27 Sentyabr 2018 09:08
4 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını beynəlxalq hüquq üzrə ekspert Erkin Qədirli cavablandırıb.

- “İl-20” təyyarəsinin vurulması fonunda Rusiya-İsrail münasibətlərini necə qiymətləndirirsiniz? Bu gərginlik haraya qədər davam edəcək?

- Ondan başlayım ki, təyyarənin vurulması barədə detallı bilgi yoxdur, heç kəs hadisəni boynuna götürmür. Rusiya İsraili günahlandırır, İsrail deyir, bizlik deyil, təyyarəni Suriya havadan müdafiə qüvvələri vurub. Başqa mənbələrə görə, təyyarə havadan müdafiə sistemini əlaqələndirən kəşfiyyat rabitəsi olub deyə onun düşürülməsi önəmli sayılıb. Çeşidli variantlar var, mütəxəssis olmayan birinin nəsə deməsi doğru olmaz.

Rusiya-İsrail münasibətlərinin ümumi dəyərləndirilməsinə gəlincə, gərginlik, əlbəttə, var. İki ölkənin əlaqələri həmişə bir neçə mərtəbədən ibarət olub. Önəmlisi odur ki, İsrail öz milli maraqları üçün zaman-zaman Rusiyaya, yaxud ABŞ-a yaxınlaşır, bu iki dövlət arasındakı ziddiyyətlər üzərində oynayır.

İsrailə görə, Avropa Birliyinin Rusiya siyasəti yanlışdır. ABŞ Qüdsü İsrail paytaxtı saydı, öz səfirliyini oraya köçürdü, Avropa Birliyi buna qarşı çıxdı, Brüssel bəyanat yaydı. İsrail isə Brüssellə münasibəti yaxşı olmayan Şərqi və Mərkəzi Avropa ölkələri ilə yaxınlaşır. Yaxın Şərqdəki problemlər baxımından Rusiya ilə sabit münasibətlər İsrail üçün önəmlidir. Birincisi, ərəb ölkələrinin əksəriyyəti rus silahı alır, eyni zamanda Rusiyanın İrana bəzi təsirləri var, İran da İsrail üçün düşmən dövləti sayılır.

Ona görə də İsrail Rusiya ilə münasibətləri heç vaxt birdəfəlik pozmaz. Əslində heç Rusiya da bunu istəməz. Çünki Rusiya üçün ərəb ölkələrinə nüfuz etmək baxımından İsrail önəmli ölkədir. Çox qarışıq bölgə olduğu üçün orada situativ böhranlar yaranır, amma hələ ki qlobal səviyyəyə keçmir. Rusiya təyyarəsini Türkiyə vurdu, Türkiyədə rus səfiri öldürüldü. Amma Rusiya nə etdi? Uzaqbaşı pomidor, turist sanksiyaları tətbiq elədi, sonra da aradan götürdü. Rusiya anlayır ki, Türkiyə çox önəmli ölkədir və Türkiyəsiz Yaxın Şərqdə heç kəs heç nə edə bilməz. İsraillə də müvəqqəti gərginlik yaşanacaq, ancaq çox da dərinə gedilməyəcək.

- Rusiya Suriyaya S-300 göndərməkdə israrlıdır. Belə olan təqdirdə situasiya necə dəyişəcək?

- Rusiya Suriyaya S-300 göndərib-göndərməyəcəyini söyləmək çətindir, amma fakt odur ki, Rusiya özünü Suriyada çox çətin duruma salıb. Rusiya əslində Suriyada sovet vaxtından Lotakiya vilayətində qalmış hərbi limanı itirmək istəmir. Yoxsa Rusiyanın Suriyanın daxilində heç bir marağı yoxdur, nə sünni-şiə məsələsi, nə də Əsəd onu maraqlandırır. Bəşər Əsəd yeganə adamdır ki, Lotakiyadakı hərbi limanı qorumağı söz verə bilir. Bu mənada Rusiyanın Suriyada maraqları İranınkı qədər deyil. Əsəd gedərsə, ələvilər qırılacaq, münasibətlər o səviyyəyə çatıb ki, orada soyqırımı olacaq. Nifrət və qəzəb yığılıb. Ona görə də İran Əsədin getməsini istəmir. Bir sözlə, münasibətlər çox gərgindir.

Əsədə müxalif qüvvələr də Əsəd hakimiyyətdən gedəndən sonra ona hansısa zəmanət vermək istəmir. Şahmat dili ilə desək, pat vəziyyətdir. Hər gediş uduzmağa doğru aparır. Rusiyanın S-300 raketlərini Suriyaya satması əks-gedişdir. Rusiya təyyarəsinin vurulması buna bəhanə verdi. Amma bu o demək deyil ki, Rusiya S-300-ü satacaq. Burada qlobal alver gedir, böyük oyunçular öz maraqlarını təmin etmək istəyir. Türkiyənin öz maraqları var, həm Suriyadakı türkləri qoruyur, həm də PKK, YPG-nin kürd dövləti yaratmaq perspektivlərini önləmək istəyir. Bu mənada Türkiyə ilə İranın maraqları üst-üstə düşür. Hər ikisi kürd dövlətinin yaranması əleyhinədir. Problemlər çoxdur, heç kəs də yüklənmək istəmir, hərə öz marağını güdür.

- Rusiya-Türkiyə münasibətlərinə toxundunuz, bəs Rusiyanın Türkiyə ilə İdlib razılaşmasını necə şərh edərdiniz?

- İdlib razılaşması çox güman, kağız üzərində qalacaq. Rusiya-Türkiyə-İran münasibətləri dirənib, bəzi maraqları üst-üstə düşsə də, təməl maraqlar bir-birinə ziddir. ABŞ-la Türkiyə arasında yaşanan son gərginliyə baxmayaraq Türkiyənin yenidən ABŞ-la əməkdaşlıq edəcəyinə inanıram. Rusiyanın İranla maraqları daha çox üst-üstə düşür, nəinki Türkiyə ilə.

Təbii ki, Türkiyə öz maraqlarına uyğun çözüm axtarır, ABŞ və Avropadan umduğunu ala bilmədiyinə görə başqa regional güclərlə əməkdaşlığa çalışır.

- Sizin qənaətinizə görə, rahib Endryu Bransonla bağlı yaranan gərginliyə rəğmən iki ölkənin münasibətləri normallaşacaq?

- Düşünürəm ki, Türkiyənin də, ABŞ-ın da başqa yolu yoxdur. ABŞ Türkiyəni itirmək istəməz, Türkiyə də ABŞ-la müttəfiqliyi qırmaq niyyətində olmaz. Arada yaşanan gərginliklər anlaşılandır. Strateji olaraq bu ölkələr bir-birindən ayrılası deyil.

- Gündəmin əsas müzakirə mövzularından biri Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanatlarıdır, separatçıların danışıqlar masasına cəlb olunması çağırışından sonra BMT Baş Assamleyasının sessiyasında deyib ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz.

- Əslində Paşinyanın bəyanatları mövzu deyil. Bizim içiboş vətəndaş cəmiyyəti və müxalifət eyforiyada idi, yanlış təsəvvürdəydi ki, guya demokratiya qurularsa, Qarabağ məsələsini çözmək daha asan olacaq. Bu, sadəlövh gözləntidir. Əslində demokratik hökumət daha millətçi olur.

Paşinyanın demokratiyası olmasa da, millətçiliyi xalqdan gələn sifarişdir. Onun barəsində demokrat olduğuna görə münaqişəni danışıqlar yolu ilə çözəcəyinə dair təsəvvürlər başlanğıcdan yanlış idi. Yanıldıqlarını anladıqlarına görə çoxu səbəbi axtarmağa başlayır. Belə şeyi gözləməyə dəyməz. Ermənistana hər hansı formada güc tətbiq olunmasa, Qarabağ məsələsi həll edilməyəcək. Güc deyəndə müharibəni nəzərdə tutmuram. Təbii ki, başqaları bunu etmək istəməsə, Azərbaycanın ordusu ilə güc tətbiq etməyə tam haqqı var.

Azərbaycan ərazisinin işğalı təkcə Azərbaycana deyil, beynəlxalq hüquqa qarşı cinayətdir. Bu isə o deməkdir ki, bütün dövlətlərin marağı bu cinayətin nəticələrinin aradan qaldırılmasına yönəlməlidir.

Gücün çeşidli formaları var, iqtisadi sanksiyalar, diplomatik izolyasiya var. Bunların heç birini etmirlər, bizə də savaş açmağa qoymurlar, deyirlər, gedin danışıqlar yolu ilə alın. Ermənistan da bunu görür, deyir, mən niyə danışım, qan töküb torpaq almışam, niyə danışıqlar verim?..


Müəllif: Nərgiz

Oxşar xəbərlər