Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya səfərinin uğursuz olacağı proqnozlaşdırılan idi. Paşinyan səfərdən öncə atdığı addımlarla belə bir mövqenin formalaşmasını özü şərtləndirmişdi.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
O qeyd edib ki, N.Paşinyanın qeyri-standart çıxışları və davranışları Rusiyada ciddi suallar doğurur:
“Ermənistan müstəqillik əldə etdikdən sonra Rusiya ilə bu ölkə arasında ilk dəfədir ki, münasibətlər bu cür xarakter alıb. Təbii ki, Paşinyanı hakimiyyətə gətirən qüvvələr bütün vasitələrlə Ermənistanı Rusiyadan uzaqlaşdırmağa, Rusiyanın təsiri altından çıxarmağa çalışırlar. Bu baxımdan Paşinyan müstəqil siyasətçi, dövlət başçısı deyil. Diqtə ilə davranan, kənardan gələn impulslarla idarə olunan dövlət başçısıdır və təbii ki, onun atdığı addımlar Kremldə birmənalı qarşılanmır. Bu baxımdan Paşinyanın səfəri uğursuz bir səfər oldu. O, bu gün çarəsizlikdən müəyyən addımlar atmaq məcburiyyətindədir. Onun atdığı bütün addımlar 2019-cu ildə keçiriləcək növbədənkənar parlament seçkilərinə hesablanıb”.
Politoloq Ermənistan Baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi sərsəm bəyanatların onun hakimiyyətdəki siyasi ömrünü Qarabağ kartı hesabına uzatmaq istəməsinin göstəricisi adlandırıb:
“Paşinyanın Dağlıq Qarabağın Ermənistanın bir hissəsi olacağını deməsi beynəlxalq hüququn norma və prinsiplərinə daban-dabana ziddir. Paşinyan bəlkə özü də dərk etmədən açıq şəkildə Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirmək niyyətini büruzə verir. Onun fikirlərində parodoksallıq da meydana çıxır. O, hakimiyyətə yeni gəldiyi dövrdə Dağlıq Qarabağ üçüncü tərəf kimi iştirak edəcəyi təqdirdə danışıqlar prosesini davam etdirəcəklərini bildirirdi. O, Dağlıq Qarabağı həm müstəqil tərəf kimi təqdim etməyə çalışır, həm də sərsəm bəyanat verərək bidirir ki, Dağlıq Qarabağ Ermənistanın bir parçası olacaq. Özü də etiraf edir ki, Dağlıq Qarabağ müstəqil tərəf deyil. Bir sözlə, Paşinyan münaqişədən istifadə etməklə öz hakimiyyətinin ömrünü uzatmağa çalışır. Onun hakimiyyəti dövründə münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində hər hansı müsbət addımın atılacağını gözləmək əbəsdir”.