15 Sentyabr 2018 19:20
3 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və İsrail xalqları arasındakı münasibətlər tarixən isti olub. Bir çox dövlətlərdə bu gün də mövcud olan anti-semitizm Azərbaycanda heç vaxt müşahidə edilməyib.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Onun sözlərinə görə, Azərbaycanda yəhudilərlə yanaşı, digər millətlərin nümayəndələrinə qarşı da hörmətlə yanaşılıb:

“Bu baxımdan, bu gün İsrail və Azərbaycan arasında inkişaf etmiş siyasi, iqtisadi və geosiyasi etimada əsaslanan əməkdaşlıq və tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Cənubi Qafqaz regionun lider dövləti kimi özünü tam təsdiq etməsi, bir çox beynəlxalq miqyaslı iqtisadi və siyasi layihələrə imza atması, İsrailin Azərbaycana marağını artıran faktorlardan biridir.

İsrailin Baş naziri Benyamin Netanyahudan sonra bu ölkənin ən vacib siyasi fiqurlarından biri və Azərbaycanın dostu kimi tanınan Müdafiə naziri Aviqdor Libermanın dövlətimizə səfəri də bunun bariz nümunəsidir.

Onu da qeyd etmək lazımdir ki, Aviqdor Liberman Azərbaycan-İsrail münasibətlərinin və strateji tərəfdaşlığının memarlarından biridir. Yəni, Cənubi Qafqaz regionda Azərbaycanın strateji əhəmiyyətini və geosiyasi vacibliyini ilk dəfə İsrailə bildirən məhz Liberman olub”.

Ramiyə Məmmədova qeyd edib ki, Aviqdor Liberman öz ölkəsinin ciddi siyasi xadimi və söz sahiblərindən biridir:

“Onun müdafiə naziri kimi bu regionda ilk səfərini Azərbaycana etməsi, Prezident İlham Əliyev və Müdafiə Naziri Zakir Qaralovla görüşləri bizim ölkənin İsrail ücün nə dərəcədə siyasi və iqtisadi baxımdan vacib olduğunu göstərir. Bu gün Azərbaycan-İsrail münasibətləri strateji tərəfdaşlıq xarakter daşıyır”.

Politoloq bildirib ki, İsrail Dağlıq Qarabağ münaqişəsinin həll prosesində Azərbaycanın mövqeyini dəstəkləyir: “Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki təchizatında İsrail silahlarının böyük rolu var. 2016-cı ilin aprel döyüşlərində də bunu gördük. Hesab edirəm ki, Libermanın Bakıda Azərbaycanı İsrailin strateji partnyoru adlandırması, İsrailin yanında olan müttəfiqlərinin Azərbaycanın da yanında olması deməkdir. Dünya hegemonları - ABŞ və Rusiya da bu sıradadır.

Bu yaxınlaşma Ermənistan və İranın xoşuna gəlməsə də, hesab edirəm ki, Azərbaycanın yürütdüyü dostluq və tərəfdaşlıq siyasəti Qarabağ münaqişəsinin dinc yolla həllinə gətirib çıxaracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu