11 Avqust 2018 16:04
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-Türkiyə münasibətləri uzunmüddətli mütəffiqlik dövrünün ən gərgin mərhələlərindən birini yaşayır. Heç bir iqtisadi əsası olmadan, sadəcə hansısa dövlətin liderinin bir sözü ilə birjada milli valyutanın bu şəkildə inflyasiyaya uğraması nə maliyyə və iqtisadiyyat qanunları, nə də normal məntiqlə izah olunan hadisə deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlarla Türkiyənin münasibətləri təkcə iki dövlətin mənafeləri nöqteyi-nəzərindən deyil, bütünlükdə regionun siyasi perspektivi baxımından olduqca əhəmiyyəlidir: “Müasir beynəlxalq münasibətlər sistemində ən müxtəlif faktorlardan təzyiq vasitəsi kimi istifadə olunur. Onlardan biri də iqtisadi rıçaqlardır. Əslində iqtisadi-maliyyə rıçaqları daim beynəlxalq münasibətlərdə bu və ya digər şəkildə dövlətlərə qarşı istifadə olunan silah kimi çıxış edib.

Təəssüf, XX əsrin mənzərəsi ondan ibarətdir ki, bu silah həm də maliyyə terroru kimi özünü göstərir. Bəzi güc mərkəzləri, hegemon dövlətlər öz maliyyə vasitələrindən başqa ölkələrə qarşı iqtisadi terror kimi istifadə edirlər. Türkiyə-ABŞ münasibətlərində də bu baş verib. Lirənin inflyasiya etməsinin səbəbi də bundan ibarətdir. Əfsus ki, uzun müddətdir müşahidə edilən bu proseslə bağlı milli dövlətlərin maliyyə institutları effektiv müdafiə vasitələri işləyib hazırlaya bilmirlər. Problem bundadır. Düşünürəm ki, nəhayət, Türkiyədə bunu bacaracaqlar”.

Millət vəkili Türkiyə cəmiyyətinin ayıq-sayıq və kifayət qədər savadlı olduğunu söyləyib: “Türkiyə cəmiyyəti həm də çox vətənpəvərdir, nəyin baş verdiyini dərk edirlər, ona görə də prezident Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra öz dollar və avrolarını kütləvi şəkildə lirəyə çevirirlər. Bu, yaxşı tendensiyadır. Biz bilirik ki, Türkiyə hazırki beynəlxalq münasibətlər sistemində İslam-türk sivilizasiyasının son qalasıdır və ən inkişaf etmiş ölkəsidir. Düşünürəm ki, Türkiyə bu cür hücumlara qarşı hazır olmalıdır. Bu, Türkiyənin mənəvi borcudur, onun mütəffiqlərinin umduğu məsələdir. Türkiyə güclü olanda biz, eləcə də bütün müsəlman dünyası möhkəm olur. Maliyyə terroruna məruz qalan qardaş ölkənin bu tarixi imtahandan ləyaqətlə və qalib çıxacağını proqnozlaşdırıram”.

Hikmət Babaoğlu hesab edir ki, bu mürəkkəb tarxi mərhələni adladıqdan sonra Türkiyə regional güc olmaqla bərabər beynəlxalq münasibətlərin təyinedici aktorlarından birinə çevriləcək: “Çünki Türkiyənin bu potensialı və gücü var, böyük hərbi, siyasi, iqtisadi uğurlara imza atıb, terrora qarşı uğurla mübarizə aparmağı bacarıb. Hərçənd bu maliyyə terrorunun ciddi əsası yoxdur, imperialist mərkəzlər, hegemon güclər tərəfindən Türkiyəyə qarşı terrordan onu çökdürmək vasitələrindən biri kimi istifadə olunur. Qardaş ölkə bundan sonra da maliyyə terroruna qarşı da mübarizə apararaq yenidən sübut edəcək ki, tarixən olduğutək yenə güclüdür”.


Müəllif: Nərgiz Ehlamqızı