Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun akademik Azad Mirzəcanzadə ilə bağlı ittihamları həqiqəti əks etdirmir.
Teleqraf.com xəbər verir ki, bunu təhsil üzrə ekspert Etibar Əliyev deyib.
Ekspert partiya sədrinin akademikə ünvanlanmış ittihamına cavab verib:
“Akademik Azad Mirzəcanzadəni 90 yaşı tamam olması münasibətilə xeyli dəyərli insanlar yada saldı. Böyük alim haqqında maraqlı məqalə və xatirələr yazdılar. Bir qrup adam da fikirləşdi ki, məqamdı, mən də həmişəki kimi xalqımızın sadəlöhvlüyünə güvənərək gopa basım. Onlardan biri də Nisbilik nəzəriyyəsində Eynşteyni “neprav” çıxarmış Sərdar Cəlaloğludur.
O, yazır ki, “Azad müəllim ən birinci ədəbiyyat siyahısında yazdığım alimlərdən sual verməyə başldı: Məsələn, soruşdu ki, sən siyahıda “Xavbard” yazmısan, onu oxumusan? Cavab verdim ki, bəli, oxumuşam və evdə mənim şəxsi kitabxanamda onun “Dialektologiya”sı var”.
Bu adam yalançı xatirəsi ilə Azad Mirzəcanzadəni kiçiltməyə çalışır. Yazır ki, Azad müəllim mənə dedi ki, gəl sənə elmlər doktoru alimlik dərəcəsi verim.
Digər tərəfdən, mən qətiyyən inanmıram ki, Azad müəllim “Xavbard” adlı kitab müəllifinin adını çəksin və Sərdar Cəlaloğlunun adı düz olmayan müəllifin adı düz olmayan əsərindən danışmasını ona bağışlasın.
Cəlaloğluna xatırladıram ki, Azad müəllimin adından təhrif etdiyi müəllifin adı Xabbard, onun kitabının adı isə “Dianetika” adlanır. “Dianetika” psevdoelmi təlimdir.
Allah üzümüzə baxdı: nə yaxşı ki, Sərdar bəyə psevdoelmə görə Nobel mükafatı vermədilər”.
Qeyd edək ki, sentyabrın 29-da akademik Azad Mirzəcanzadənin 90 yaşı tamam olub.