Teleqraf.com Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədovla müsahibəni təqdim edir:
- Fərda müəllim, Suriyada növbəti dəfə ABŞ və Rusiya arasında qarşıdurma ön plana çıxır. Ruslar İdlibə hücum etmək, oradakı terrorçuları zərərsizləşdirmək niyyətindədir. ABŞ açıq şəkildə buna qarşı çıxır. Bu baxımdan Suriyadakı son situasiyanı necə qiymətləndirirsiniz?
- İlk növbədə Suriyanın bir ölkə kimi gələcəyi, suriyalıların taleyi məsələsi ortadadır. Bu təkcə siyasi məsələ də deyil. Orada baş verənlər ola bilsin ki, ərəb dünyasının gələcək müqəddəratını da özündə ehtiva edir. Planetimizin siyasətinin sabahı Suriyada həll olunur. Böyük oyunçular kimlərdir, kim səhnədə qalacaq, kim çıxacaq sualları aktualdır. Hətta deyərdim ki, Suriyada baş verənlər o qədər burulğanlı olmasa da, II Dünya Müharibəsinin mənzərəsini yaradır. Yəni bu davadan kim zəifləmiş, kim güclü çıxacaq mənzərəsi var. Oradakı tərəflər də bu fonda siyasət aparır.
- Artıq Suriyada ABŞ və Rusiyanın açıq qarşıdurması baş verir. Ruslar İdlibi götürmək, oradakı 50 mindən çox silahlı müxalifəti məhv etmək istəyir. Sizcə, ruslar İdlibi götürdükdən sonra hansı ssenarilər ortaya çıxacaq?
- Mən ABŞ və Rusiya arasında qarşıdurmanın açıq müstəviyə çıxacağını zənn etmirəm. Tərəflər belə bir qarşıdurmada maraqlı deyil. Baxmayaraq ki, Tramp riskli qərarlar alır, bir çox məsələlərimürəkkəbləşdirir, amma o, ruslarla münasibətlərdə məsələni bu həddə gətirib çıxarmaqda çətin ki maraqlı olsun.
Onu da deyim ki, Suriya məsələsinin təsiri özünü bizim region, Avropa, eləcə də Ukrayna məsələsində də göstərəcək.
- İndi Suriyada rusların tam hakim mövqedə olduğunu demək mümkündürmü?
- Mən belə deməzdim. Ruslar Suriyada hakim olmaq üçün gərək digər oyunçuların siyasətini qabaqlayan siyasətə malik olsunlar. Mən düşünmürəm ki, ruslar ABŞ-ın və ya digər regional qüvvənin bura müdaxiləsinin qarşısını alacaq strategiyaya malikdir. Bəllidir ki, ruslar Suriyada Bəşər Əsədin arxasında durmaqla bir növ regionda maraqlarını yaxşı müdafiə etməyi bacarıb. Ancaq ABŞ-ın bu məsələyə dair nə dərəcədə qətiyyətli addım atacağı sualı açıq qalır. Unutmayaq ki, ABŞ Rusiya ilə münasibətdə şimal qonşumuzun iqtisadi maraqlarına ağır zərbələr vuracaq sanksiyalar tətbiq edir. Hətta Rusiyanın nüfuzlu iş adamları, dövlət nümayəndələrinə belə sanksiyalar tətbiq olunur. Zənnimcə, ruslar Suriya siyasətini aktivləşdirməklə bir növ ABŞ-ın bu addımlarına cavab verirlər.
- Tehranda İran, Rusiya və Türkiyə liderlərinin müzakirələri və İdliblə bağlı qərarını necə şərh etmək olar?
- Suriyada vətəndaş müharibəsi o zaman başa çata bilər ki, sülh prosesinə start verilsin, bu prosesdə səhnədə qalan tərəflər iştirak etsin. Bu baş versə, biz Suriyada sülh prosesinin başlandığını deyə bilərik. Əgər, bu baş vermirsə, deməli, Suriyada hərbi əməliyyatların dayandırılması, vətəndaş müharibəsinin həlli haqqında danışmaq doğru deyil.
- Türkiyənin Suriya prosesindəi mövqeyini necə qiymətləndirmək olar?
- Fikrimcə, çox şey Türkiyənin mövqeyindən asılıdır. Türkiyə birmənalı olaraq rusların Suriyadakı planına dəstək ola bilməz. İkitərəfli kompromis olsa, Türkiyənin Suriyadakı maraqları nəzərə alınsa, düşünmürəm ki, Ankara tamamilə ABŞ-ın regiondakı siyasətinə qarşı olacaq. Müşahidəm əsasında deyə bilərəm ki, əslində çox şey Türkiyədən asılıdır. Əgər İdlibdə hərbi gərginlik artsa, qaçqınlar Türkiyəyə axacaq və başqa ölkələrin Türkiyədən asılılığı artacaq. O mənada ki bu proseslərə nəzarət edən, qaçqınları nizamlı formada idarə edən Türkiyə olacaq. Nəzərə alaq ki, bu mürəkkəb oyunda Türkiyədən çox şey asılıdır.
- Avropanın əksər ölkələri, Türkiyənin özü də İdlibdə əməliyyatların keçirilməsinə qarşıdır. Əsəd, Rusiya və Tehran əməliyyatın keçirilməsini vacib sayır. Beynəlxalq təpgilər İdlibə planlaşdırılan geniş hərbi əməliyyatın qarşısını ala bilərmi?
- İstisna etmirəm ki, İdlib əməliyyatı oradakı qüvvələrin tamamilə məhv edilməsi mərhələsinə gəlib çıxsın. Amma o da mümkündür ki, İdlibdəki gərginliyi ortadan qaldırmaq və oradakı silahlı qüvvələrin taleyi ilə bağlı kompromis əldə edilə bilər. Ancaq Tehran görüşündən çox şey asılı ola bilərdi. Əgər Tehran görüşündə İdlibə hərtərəfli hücum etmək haqda vahid qərar qəbul olunsaydı, bu, yeni vəziyyət yarada bilərdi. Bu vəziyyət isə Rusiyaya sərf edərdi.
- Son dövrlər ABŞ-da Donald Trampla bağlı maraqlı proseslər yaşanır. Tramp administrasiyasının yüksək çinli məmuru “Nyu-York Tayms” qəzetində imzasız məqalə yazaraq hökumət daxilində Trampa qarşı ciddi fəaliyyət aparıldığını elan edir, bundan əvvəl məşhur jurnalist Bob Vudvardın “Qorxu: Tramp Ağ Evdə” kitabı satışa hazırlanır. ABŞ-da nə baş verir?
- Bunlar ABŞ-ın indiki siyasətini müəyyən edən məsələlərdir. ABŞ-dakı siyasi proses həqiqətən də Trampın gəlişi ilə sanki yeni mərhələyə daxil olub. Aydın olur ki, ABŞ dövlət siyasəti böhran səviyyəsinə gəlib çıxıb. Orada güclü vətəndaş cəmiyyəti ilə konsalidə edilən siyasi elita arasında gərgin vəziyyət yaranıb. Nəzərə alın ki, ABŞ demokratiyası bəhrəsini onda verdi ki, siyasətə yeni keyfiyyət və xüsusiyyət gətirən Tramp prezident seçildi. Mən deməzdim ki, bununla ABŞ siyasi ənənələrinə uyğun gələn bir şəxs hakimiyyətə gəldi. Əksinə, ənənəvi siyasi elitadan fərqli maraqları siyasətə gətirən şəxs hakimiyyətə gəldi. Bunun üstünlüyü o ola bilərdi ki, böyük siyasətə ciddi vəsait qoyuluşu həyata keçirilsin, bahalı beynəlxalq proqramlara imza atılsın. Ancaq tamam başqa bir siyasət ortaya çıxdı. Biznes yönlü, ölkə maraqlarını daha qətiyyətlə müdafiə edən, ABŞ biznes düşüncəsinə uyğun siyasət hakim mövqeyə gətirildi. Bu siyasət öz nəticəsini versə, ola bilsin ki, yeni reallıq yaradacaq. Görünür, Tramp bu düşüncənin sahibidir. Ancaq qarşı tərəf siyasi prosesi Tramapa qədər olan məcraya qaytarmağa çalışır. Bu halda ya Ağ Evlə müəyyən kompromisə gediləcək və Trampın siyasi elita tərəfindən idarə olunması variantı gündəmə gələcək, ya da onun yenidən prezident seçilməsinə böyük maneələr yaradılacaq.
- İmpiçment təhlükəsi yarana bilərmi?
- Əslində impiçment hədəsi hər zaman Trampın başı üzərində “Demokl qılıncı” kimi durur. İmpiçment ehtimalı yüksəkdir, amma bu, yeganə variant deyil. Bəlkə də ABŞ-da baş verənlər Trampın siyasətinə təsir göstərmək, bu siyasəti yönəltmək məqsədi daşıyır. Bu alınmasa, impiçment mümkün variant kimi ortaya çıxarıla bilər. ABŞ siyasətində belə təcrübə var. Fikrimcə, Bob Vudvordun kitabının ortaya çıxarılması, daha sonra Tramp hökumətinin yüksək çinli rəsmisinin imzasız məqaləsi, Trampın keçmiş sözçüsünün kitab nəşr etməsi bir-birilə əlaqəli məsələlərdir. Bu mənada Suriya elə səhnədir ki, orada başqa ölkə və regionların siyasəti öz əksini tapır. O, cümlədən ABŞ siyasətinin durumu da.