Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI sammiti türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsinə yeni təkan verəcək.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, türkdilli xalqlar və onları təmsil edən dövlətlər bu gün dünyada sülhün və təhlükəsizlyin təmin olunması, sivilizasiyalararası dialoqun dərinləşməsi, beynəlxalq iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfələr verirlər:
“Düşünürəm ki, türkdilli dövlətlərin bir araya gəlməsi siyasi çoxqütblülük, iqtisadi, mədəni və informasiya proseslərinin qlobal inkişafı şəraitində xalqlarımızın mənafeyinin müdafiəsində, regionda sülhün möhkəmləndirməsində, təhlükəsizlik və sabitliyin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edəcək. Sammit çərçivəsində qəbul edilən qərarlar, müzakirələr türkdilli dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına yeni bir təkan verəcək. Kökü, soyu, dili bir Asiyadan Avropaya qədər böyük bir regionda yerləşən türkdilli dövlətlər arasındakı birliyin möhkəmlənməsinə xidmət edən sammit türk birliyinin daha da güclənməsinə mühüm töhfə olacaq. Çünki böyük əhəmiyyət daşıyan sammit zamanı verilən birgə bəyanatlar, türkdilli dövlətlərin ortaq mövqeyini göstərdi, türkdilli dövlətlərin bütün istiqamətdə birliyini bir daha nümayiş etdirdi”.
N.Həmzəyev əlavə edib ki, ulu öndər Heydər Əliyev dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına, onların inkişafına hər zaman dəstək göstərib:
“Ulu öndər Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən eyni mədəni və dini köklərə malik türkdilli dövlətlər arasında münasibətlərin ən yüksək səviyyədə qurulmasını, ümumtürk həmrəyliyinin təmin olunmasını prioritet sayıb, daim diqqət mərkəzində saxlayıb. Ümummilli liderin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət, regionda irimiqyaslı layihələrin reallaşdırılması türk dünyası ölkələri arasında birliyin, əlaqələrin möhkəmlənməsinə xidmət edir”.