Türkiyə, Rusiya və İran prezidentlərinin görüşünü Suriya böhranının həlli istiqamətində irəli atılmış addım kimi qəbul etmək olar.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.
Lakin politoloq hesab etmir ki, Tehranda baş tutacaq görüş problemlərin köklü həlli olmayacaq:
“Suriya elə bir kilid nöqtəyə çevrilib ki, burada bir çox böyük güclərin maraqları kəsişir. Bir masa arxasında oturan Türkiyə, Rusiya və İranın bir sıra məsələlərdə kəsişdiyi nöqtələr var. Buna görə də düşünmürəm ki, Tehran sammiti Suriya probleminin birdəfəlik həllinə təkan verəcək.
Əslində Türkiyə, İran və Rusiyanı bir araya gətirən xarici faktorlar var. Bu faktorlar ortada olduğu müddətdə bu 3 ölkəyə bir araya gələrək, müəyyən mənada bu problemin həllinə çalışa bilər. Bu baxımdan, görüşün növbəti mərhələlərdə müsbət nəticələr verəcəyi də istisna deyil”.
“Suriya böhranının həlli Cənubi Qafqazdakı münaqişələrin, yaxud Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) probleminin həllinə təkan verə bilərmi?” sualına isə Vüqar Zifəroğlunun cavabı belə olub:
“Zənn etmirəm ki, Suriya böhranı ilə Cənubi Qafqazdakı münaqişələrin bir-birilə əlaqəsi var. Bu problemlərin xarakteri tamamilə fərqlidir. Buna görə də, Suriya ilə Cənubi Qafqazdakı münaqişələri müqayisə etmək yanlışdır. Əgər biz Gürcüstan və Azərbaycanda separatçı qüvvələrin bu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış etmələrinin şahidi oluruqsa, Suriyada tamamilə fərqli situasiya hökm sürür. Biz Suriyada daha çox hərbi-siyasi, dini-ideoloji mübarizənin getdiyini görürük”.