Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Azərbaycanla kompromislərə getməlidir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz söyləyib.
Diplomatın fikrincə, Ermənistanın daxil olduğu keçid dövrü ölkənin hansı variantlarının olduğu və nəyə hazır olduğu barədə müzakirələrə gətirib çıxaracaq. Səfir indiyədək eşitdiklərinin narahatlıq doğurduğunu deyib:
“Mən birinci dəfə ölkəyə gələndə təəccüblənmişdim ki, ermənilərin böyük hissəsi işğal olunmuş ərazilərin qaytarılmasına qarşı çıxırlar”.
ABŞ səfiri xatırladıb ki, torpaqların qaytarılması Madrid prinsiplərinin əsas müddəalarındandır.
Səfir bir daha vurğulayıb ki, istənilən nizamlama işğal olunmuş ərazilərin müəyyən hissəsinin qaytarılmasını zəruri edəcək.