Ermənistan daxilində gərginlik davam edir. Baş nazir Nikol Paşinyan ayrı-ayrı deputatlara təzyiq və hədə-qorxu gələrək yaranmış vəziyyəti öz xeyrinə dəyişməyə çalışır.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi təhlilçi Ehtiram Aşırlı deyib.
O qeyd edib ki, N.Paşinyan öz küçə davranışını demokratik islahat mexanizmi kimi təqdim etməkdə, Respublika Partiyasına başçılıq edən siyasi qüvvələr isə bunu təzyiq kimi qiymətləndirməkdədirlər:
“Ermənistan hökuməti hakimiyyətin yoxluğundan dolayı hüquqi və siyasi nizamsızlıq mühiti kimi başa düşülən anarxiya vəziyyətindədir. Bunun təsirləri Cənubi Qafqaz regionu üçün mənfi nəticələr doğura bilər. Ukraynanın “Narıncı inqilabı”na və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin yüksəlişi və hakimiyyətdən gedişinə bənzər proseslərin Ermənistanda yaşanma ehtimalı yüksəkdir.
Çünki Nikol Paşinyan – onun təbirincə desək, “xalqın namizədi” iqtidara yiyələndikdən sonra sistematik olaraq Ermənistanın hökumət institutlarını parçalamağa və məhv etməyə girişib”.
E.Aşırlı qeyd edib ki, İrəvan küçələri artıq Paşinyan hakimiyyəti üçün alətə çevrilib:
“Dövlət orqanları, məhkəmə və parlament onun hədəfinə tuş gəlib. Paşinyan təhlükəsizlik xidmətlərini və məhkəmələri alt-üst edib. O, hələ də sabiq rəqiblərinə qarşı intiqam hissi ilə alışıb yanır. Bununla yanaşı Paşinyan ordudakı biabırçılıqları gizlətmək üçün xalqın diqqətini başqa məqamlara yönəldir. Lakin həqiqət gec-tez öz yerini tapır. Belə ki, işğal altında olan Xocavənd rayonu ərazisində Ermənistan ordusunun qanunsuz dislokasiya olunan hərbi hissələrindən birində ölən erməni əsgəri Gevorq Haroyanın yaxınları etiraz aksiyası keçiriblər. Bu aksiya zamanı əsgərin dayısı yalnız general Manvel Qriqoryanın oğurluqlarda ittiham edilərək həbs olunması ilə yekunlaşan istintaqa, həmçinin korrupsiya və özbaşınalığa görə Paşinyanı fəaliyyətsizlikdə ittiham edib. O, həmçinin bildirib ki, Paşinyan Frankofoniya sammiti keçirib ölkədə bütün işlərin qaydasında getdiyini və hər şeyin yaxşı olduğunu göstərməyə çalışır. Reallıqda isə erməni övladları orduda döyülərək, zorlanaraq intihara məcbur edilirlər”.
Onun sözlərinə görə, N.Paşinyan Frankofoniya sammiti keçirməklə bütün dunyaya demokratik dəyərlərə sahib olduqlarını nümayiş etdirməyə çalışır: “Ancaq Ermənistanın baş naziri demokratik dəyərlərdən və erməni xalqının birliyindən danışsa da, orduda xidmət edən əsgərlərin valideynləri aksiyalar keçirərək Paşinyanın kim olduğunu dünyaya göstərirlər. Bir sözlə, Paşinyan hakimiyyətə gəldikdən sonra iflic vəziyyətində olan ölkəni daha da bərbad hala salıb. Ölkəni bir mafioz kimi idarə etməyə başlayıb. Ona qarşı çıxanları isə silahı ilə vuracağını bildirir”.