12 Sentyabr 2018 23:22
2 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın yeni rəhbərliyi özünü ərköyün apararaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları müxtəlif bəhanələrlə uzadır. Nikol Paşinyan sərsəm bəyanatları ilə danışıqları tam mənasız edir, beynəlxalq hüquq və prinsiplərə məhəl qoymur. Hesab edirəm ki, ATƏT rəhbərliyi bu bəyanatlara münasibət bildirməlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib.
Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu Nikol Paşinyanın Qarabağla bağlı son bəyanatlarına görə Ermənistana qarşı təzyiq formalarından istifadə etməlidir: “Hər dəfə ATƏT nümayəndələri regiona gələndə balanslaşdırma mövqeyi sərgiləyir və hər iki tərəfi sülhə çağırırlar. Bu, ədalətsiz və başa düşülməyən mövqeyidir”

Akif Nağının fikrincə, Paşinyan bəyanatları ilə açıq şəkildə işğalçı qüvvələrin Azərbaycanın ərazilərindən çıxmaq fikri olmadığını göstərir: “Almaniya Kansleri Angela Merkelin İrəvana səfərinin səhəri Paşinyan Qarabağa getdi. Gözləyirdik ki, Avropanın aparıcı dövlətlərindən birinin rəhbəri kimi o, Ermənistanı münasibətlərdə ən azı yumşaq mövqeyə çağaracaq. Merkel hələ regionda ikən Paşinyan aşkaranə şəkildə qanunsuz olaraq Qarabağa səfər elədi. Daha sonra Moskvada Putinlə bir araya gələndən sonra iş adamları ilə görüşdə ağlasığmaz bəyanatlar səsləndirdi ki, guya Qarabağ tarixən Ermənistan torpağı olub, ərazilər Ermənistana birləşdirilməlidir. Təəssüf ki, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Ermənistanı cilovlamaq və haqsız mövqelərindən geri çəkilmək üçün heç nə etmək istəmirlər. Ona görə də biz nəticə çıxarıb digər yollara əl atmalıyıq”.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər