100 il bundan əvvəl 1918-ci ilin sentyabrında Bakının eser-menşevik-daşnak-ingilis işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin, Azərbaycan və Anadolu türklərinin silah qardaşlığının ən möhtəşəm zəfəri idi.
Teleqraf.com-un məlumatına görə, bu sözləri bu sözləri Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev bildirib.
Onun sözlərinə görə, bu hadisə tarixi əhəmiyyətinə görə Azərbaycan Xalq Cümhuriyyətinin elanı ilə bir sırada dayanırdı: “Bakısız Azərbaycan - başsız bədəndir”- deyən və İstanbulda Bakı uğrunda mübarizəyə daha böyük ölçüdə hərbi-diplomatik dəstək təmin etmək üçün çalışan Məhəmməd Əmin Rəsulzadə şəhər uğrunda mübarizədə nisbi durğunluğun yarandığı 6 sentyabr 1918-ci ildə xarici işlər naziri Məmmədhəsən Hacınskiyə yazırdı: “Əgər Bakını ala bilməsək, hər şey bitdi! Əlvida, Azərbaycan!” Rəsulzadə və Bakının işğaldan azad edilməsi üçün bütün varlığı ilə çalışanlar iki ildən sonra həqiqətən də qurmaq istədikləri Azərbaycana həmişəlik “Əlvida!” deməli oldular”.
Vilayət Quliyev vurğulayıb ki, onların xalqa ən böyük töhfəsi isə Cümhuriyyət idealları ilə birlikdə həm də Bakını həqiqi sahiblərinə -Azərbaycan türklərinə qazandırması oldu.