Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kenti qəbul edib.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrində uğurlu inkişafından məmnunluq ifadə edilib və ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.
E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz Dəhlizi layihələrindən bəhs edib və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu qeyd edib.
Nazir, həmçinin Azərbaycanın NATO ilə tərəfdaşlığına toxunaraq ölkəmizin Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiq olduğunu bildirib.
Corc Kent qeyd edib ki, ABŞ energetika, təhlükəsizlik, iqtisadi və digər sahələrdə Azərbaycanla ikitərəfli münasibətləri davamlı şəkildə inkişaf etdirir. O, ölkəmizin terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəsinin yüksəkqiymətləndirdiyini xüsusilə qeyd edib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu Yorkda Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüş barədə danışaraq vurğulayıb ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.