəyan edib. Fikrimcə, İranda vəziyyət getdikcə gərginləşəcək”.