15 Sentyabr 2018 09:12
3 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com hərbi ekspert, 3-cü Ordu Korpusunun sabiq komandanı, ehtiyatda olan polkovnik Şair Ramaldanovla müsahibəni təqdim edir.

- Ermənistan parlamenti bu ölkədə keçirilən “İldırım-2018” komanda qərargah təlimləri çərçivəsində Azərbaycana “müharibə elan edilməsi” haqqında qərar çıxarıb. Bu avantürist qərarı necə qiymətləndirirsiniz?

- Burada qeyri-adi heç nə yoxdur. Qarabağla bağlı danışıqlar hazırda perspektivsiz sayılır. Ermənistan qeyri-konstruktv mövqe tutaraq Azərbaycandan güzəşt istəyir və güzəşt alacağı təqdirdə danışıqları davam etdirəcəyini düşünür. Bu fonrda Ermənistanın birinci şəxsləri övladlarını işğal edilən ərazilərdəki Ermənistan ordusunun tərkibində hərbi xidmətə göndərir. Dağlıq Qarabağ və onun ətrafında işğal edilən ərazilərin hərbi deyil, sülh yolu ilə geri alınacağına, əsas meylin belə olacağına ümid edirdik. Ancaq hələlik bu, baş vermir. Biz indiyə qədər danışıqlar prosesində belə soyuq və perspektivsiz situasiyanın şahidi olmamışıq. Bu amil sözsüz ki, Ermənistan rəhbərliyinin tutduğu indiki qeyri-konstruktuv mövqedən qaynaqlanır.

- Ermənistan indiyə qədər şərti olsa belə, Azərbaycana qarşı müharibə elan etməyə cəhd göstərməyib. Bu mənada təlimlər çərçivəsində Ermənistan parlamentinin qəbul etdiyi məlum qərar maraq və təəccüb doğurur…

- Söhbət ondan gedir ki, Azərbaycan Prezidenti İlham Əliyev açıq bəyan edib ki, bundan sonra baş verənlərə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək. Yəni Ermənistana mesajımızı vermişik.

İkincisi, Ermənistanın hətta keçirdiyi təlimlər çərçivəsində Azərbaycana qarşı müharibə elan etməsi qeyri-cddidir. Biz onsuz da müharibə şəraitindəyik. Müharibə davam edə-edə müharibə elan etmirlər. Biz sülh şəraitində deyilik, əslində müharibə davam edir, sadəcə olaraq aktiv faza yoxdur, atəşkəs rejiminə hansısa şəkildə riayət olunur. Ermənistanın təlimlər fonunda belə qərar çıxarması heç nəyi dəyişmir.

Üçüncüsü, Nikol Paşinyan hakimiyyətə küçə hərakatı ilə gəlib. Onlar bu təlimlər çərçivəsində dövlət strukturları, nazirliklər arasında əlaqələrin uzlaşmasını yoxlamaq, əgər müharibə başlayarsa, bu strukturların planlar əsasında işləməsi kimi məqamları yoxlayır, nöqsanları müəyyən etmək istəyirlər. Mən tam məsuliyyətlə deyirəm ki, burada qeyri-adi heç nə yoxdur.

Bizim dövlətimizdə də, fövqəladə hallar və müharibə şəraitində dövlət qurumlarının xüsusi şəraitdə fəaliyyət göstərməsinə dair planlar və tədbirlər var.

Nəhayət bildirim ki, Ermənistan tərəfinin keçirdiyi təlim, parlamentin məlum qərarı ilə bu təlimlərin bir qədər də şişirdilməsi ilk olaraq Ermənistanın daxili auditoriyasına hesablanıb. Çünki Ermənistanın öz təhlükəsizliyini təmin etmək üçün orada Rusiyanın hərbi bazasını saxlayır. Hər hansısa ikinci dövlətdən təhlükə yaranarsa, yalnız Ermənistanın sərhədlərinin qoruması haqda müqavilə var. İndiki halda onlar təlimləri “müharbə” elan edilməsi kimi qələmə verirlər. Prinsipcə, bu təlimdir, təlimə mülki və hərbi strukturlar cəlb edilə, onlar arasında əlaqələrin uzlaşdırılması, birgə fəaliyyətin aparılması ilə bağlı işlər aparıla bilər. Bunu qeyri-adi hadisə kimi qarşılamağa dəyməz.

- Paşinyanın son bəyanatları, bir siyasətçi kimi fəaliyyətini necə qiymətləndirirsiniz?

- Paşinyan hakimiyyətə gəldikdən sonra ziddiyyətli fikirlər səsləndirib. Ancaq aydındır ki, Azərbaycanın özünün planları var, bu planlar əsasında hərbi təlimlər, tədbirlər həyata keçirilib, bundan sonrada keçiriləcək. Paşinyanın hansı təlimlər keçirməsindən asılı olmayaraq, Azərbaycan prosesi izləyir və hansı şəraitin yaranmasından asılı olmayaraq, bu şəraitdə söz sahibidir.

- Ermənistan baş nazirinin Moskva səfərinin bu ölkə üçün nəticələri nədən ibarət ola bilər?

- Paşinyan Moskvaya Rusiyanın onun rəhbərlik etdiyi hökuməti etibarlı tərəfdaş kimi qəbul etmədiyi şəraitdə səfər etmişdi. Çünki Paşinyan hakimiyyətə gəldiyi birinci gündən özünü qərbyönlü, Amerikapərəst kimi aparır, bu istiqamətdə çıxışlar edir, NATO ölkələrindən silah almaqla bağlı fikirlər səsləndirirdi. Bununla faktiki olaraq Ermənistana problemlər yaratmağa başladı. Rusiya Xarici İşlər naziri Lavrov və digər şəxslər Ermənistanla bağlı bəyanatlar verdi.

Bilirsinizmi, biz SSRi dövründə beynəlxalq münasibətlər haqqında öyrənəndə bir məqamı daima xatırlayıram. Həmin dövrdə kapitalist və sosialist sistemi vardı. Ancaq üçüncü tip döbvlətlər də olurdu. Bu dövlətlər həm kapitalist, həm də sosialist sistemindən yararlanırdı. Sosialist sisteminə diqqət azalan kimi dərhal üzlərini kapitalist sisteminə çevirirdi. Sonradan sosialist sistemi onlara diqqət edəndə, hansısa yardımlar göstərəndə dərhal sosialist sisteminə meyil edirdilər. İndi mənə elə gəlir ki, Paşinyan da belə mövqe tutur. Qərbə olan münasibəti ilə Rusiyanı qıcıqlandırır və bununla Rusiyadan dvidentlər almağa çalışır. Təbii ki, Ermənistan Cənubi Qafqazda Rusiyanın forpostu olaraq qalmaqda davam edir. Rusiya istər-istəməz hansısa məsələlərdə Ermənistanın vəziyyətini nəzərə almalı olur. Paşinyanın müdafiə naziri Rusiyadan kredit yolu ilə 100 milyon dollarlıq silah alışı ilə bağlı mövqe bildirdi. Fikrimcə, bu həm də Rusiyanın siyasətidir. Bir tərəfdən Ermənistana silah verir, digər tərəfdən bilirlər ki, Azərbaycan üstünlüyü saxlamaq üçün silah alacaq.

Konkret olaraq Paşinyanın Moskva səfərinin uğursuz olması, ona olan münasibət, onun qapı arxasında saxlanılması, habelə mətbuatda yayılan digər məlumatlar ortadadır. Rusiya Paşinyana öz yerini göstərib və bildirib ki, rus dövləti ilə başqa cür davranmaq olmaz.

Düşünürəm ki, Paşinyan Moskvadan qayıtdıqdan sonra sərt bəyanatlar səsləndirməyib. Hər halda Moskvada danışıqlar yüksək səviyyədə keçsə və Paşinyanı danışıqlar qane etsəydi, Ermənistanda ab-hava başqa cür olardı. Paşinyan Moskva səfəri zamanı qarşısına qoyduğu məqsədlərə nail ola bilməyib.

- Azərbaycan və Ermənistan ordusu arasında müqayisə aparsaq, hansı nəticəyə gəlmək olar?

- Bilirsinizmi, bu ancaq mənim fikrim deyil. Beynəlxalq təşkilatlar, statistik qurumlar hər il dövlətlərin hərbi potensialını qiymətləndirirək hesabatlar yayır.

2017-ci ildə Azərbaycan ordusu qüdrətinə görə, 130 dövlət arasında 53-cü yerə layiq görülüb. Ermənistana isə 86-cı yer ayrılıb. Bu siyahı 50 amil üzrə aparılan araşdırmaların nəticəsində tərtib edilir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin gücünü belə siyahılar göstərir. Burada ancaq silah-sursatın təminatı deyil, həm də mütəxəssislərin hazırlığı və digər amillər nəzərə alınır. Azərbaycan mütəxəssisləri bütün aparıcı beynəlxalq yarışlarda yer tutur. Məsələn, iki ay əvvəl xüsusi təyinatlı mütəxəssislərimiz Türkiyədə keçirilən beynəlxalq yarışlarda birinci yeri qazanıb. Belə misalları çox göstərmək olar. Bütün bunlar Azərbaycan hərbçilərinin peşəkarlığı haqqında təəssürat yarada bilər. Azərbaycan istər hərbi hava qüvvələri, istər zirehli texnika, istər artilleriya və raket qurğuları, habelə digər qoşun növlərinə aid olan silah-sursat baxımından Ermənistanı 3-4, bəzi məqamlarda isə 5-6 dəfə üstələyir. Bunun belə olduğu mənim fikrim deyil, beynəlxalq qurumların hesabatında qeyd edilib. Təbii ki, Azərbaycan güclü olmalıdır. Hərbdə belə yanaşma var ki, hücum edən tərəf müdafiə olunan tərəfdən minimum üç dəfə güclü olmalıdır ki, uğurlu hücum əməliyyatı aparmaq imkanı olsun. Biz bunu nəzərə alırıq. Azərbaycan indiyə qədər və bundan sonrada bu üstünlüyü saxlayır. Məni bu rəqəmlərə onu əlavə edə bilərəm ki, bizim silah-sursat keyfiyyəti, müasirliyi və dağıdıcı gücü ilə də seçilir. Biz silahları ən inkişaf edən hərbi sənaye komplekslərindən alırıq. Azərbaycanın 15-20 ölkədən, hansı ki, onlar güclü hərbi sənaye kompleksinə malikdirlər silah almaq imkanı var. Bu mənada Azərbaycan ordusunun Ermənistan ordusundan üstün olması faktdır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyev bizim ordumuza yüksək qiymət verərək Ermənistanın işğalçı qüvvələrini darmadağın etmək gücündə olduğumuzu dəfələrlə bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər