Teleqraf.com “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun son günlər baş verən mühüm hadisələr, o cümlədən gündəmdə olan siyasi proseslərlə bağlı Publika.az-a müsahibəsini təqdim edir.
- Rauf bəy, öncə Azərbaycanın dəyərli oğlu Novruz Həsənlinin vəfatından dolayı sizə bir daha başsağlımızı çatdırırıq. Novruz bəy Azərbaycan üçün böyük fədakarlıqlar etmiş insan idi. Onun itkisini necə qiymətləndirirsiniz?
- Novruz bəyin vəfatı Azərbaycanın, həm də türk dünyasının böyük itkisidir. Dəyərli dostumuz idi, Allah rəhmət etsin. O, Qarabağ savaşının gerçək qəhrəmanlarından biridir. Özünü reklam etməyi sevmədiyi üçün ola bilər ki, informasiya məkanında onun haqqında məlumat azdır. Lakin deyə bilərəm ki, həm dövlət səviyyəsində, həm də bu savaşın yaxın iştirakçıları səviyyəsində onun etdiyi fədakarlıqlar haqqında kifayət qədər məlumat var. Novruz bəy türk dünyası ilə Azərbaycanı sıx bağlayan sima idi. Bu bağlantılar Azərbaycan üçün, onun gələcəyi üçün, Türkiyə və Azərbaycan münasibətlərinin sağlam məcrada vahid nöqtəyə gəlməsi üçün bizə həmişə lazım olacaq.
- Novruz Həsənli haqq dünyasına qovuşdu, lakin bu gün Azərbaycan-Türkiyə münasibətləri, qardaşlığı fonunda deyə bilərikmi ki, onun uğrunda mübarizə apardığı amal gerçəkləşib?
- Türkiyə və Azərbaycan dövlətinin maraqları 99 faiz üst-üstə düşür. İki ölkənin demək olar ki, üst-üstə düşməyən maraqları yoxdur. Bu baxımdan, bizlər olmasaq da, Novruz bəyin fəaliyyəti olmasa da, Azərbaycan-Türkiyə münasibətləri başqa biriləri tərəfindən inkişaf etdiriləcəkdi. Çünki biz eyni millətik, eyni kökə, eyni dinə və eyni maraqlara sahib olan toplumlarıq. Bir millət iki dövlətik. O baxımdan belə də olacaqdı. Lakin nə xoş bizə ki, nə xoş Novruz bəyin halına ki, bu böyük missiyada Allah ona da böyük şans verdi. Bildiyiniz kimi, türk dünyasında hər kəs Novruz bəyə “Əmmi” deyə müraciət edirdi.
Azərbaycan respublikasının rəhbərləri və Türkiyə Cümhuriyyətinin rəhbərləri hər zaman bir-birinə qarşılıqlı olaraq sevgi və sayğı bəsləyiblər, eyni zamanda bir-birini dəstəkləyiblər. Azərbaycan və Türkiyə arasında nə xarici, nə hərbi, nə maliyyə, nə də digər sahələrdə toqquşan nöqtələr yoxdur. Biz maraqları 99 faiz üst-üstə düşən dövlətik. Buna görə də Türkiyə və Azərbaycan bir millət iki dövlət olub.
- Türkiyə və Azərbaycanın birgə fəaliyyəti hər zaman Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə böyük ümidlər yaradıb. Son günlər Bakı və Ankaranın bu istiqamətdə aktiv fəaliyyəti müşahidə olunur. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakı səfərində səsləndirdiyi fikirlər də bu kontekstdə xüsusi diqqət çəkdi. Regionda dəyişən siyasi proseslər fonunda hesab etmək olarmı ki, Bakı və Ankaranın bu fəaliyyəti nəhayət ciddi nəticələrini verir?
- Məhz Azərbaycan və Türkiyənin koordinasiyalı siyasətinin nəticəsində bu gün Ermənistan olduqca pis durumdadır. Türkiyə fədakarlıq edərək, uzun illərdir Ermənistanla sərhədləri bağlayıb. Bunu Azərbaycan edə bilərdi, bir də Azərbaycan kimi bir dövlət, yəni Türkiyə edə bilərdi. Qonşu ölkələr Azərbaycana bu fədakarlığı etməzlər. Bakı və Ankaranın uzunmüddətli fəaliyyəti nəticəsini verməli idi. Nəticə də ondan ibarətdir ki, uzun illər monolitliyi ilə öyünən Ermənistan və erməni xalqı paramparça, düşərgələr, partiyalar, klanlar vasitəsilə bölünmüş vəziyyətdədir. Bu, Azərbaycan üçün strateji nəticədir. Belə bir nəticəyə nail olunmasında Türkiyənin böyük dəstəyi olub. Hazırda dəyişən dünyada Azərbaycan yeni şanslar əldə edib. Türkiyə və Rusiya təxminən dörd-beş əsrdən sonra bir-birinə münasibətlərdə ən pik səviyyədə yaxınlaşıblar. Bu yaxınlaşmada Azərbaycan və onun Prezidenti İlham Əliyevin böyük rolu olub.
Azərbaycan, Türkiyə və Rusiyanın böyük strateji hədəflər üçün birgə yürüməsi Ermənistan kimi kiçik faktoru aradan çıxarır. Rusiya Qafqazlara yönəlik siyasətinə və bölgədəki dostlarına yenidən baxmaq şansı əldə edib. Bu baxımdan, böyük fürsətlər yaranıb. Cənab Ərdoğanın və digər dövlət başçılarının, o cümlədən Rusiya prezidenti Vladimir Putinin son vaxtlar verdikləri ismarışlarından və davranışlarından sezilir ki, Azərbaycan müəyyən bir məsafə qət edə bilib. Məsafə yalnız döyüş vasitəsilə qət edilmir, həm də diplomatik münasibətləri, xarici siyasəti düzgün qurmaq nəticəsində əldə olunur. Azərbaycanın qüsursuz, sistematik, dürüst xarici siyasəti var. Bu xarici siyasət öz nəticələrini verməkdədir. Ermənistan artıq şikayət edir, erməni cəmiyyəti gərgindir, işğalçı ölkə xaotik vəziyyət yaşayır. Bu xaotikliyin içindən çıxardıqları Paşinyan və onun davranışları Ermənistandakı xaos vəziyyətini daha da dərinləşdirir. Bu baxımdan, qarşıdakı illərdə Azərbaycan üçün böyük fürsətlər açılacaq.
- Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən iclasda “Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır” deyə bildirdi. Doğrudur, rəsmi Bakı bu mövqeyi dəfələrlə səsləndirib. Lakin dəyişən geosiyasi proseslər və Paşinyanın danışıqlar atmosferini alt-üst edən absurd fikirləri fonunda ekspert dairələri ərazilərin azad edilməsi üçün Bakının alternativ varianta üz tuta biləcəyi haqqında danışırlar.
- Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağ məsələsi ilə sistematik məşğul olan, regionda ən məlumatlı şəxslərdən biridir. Onun hər bir açıqlama mətninin arxasında mütləq və mütləq böyük prosesin ayrıntıları dayanır. Sadəcə olaraq, bunu oxumaq lazımdır. Hər bir ekspert də bu açıqlamadan çıxan nəticələri oxumağa çalışır, o cümlədən biz də. Mənim gəldiyim nəticə odur ki, Prezident İlham Əliyev işğalçı tərəfi başa salmaq istəyir ki, Azərbaycan öz torpaqlarından vaz keçməyəcək. Seçim ermənilərindir: torpaqları ya dinc yolla qaytarırlar, yaxud da acı məğlubiyyət və böyük itki verərək. Seçim istənilən halda Ermənistana aiddir. Çünki Azərbaycanın başqa seçimi yoxdur. Azərbaycan yalnız öz ərazilərinin azad edilməsini istəyir. Prezident İlham Əliyev də hər fürsətdə bunu dilə gətirir, hər vasitə ilə bu istiqamətdə çalışır.
Azərbaycan xalqı bütün müxalifət və media da daxil olmaqla Qarabağ məsələsində monolitdir. İstisna hal yalnız Avropada olan bir neçə xarici kəşfiyyat orqanlarına satılmışlar ola bilər. Lakin cəmiyyət bütövdür, birdir. Seçim artıq Ermənistana qalıb. Qarşısında qüdrətli Azərbaycan dövləti var. Bu dövlətin torpağı işğal olunub və torpaqlarını azad etməyənə qədər dayanmayacaq. Azərbaycan uğurlu xarici siyasətlə müttəfiqlərinin sayını artırır, bədxahlarının sayını isə azaldır, Qarabağ məsələsində hakim ola biləcək qüvvələrlə münasibətlərini sürətlə düzəldir, bunun əksinə, Ermənistanın bu qüvvələrlə münasibətləri pisləşir. Belə bir vəziyyətdə Ermənistanın yanlış seçimi onlar üçün fəlakətlə nəticələnəcək. Bu baxımdan, Prezidentin açıqlaması Azərbaycan ictimaiyyətindən daha çox, Ermənistan ictimaiyyəti və rəhbərliyinə ünvanlanmışdı. Onlar bu seçimi etməlidir. Etməsələr uzun illər düzəlməyəcək fəlakət yaşanacaq. Erməni xalqı bu fəlakətin kandarından nə qədər tez dönsə, onlar üçün bir o qədər sərfəlidir. Ermənilər danışıqlar yolu ilə Qarabağın və digər ərazilərin qaytarılması yolunu seçməlidirlər.