6 Sentyabr 2018 13:00
2 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda türkdilli dövlət başçılarının iştirakı ilə keçirilən 6-cı sammit kifayət qədər maraqlı və əhəmiyyətli müzakirələrlə yadda qaldı.

Teleqraf.com xəbər verir ki, bunu Şərq-ə açıqlamasında "Teleqraf” Media Holdinqinin rəhbəri, politoloq Aynur Camalqızı deyib.

Aynur Camalqızının sözlərinə görə, bu sammit region və bütün türkdilli xalqlar üçün mühümdür:

“Çünki illər əvvəl türkdilli dövlətlərin birlik ideyalari heç kəsə inandırıcı görünmür, çoxları bunu “illüziya” hesab edirdi”.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ilk toplantısının 2009-cu ildə Naxçıvanda keçirildiyini xatırladan A.Camalqızı türk dövlətləri arasındakı yaxınlaşmanın ilk olaraq o vaxtdan müşahidə olunduğunu deyib.

Onun sözlərinə görə, türkdilli dövlətlərin birliyinin möhkəmlənməsində ölkə başçısı İlham Əliyevin şəxsi təşəbbüsü və səyləri danılmazdır:

"Məhz onun bu prosesə xüsusi diqqət və həssaslıqla yanaşması nəticəsində həmin il bu toplantı əksər türk dövlətləri və xüsusən də qardaş Türkiyə tərəfindən böyük maraqla qarşılandı və dəstək verildi. Çünki Prezident İlham Əliyev yaxşı bilirdi ki, türkdilli dövlətlər birliyi ideyasının reallaşması bütün türk dövətlərinin, xüsusən də Qarabağ kimi ağır bir problemlə üz-üzə qalan Azərbaycanın gücünə güc qatır.

Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən 6-cı zirvə görüşü bir daha göstərdi ki, türk birliyi ideyası sadəcə, Azərbaycan və Türkiyənin arzularından ibarət deyil, Mərkəzi Asiya ölkələri də bu birlikdə maraqlıdırlar. Əlavə olaraq, Tatarıstanın bu sammitə qoşulması müsbət hal kimi dəyərləndirilməlidir.

Qeyd edim ki, Özbəkistan və Macarıstan da ilk dəfə idi ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşündə iştirak edirdi. Özbəkistan sammitə fəxri qonaq, Macarıstan isə müşahidəçi ölkə kimi qatılmışdı. Bunun özü də hesab edirəm ki, xüsusi diqqət edilməli məsələdir. Macarıstan türkdilli dövlət deyil, amma tarixən orada türkdilli xalqlar yaşayıb, bu gün də yaşayırlar.

Xatırlayırsınızsa, uzun müddət müxalif mediada sözügedən birliyin adında “türkdilli dövlətlər” deyil, “türk dövlətləri” ifadəsinin seçilməsi tənqid olunurdu.

Halbuki bu Şuranın Türk Dövlətlərinin yox, Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurası adlandırılması parlaq zəkanın, qlobal düşüncənin, uzaq hədəfli siyasətin göstəricisidir. Çünki bu platformanın məqsədi sadəcə, türk dövlətlərini deyil, türklərin yaşadığı, məskunlaşdığı bütün dövlətlərin birliyinin əldə olunmasıdır. Bu birlik ideyasının miqyası bizim düşündüyümüzdən də qat-qat genişdir. Eyni tarixi, mədəniyyəti, dili, dini, etnik mənşəyi paylaşan xalqlar, toplumlar hansı ölkədə yaşamasından asılı olmayaraq, bu Şurada təmsil olunmaq, problemlərini müzakirəyə çıxarmaq imkanı əldə edir. Bizim istədiyimiz də bu deyilmi?!”

Rəsmi Bakının türkdilli dövlətlər arasında əməkdaşlığın genişlənməsində aparıcı rola malik olduğunu vurğulayan A.Camalqızı hesab edir ki, bu platforma xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gündəmə gətirilməsi baxımından da əhəmiyyətlidir:

“Bu toplantıda Prezident İlham Əliyevin çıxışının Azərbaycan üçün xüsusi əhəmiyyəti var.

Ölkə başçısı Ermənistanın işğalçılıq siyasətini növbəti dəfə ifşa edərək Dağlıq Qarabağ münaqişəsini Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qırğızıstanda keçirilən VI Zirvə görüşündə gündəmə gətirdi. Türkiyə Prezidenti Ərdoğan da bu çıxışa dəstək verdi.

Sözsüz ki, bu cür əhəmiyyətli bir platformada - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə Dağlıq Qarabağ probleminin müzakirəyə çıxarılması bizim üçün son dərəcə əhəmiyyətlidir. Ən azından bu ölkələrin münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin intensivləşməsinə müəyyən təsirləri ola bilər”.

Növbəti sammitin Bakıda keçiriləcəyini qeyd edən A.Camalqızının sözlərinə görə, bununla da bütün dünya ölkələrinin diqqəti yenidən Azərbaycana yönələcək: “Bu həm də Azərbaycanın regionda lider dövlət olduğunun növbəti təsdiqidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər