Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada Vladimir Putinlə görüşdən sonra “Mənim nəzərimdə Qarabağ Ermənistanın tərkib hissəsidir” açıqlaması, həmçinin cəbhə xəttində Azərbaycanın hərbi hərəkətliliyinə adekvat cavabın sərt veriləcəyini qeyd etməsi münaqişənin həllində növbəti danışıqları fiaskoya uğradır. Paşinyanın qeyri-müəyyən siyasəti və açıqlamaları Ermənistanın növbəti dəfə ordumuz tərəfindən aprel sindiromu yaşamasını yaxınlaşdıra bilər.
Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, erməni baş nazirin Qarabağ bəyanatı Vladimir Putinlə görüşdə konfliktin müzakirə olunmamasından irəli gəlib:
“Məhz bundan ruhlanan Paşinyan belə bir bəyanat verməklə bir növ Bakıya mesaj ötürür ki, Moskva problemin həllində maraqlı deyil. Qeyd edim ki, Putin Paşinyanı Kremlə ona görə çağırmışdı ki, ondan apardığı siyasət barədə izahat tələb etsin və şərtlərini onun qarşısına qoysun. Bu görüşdə Qarabağ münaqişəsi danışıqların əsas predmeti olmayıb”.
Məhəmməd Əsədullazadə əlavə edib ki, Putin-Paşinyan görüşü əsasən Ermənistan daxilində cərəyan edən hadisələrə, həmçinin ikitərəfli əlaqələrə həsr edilib:
“May ayından bəri forpost Ermənistan Kremlin nəzarətindən çıxmağa çalışır. Bundan əlavə, Paşinyanın Putinə Ermənistanın daxili işlərinə qarşımamaq kimi mesaj verməsi öz daxili imicini qorumaqdan ibarətdir. Moskva Paşinyandan bu görüşdə Qarabağ klanına və dostu Robert Köçəryana toxunmamağı, Rusiya hərbi bazaları məsələsində kampaniyaya son qoymağı, Ermənistan hərbçilərinin Suriyaya göndərilməyi tələb edib.
Paşinyanın Putinin bu tələblərini yerinə yetirəcəyi, amma bir müddətdən sonra yenidən anti-Rusiya siyasətini davam etdirəcəyi gözlənilir. Nikol Paşinyan gələn il parlament seçkilərinə kimi Putinlə uzlaşmağa məcburdur. Növbədənkənar parlament seçkilərində qələbə əldə etdikdən sonra Rusiyaya qarşı sərt xətti davam etdirəcəyi istisna etmirəm.
Paşinyan ona görə hakmiyyətə gəlməyib ki, ölkəsində Rusiyanın maraqlarını təmin etsin. Amerika səfirinin dirijor çubuğu ilə idarə olunan baş nazir ölkəsində anti-Rusiya siyasəti aparmaqla bütövlükdə Moskvanın Cənubi Qafqazda mövqelərinə zərbə vurmaq üçün çalışır”.
Politoloq əlavə edib ki, Rusiyanın Ermənistandan çəkilməsi bu ölkədə qanlı hadisələrin yaşanmasına gətirə bilər: “Rusiya Ermənistandan əlini üzərsə, Qarabağ konfliktinin həllində neytral qalacaq. Təbii ki, bu da Azərbaycanın maraqlarına cavab verir”.