19 Sentyabr 2018 20:26
3 859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com İranın Azərbaycandakı sabiq səfiri, hazırda İran mediasında xarici siyasət məsələləri üzrə analitik məqalələrlə çıxış edən Əfşar Süleymani ilə müsahibəni təqdim edir:

- Türkiyə və Rusiya prezidentləri Soçi görüşü zamanı İdlib məsələsində razılığa gəldilər. İran bu razılaşmanı necə qiymətləndirir?
- İranın özündə Rusiya-İran əlaqələrinə dair fikirlər ikiyə bölünür. Bir qrup hesab edir ki, Tehran-Moskva əlaqələri yaxşıdır, Rusiyaya inanmaq lazımdır. Digər qrup isə hesab edir ki, Rusiyaya inanmaq olmaz, tarix boyu, o cümlədən SSRİ vaxtı və ondan sonra ruslar İranla yaxınlaşsa da, pərdə arxası başqa ölkələrlə alver edib. Mən də o fikirdəyəm ki, Rusiyaya inanmaq olmaz. Ruslar dəfələrlə İrandan istifadə edərək bəzi işlər görüblər. Əlbəttə, Rusiya öz milli maraqlarını qorumağı önə çəkir, hər bir dövlət də bunu edir. Mən düşünürəm ki, şəffaf olmaq, dost olanda dost kimi davranmaq, yolun sonu gələndə isə bunu da demək lazımdır. Türkiyə və Rusiyanın İdliblə bağlı razılaşmasına İran XİN mövqeyini açıqlayıb. XİN bu razılaşmaya qarşı çıxmayıb, qeyd edilib ki, İdlibdə sakitliyin, insan ölümünün baş verməməsi, terrorçuların ayağının kəsilməsi hər kəsin marağı daxilindədir.

Mən bu razılaşmadam əvvəl qeyd etmişdim ki, İdlibə geniş miqyaslı hücum olmayacaq. Orada vəziyyət ağırdır, 3,5 milyon mülki insan var və terrorçular da özlərini müdafiə etmək üçün bu insanlardan istifadə edirlər.

Aydındır ki, Türkiyənin İdliblə 130 kilometr sərhədi var, Ankara narahatdır, orada silahlı terrorçular mövcuddur, Türkiyə Əsədə müxalif silahlı qüvvələri dəstəkləyir. Həmçinin YPG narahatlığı var. Türkiyənin bəzən ABŞ-la razılığı və ya narazılığı olur. Hesab edirdim ki, İdlibə geniş hücum olmayacaq və olmadı da. Sonra Ərdoğan Soçidə Putinlə görüşdü və İdlib məsələsində razılığa gəldi. Ancaq bu razılıq Tehran görüşü zamanı da əldə oluna bilərdi. Bu razılığın Tehranda deyil, Soçidə əldə edilməsi Rusiya tərəfinin məsələyə ikili standartla yanaşdığını göstərir.

Tehran görüşü zamanı Ərdoğan təklif etdi ki, İdlibdə atəşkəs elan olunsun. Putin də buna cavab olaraq dedi ki, terroristlərin burada nümayəndəsi yoxdur ki, biz atəşkəs olması üçün razılıq verək. Ancaq Tehran görüşündən bir həftə sonra Putin-Ərdoğan razılaşması əldə edildi. Halbuki Putin Tehranda bunu edə və üçtərəfli formatda razılığa nail olmaq olardı. Görünür ki, Türkiyə və Rusiya öncədən planlaşdırıblar k, Tehranda razılıq olmasın və sonradan Soçidə ikitərəfli görüşdə razılıq əldə etsinlər. İstəməyiblər ki, bu razılaşma Tehranda baş versin. Bu mənada məncə, razılaşma öncədən planlaşdırılıb. Belə planlama ilə həm də ABŞ-ın da könlünü almaq istəyiblər. Bəlkə də bununla Səudiyyə Ərəbistanı və İsrailin də könlünü alırlar.

Hazırda ABŞ, İsrail və Səudiyyə İranın əleyhinədir. Unutmayaq ki, ABŞ-ın həm Rusiya, həm də Türkiyə ilə təmasları var. ABŞ-ın yalnız İranla təması yoxdur. Rusiya da hər zaman belə fürsətdən istifadə edir. Əksər ölkələr İranla ABŞ arasında təmasın olmamasından istifadə edərək öz maraqlarını önə çəkirlər. Cənab Putin də dəfələrlə bu işi görüb. Hesab edirəm ki, bunun əsası Helsinkidə baş tutan Putin-Tramp görüşü zamanı qoyulub.

- Fikirlərinizi bir qədər inkişaf etdirə və arqumentlərinizi izah edə bilərsinizmi?
- Helsinkidə Putin-Tramp görüşündə İranın Suriyada rolu və gələcəyin necə olacağı planını müzakirə ediblər. Məhz Kopenhagen görüşündən sonra Suriyada müəyyən hadisələr baş verir. Bu görüşdən sonra Colan təpələrinə yaxın ərazilərdən İranın 80 kilometr uzaqlaşması məsələsi meydana çıxdı.

- Ümumiyyətlə İranın Suriyada hərbi iştirakı hansı səviyyədədir?
- İran Suriyada hərbi müşavirlik səviyyəsində iştirak edir. Bildiyim qədər SEPAH-dan mütəxəssislər Suriyaya gediblər. Mümkündür ki, orada İranla məsləhətləşəməyə üstünlük verən hərbi qüvvələr də var. Nəzərə alınmalıdır ki, Bəşər Əsəd hökuməti bütün bunları bilir. Çünki iranlı hərbçiləri özü Suriyaya dəvət edib. Bu fəaliyyət də Bəşər Əsədin ordusu ilə koordinasiya olunur.

- Siz deyirsiniz ki, ancaq İranın hərbi mütəxəssisləri müşavir səviyyəsində Suriyada təmsil olunur. Ancaq İranda kəndləri keçəndə yol boyu Suriyada öldürülən iranlı əsgərlərin fotolarına rast gəlmək olur...
- Az sayda hərbçi gedib. Sayları çox deyil. Rəsmi şəkildə gedən hərbçilər orada məsləhətlər və tövsiyələr verir. Bunlar da Əsəd dövlətinin tələbi ilə olur. Nəzərə alın ki, Suriyada ABŞ və Türkiyənin hərbi qüvvələri var. Ancaq onları Suriyaya yerli hökumət dəvət etməyib.

Onlar özləri Suriyaya müdaxilə edib. İran və Rusiyanı isə Bəşər Əsəd hökuməti ölkəyə dəvət edib. Hər ölkə imkanına görə orada olur, maddi və ya mənəvi dəstəyini ifadə edir. Əlbəttə, Rusiyanın Suriyada hərbi imkanları daha çoxdur. Ruslar Suriyaya hərbi qüvvələrini yerləşdirib, çoxsaylı hərbi təyyarələri, müasir raket kompleksləri var. Hava zərbələrini əsasən, Rusiya həyata keçirir. İran quru əməliyyatlarına dəstək verir. Siz dediyiniz məsələyə gəldikdə bildirim ki, bununla bağlı statistika fərqlidir və dəqiq rəqəm yoxdur. Bəziləri 500, bəziləri 1000 nəfər iranlının Suriyada şəhid olduğunu deyir.

- İsrail nədən Suriyada SEPAH-ın nöqtələrini, İrana bağlı qüvvələri və iranlıların qurduğu iddia edilən hərbi obyektləri məhv etməyə çalışır?
- Bunun tarixi səbəbləri var. İsrail Fələstin torpaqlarını işğal edib, fələstinliləri başqa ərazilərə köçürüb. Qəzzada qalanlar, İordaniyanın şərqində olanlar təzyiq altındadır. İsrailin daxilində yaşayan fələstinlilər də təzyiq altında qalıb. İsrail parlamenti qərar çıxardı ki, İsrail yəhudi dövlətidir.

Bu analoqu olmayan qanun layihəsidir. İsrail əraziləri işğal edərək rejim qurub. ABŞ və əksər dövlətlər İsraili dəstəkləyib. İngiltərə bu prosesə başlayıb sonra bu işi ABŞ davam etdirib. Tramp gəldikdən sonra İsrailə açıq dəstək verib, fələstinlilərin hüququnu kobud şəkildə tapdalamağa başlayıb. Səfirliyi Qüdsə köçürüb, Fələstinin ABŞ-dakı səfirini qovub. Bunlar göstərir ki, beynəlxalq hüquq normaları ayaq altına atılıb. İslam dünyası da bir iş görmür, çünki daxilən ciddi fikir ayrılıqları var. Ancaq İsrail və Tramp müsəlmanların bu regionda bir-birinə yardım etməsindən narahatdır.

“Hizbullah” və Suriya daim Livana dəstək olub ki, İsrailin qarşısında dura bilsin. Çünki İsrail Livana da hücumlar edib. Digər tərəfdən, Qolan təpələri Suriya torpağıdır, amma beynəlxalq razılığa əsasən, orada BMT sülhməramlılarınIN olması qərara alınıb ki, Suriya və İsrail arasında hadisə baş verməsin. Buna baxmayaraq, İsrail Qolanı da özünə birləşdirmək istəyir. İsrail rejimi bilir ki, Livan və Suriya istiqamətində fələstinlilərə kömək ola bilər. İranın da mövqeyi İsrailə bəllidir. Odur ki, öz təhlükəsizliyi üçün çalışır ki, Suriyada İrana zərbələr endirsin.

- İran niyə İsrailin bu zərbələrinə adekvat cavab verə bilmir?
- İranin Suriyada siz düşündüyünüz səviyyədə hərbi qüvvələri yoxdur ki, İsrailə cavab versin. Əvvəlcədən bəlli idi ki, belə şərait yarana bilər. Əslində mən çox əvvəllər İran mediasında qeyd etmişəm ki, belə şəraitin yaranmaması üçün İran Suriya probleminin həlli üçün bütün ölkələrlə ünsiyyət saxlamalı, müzakirələr aparmalıdır. Astana formatı yarananda mən bunun nəticə verəcəyini görmürdüm.

- Niyə?
- İran, Türkiyə və Rusiya taktiki olaraq bir-birinə yaxınlaşıb. Strateji baxımdan bu ölkələr bir-birlə birləşə bilməz, çünki onlar arasında fikir ayrılıqları var. Bu ölkələrin xarici siyasətlərinin məqsədləri, istəkləri və strategiyası fərqlidir. Bəzi situasiyalar İran-Rusiya yaxınlaşmasını qaçılmaz etdi, daha sonra Rusiya ABŞ-la dialoqa gedərək avantaj əldə etmək istədi. Türkiyə də ABŞ-la fikir ayrılıqları yaşadığı üçün Astana formatına meyl etdi. Ancaq bu o demək deyil ki, bu üç dövlət sona qədər eyni yolla davam edəcək.

- Dünən Bəşər Əsədin hava qüvvələri İsrail qırıcılarının manevri zamanı Rusiyaya məxsus İl-20 təyyarəsini düşmən təyyarəsi zənn edərək məhv edib. Sizcə, Rusiyanın bu hadisəyə münasibəti necə olacaq?
- İndi deyirlər, səhvən olub. Ruslar da bu məsələyə ciddi yanaşmadı. Ümumiyyətlə, deyim ki, İsrail və ABŞ Suriyaya zərbələr endirəndə Rusiya susur. Əslində İsrail ilə Rusiya və Rusiya ilə Amerika məsləhət edir, bir-birinə nə edəcəklərini öncədən bildirir. Yalnız İranın nə olacağından xəbəri olmur.

- Deyirsiniz ki, Suriyada SEPAH-ın nöqtələrinə İsrailin zərbə vuracağını Rusiya öncədən bilsə də, İrana məlumat vermir?
- Bəli. Rusiya Suriyada nə İsrailin, nə ABŞ-ın, nə də Avropanın qarşısında durmur. Başqa bir tərəfdən, orada hərbi hücumları ABŞ və ya İsrail həyata keçirəndə Rusiyaya xəbər verirlər. 2-3 gün əvvəl açıq etiraf etdilər ki, onların hərbi əməliyyatlarda təmas xətti var və amerikalılardan razıdırlar. Yəni hər şeyi bilirlər, amma İrana demirlər. Başqa sözlə, ruslar İranla məsləhətləşmələr aparır, sonra da gedib onlarla alverlərini edirlər. Məşhur məsəl var: Həzrəti Abbasın andına inanım, yoxsa ortaya çıxan xoruzun quyruğuna? İndi xoruzun quyruğu ortaya çıxıb. Əgər ruslar səmimi idilərsə, elə Tehranda İdlib məsələsində üçtərəfli format çərçivəsində razılılıq əldə edilərdi. Niyə gedib Soçidə bunu ikilikdə həyata keçirirlər?

- İran-Rusiya münasibətlərində problemlər yarana bilərmi?
- Rusiya və İranın Suriya mövzusunda əməkdaşlığı davam edəcək. Bizim indi dediyimiz, amma qəbul edilməyən bir çox məsələlər də sonradan aydınlaşacaq. Bu da İran-Rusiya münasibətlərinə mənfi təsir göstərəcək. Ruslar İran-İraq müharibəsi zamanı İraqın tərəfindən olub, İranda nüvə elektrik stansiyasının tikintisini 15 il uzadıblar və mükəmməl təhvil verməyiblər, Xəzərin hüququ statusu məsələsində İranla eyni mövqedə olmayıb, Cənubi Qafqaz və Orta Asiyada fərqli yanaşmalar olub. Eləcə də S-300 kompleksi ilə bağlı razılaşmanı 7 il uzatdıqdan sonra nəhayət, icra ediblər.

Rusların İranla əməkdaşlığı zamanı qüsurları olub və çox zaman da verdiyi vədlərə əməl etməyib. Biz dəfələrlə bunun şahidi olmuşuq. Suriya məsələsi açıq göstərir ki, Rusiyanın ABŞ-la ixtilafı olsa da, onlarla daha yaxındır. Sadəcə ABŞ-da Trampı daxildən problemə saldılar. Tramp ABŞ-ın ənənəvi müttəfiqlərinə deyil, daha çox Putinə yaxınlaşmaq istəyirdi. Trampa imkan versəydilər, Rusiya ilə daha da yaxınlaşardı. Ancaq Konqres və digər siyasi təsisatlar buna imkan vermədi. Çünki ABŞ təhlükəsizlik konsepsiyasında Rusiya Çin kimi düşmən hesab olunur. Tramp Rusiyaya yaxınlaşmaq siyasətini həyata keçirə bilmədi. Putin də çalışır ki, Trampdan istifadə edərək siyasi alış-verişini həyata keçirsin. Ona görə deyirəm ki, gələcəkdə bu məsələlər daha aydınlaşacaq. Ruslar da bu işini davam etdirəcək.

Amma sonradan İranla problem yaşaya bilərlər. Mənim İranın xarici siyasətini həyata keçirən qurumlara məsləhətim belə olub ki, gəlin, Suriya və digər məsələləri ancaq Rusiya ilə müzakirə etməyək. Məsələləri ABŞ, Rusiya, Avropa ölkələri, Türkiyə ilə müzakirə edək. Regionda və Suriyada barmağı, marağı olan qüvvələrlə müzakirə aparın. Bu halda İranın maraqlarını qorumaq olar. Sadəcə Rusiya ilə müzakirə aparmaqla biz maraqlarımızı itirə bilərik. Rusiya da İrandan alət kimi istifadə edə bilər. Fikrimcə, İran xarici siyasəti bu barədə düşünməlidir.


Müəllif: Cavad

Oxşar xəbərlər