Azərbaycan bu gün iqtisadi cəhətdən tam müstəqil dövlətdir. Ölkəmiz heç kimdən asılı deyil və buna görə də inamla müstəqil siyasətini həyata keçirir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə deyib.
M.Abbaszadənin sözlərinə görə, məhz bu siyasətin nəticəsidir ki, 2018-ci ilin arxada qalan dövrü böyük iqtisadi fəallıqla müşahidə olunur. Onun fikrincə, bir müddət öncə Cənub Qaz Dəhlizi, TANAP kimi iri miqyaslı layihələr istifadəyə verilib. Bakı Dəniz Limanının istifadəyə verilməsi də Azərbaycanın tranzit ölkə kimi nüfuzunu daha da artıracaq:
“Bütövlükdə, son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir. Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artıb və bu dünya miqyasında analoqu olmayan inkişafdır. Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq. Ölkənin valyuta ehtiyatları ümumi daxili məhsula bərabər səviyyədədir. Yəni, əgər dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Əldə olunan uğurlar ölkə rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir”.