25 Sentyabr 2018 12:22
1 859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Məclisinin 73-cü sessiyasında iştirakdan imtina etmişdi. ABŞ Prezidenti ilə görüşün baş tutmaması onun bu qərarı verməsinə səbəb olan əsas amil idi. Görünür, Amerika Erməni Milli Komitəsi Paşinyana yeni təlimatlar vermək üçün onu Nyu Yorka çağırdı.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, Nikol Paşinyan ABŞ-a ayaq basan kimi heç bir qüvvənin onu devirə bilməyəcəyini qeyd etməsi əsasən Rusiyaya mesajıdır:

“İrəvan şəhər bələdiyyə seçkilərdə qələbəsi onun Rusiyaya və daxildə emissarlarına qarşı əlini gücləndirdi. Çünki Rusiya Ermənistanda Qarabağ klanına “stavka” edərək, bu klanın rəhbəri Robert Köçəryana dəstək verir. Köçəryanın da əsas planı situasiyaya uyğun hər hansı qarışıqlıqdan istifadə edərək Paşinyanı devirməkdir. Proseslərdən xəbərdar olan Nikol Paşinyan okeanın o tayından Kremlə və daxili əks-inqilabçılara mesaj verərək onların qarşısında güclü olduğunu və savaşı davam etdirəcəyini qeyd etdi”.

Siyasi şərhçi bildirib ki, Nikol Paşinyan bu seçkilərdən sonra Robert Köçəryana qarşı siyasi təqibləri davam etdirəcək:

“Baxmayaraq ki, xalq inqilab gözləntilərindən məyus olaraq seçkidə fəallıq göstərmədi. Bundan sonra Paşinyanın parlament seçkilərinə güclü hazırlaşıb seçkilərdə qalib gələcəyi şübhəsizdir. O, Köçəryan klanını və Rusiyanın siyasətini Ermənistanda getdikcə sıxışdıracaq.

Onu da qeyd edim ki, Ermənistanda yeni hakimiyyətin Qarabağ münaqişəsi ətrafında qeyri-konstruktiv və qızışdırcı bəyanatları cəbhə xəttində vəziyyəti gərginləşdirməyə yol açır. Onun bu siyasəti davam etdirəcəyi təqdirdə Azərbaycanın hərbi təzyiqlərə əl atacağı birmənalıdır və bu təzyiqlər Ermənistanda daxili böhrana səbəb olacaq”.

Qeyd edək ki, sentyabrın 23-də İrəvan şəhər bələdiyyə seçkilərində Nikol Paşinyanın dəstəklədiyi “Mənim blokum” siyasi təşkilatı qalib gəldi. Onun ABŞ-a səfəri məhz şəhər seçkilərində qələbə əldə edəndən sonra reallaşdı.

Həmin vaxtadək isə o, seçkilərə görə Nyu Yorka getməcəyini qeyd edirdi.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər