19 Oktyabr 2018 23:03
2 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının suallarını Qafqaz üzrə araşdırmaçı, əslən Borçalıdan olan Kamran Ramazanlı cavablandırıb. Müsahibəni təqdim edirik:

– Kamran bəy, Gürcüstanda – tarixi torpaqlarında yaşayan azərbaycanlıların ana dilində təhsil almaları məsələsində hansı çətinliklər var?
– Gürcüstanlı soydaşlarımızın bütün sahələrdə problemləri var. Ancaq bu gün gürcüstanlı soydaşlarımızın bir nömrəli problemi təhsillə bağlıdır və həyəcan təbili çalmaq lazımdır. Həyəcan təbili çalmaq üçün səbəblər çoxdur. Ancaq qısaca olaraq deyim ki, bu gün Gürcüstanda 183 Azərbaycan məktəbindən 117 məktəb qalıb. Onlardan da 82-i məktəbin 35-i Gürücüstan məktəblərinə birləşdirilən bölmələr, sektorlardır. Müəllimlərin sayı isə 6900-dən 3500-dək, yəni yarıbayarı azalıb. Onların da 82 faizi təqaüd yaşındadır. Şagirdlərə gəldikdə isə deməliyəm ki, 50 min şagird də bu gün yarıbayarı azalıb, 26 minə düşüb. Onlardan 2500-ə yaxını gürcü sektorunda oxuyur. Yəni, bizim oradakı məktəblərin vəziyyəti dramatikdir. Əgər belə davam edərsə, orada çox böyük problemlər yaranacaq və azərbaycançılıq məfhumunun, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ən başlıcası isə Azərbaycan dilinin sıradan çıxma təhlükəsi var. Bütün bunlar məni həyəcan təbili çalmağa vadar edir.

– Çıxış yolu kimi nə təklif edirsiniz?

– Əlbəttə, çıxış yolları var. Dünya azərbaycanlılarının mənəvi Vətəni Azərbaycan Respublikasıdır. Gürcüstandakı soydaşlarımızın da mənəvi bağlılığı Azərbaycanladır. Təhsil, Azərbaycan dili məsələsi istər-istəməz Gürcüstan və Azərbaycan dövlətlərinin birgə həll edəcəyi məsələdir. Konkret təhsillə bağlı məsələni isə Gürcüstan və Azərbaycan təhsil nazirlikləri birgə həll etməlidir. Həlli yolu nədən ibarətdir? Tiflis şəhərindəki Aleksandr Puşkin adına Pedaqoji İnstitutda əvvəllər Azərbaycan bölməsi var idi. Həmin bölmə 1990-cı illərdə obyektiv və subyektiv səbəblərdən bağlandı. İlkin olaraq həmin bölmə bərpa olunmalı, daha sonra onun bazasında Tiflis şəhərində hökmən pedaqoji universitet açılmalıdır.
Biz oktyabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Gürcüstandakı soydaşlarımızın təhsil problemi ilə bağlı tədbir keçirdik. Tədbiri əslən Borçalıdan olan AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov aparırdı. Tədbirin yekununda biz Azərbaycan Prezidentinə 4 bəndlik müraciət qəbul etdik. Həmin müraciətdə biz bu problemlərin həll olunmasına köməklik göstərilməsini cənab prezidentdən xahiş etdik. Müraciətə respublikada tanınan 20 alim və ziyalı, məsələn akademik Ramiz Məmmədov, professorlar Firdovsiyyə Əhmədova, Hidayət Nuriyev, Tapdıq Həsənov, deputat Fazil Mustafa, əməkdar incəsənət xadimi Eyvaz Borçalı və digərləri imza atıb.
Məndə olan məlumata görə, bizim Cənab Prezidentə müraciətimiz hal-hazırda Təhsil Nazirliyindədir. Orda bu məsələ ilə bağlı müzakirələr gedir. Yəni, müraciət Təhsil Nazirliyinə göndərilib ki, bununla bağlı nə etmək olar?
Gürcüstandakı ziyalılar, QHT-lər də analoji müzakirələr aparırlar. Çox güman, onlar da yaxın günlərdə Gürcüstanın Baş nazirinə müraciət edəcəklər ki, Tiflisdə pedaqoji universitetin açılması məsələsinə baxılsın. Həmin universitet sırf Azərbaycan məktəbləri üçün pedaqoji kadrlar hazırlamalıdır.

– Nə üçün bu ali məktəbin Tiflisdə açılmasını təklif edirsiniz? Məsələn, Bakıda yaradıla bilməzmi?

– Həmin universitetin Tiflisdə açılması ona görə zəruridir ki, Azərbaycan təhsil sistemi ilə Gürcüstan təhsil sistemi arasında çox ciddi fərqlər var. Bizdə təhsil 11, Gürcüstanda 12 illikdir. Dərsliklər arasında da çox ciddi fərqlər var. Üstəlik, bizim ordakı milli məktəblərimizdə dərslərin 30 faizi gürcü, 70 faizi isə Azərbaycan dilində keçilir. Yəni, bu baxımdan Azərbaycanda hansısa kvotanın ayrılması, yaxud güzəşlərin edilməsi o effekti verməyəcək. Digər tərəfdən, bizim soydaşlarımız Gürcüstan cəmiyyətinə inteqrasiya olunmalıdır. Biz öz adət-ənənlərimizi, dilimizi qorumaq şərtilə inteqrasiya olunmalıyıq. Bu inteqrasiyanın yolu da bizim öz ana dilimizdə təhsil almağımızdan və dövlət dilini mükəmməl bilməyimizdən keçir. Ona görə də həmin pedeqoji universitetin Tiflisdə açılması zəruridir. Bizim tələbələrimiz orada təhsil alsalar, həm dövlət dilini mükəmməl öyrənər, həm də Tiflisdə ədəbi, elmi, ictimai, mədəni mühitdə püxtələşər və cəmiyyətə inteqrasiya olunarlar. Eyni zamanda onlar gəlib bizim milli məktəblərimizdə xalqımıza xidmət edərlər. Yəni, pedaqoji universitetin Tiflisdə açılmasının üstün cəhətləri əsasən bunlardan ibarətdir.

– Gürcüstanda yaşayan soydaşlarımızın üzləşdikləri başqa hansı problemlər var?

– Hər zamankı problemlərdən olan toponimika ilə bağlı problem indi də aktualdır. Hazırda Nəriman Nərimanovun adının Marneuli Mədəniyyət Evindən götürülməsi ilə bağlı çox ciddi narahatlıqlar, böyük problemlər var. Bilirsiniz ki, onun adının bərpası ilə bağlı ordakı soydaşlarımız tərəfindən müraciət olunub. Bakıda və digər yerlərdə yaşayan gürcüstanlı soydaşlarımız tərəfindən imzalanmış müraciət isə Gürcüstanın Azərbaycandakı səfirliyinə təqdim olunub. Təəssüf ki, aradan 70 gün müddət keçməsinə baxmayaraq, yalnız indi təşkilatçılara məktub göndərilib. Guya komissiya yaranıb, arxivlərdə iş gedir. Mən başa düşmürəm, arxivdə nə iş gedə bilər? Nərimanov bəlli tarixi şəxsiyyətdir. Konkret Marneuli rayonu üçün də xidmət göstərmiş bir şəxsdir. Orda həkimlik edib, Qızılhacılı kimi böyük bir kənddə müəllimliklə məşğul olub, qızlar məktəbinin əsasının qoyub. Konkret Mədəniyyət Evi də sovetlər dönəmində onun adını daşıyıb. Necə ola bilər ki, bununla bağlı araşdırma aparsınlar? Digər tərəfdən burada da ikili standartlar var. Şaumyan kimi qaniçən bolşevikin adına hazırda Marneulidə böyük bir qəsəbə var. Nə əcəb Şaumaynın adına qəsəbə ola bilir, Nərimanov kimi böyük şəxsiyyətin adının Mədəniyət Evinə bərpasına lüzum görnürlər? Bu, ikili standartdır. Baxmayaraq ki, Azərbaycan dövləti hər zaman Gürcüstanın yanında olub, strateji müttəfiqdir. Bu gün o müttəfiqlik davam edir. Azərbaycan əlindən gələn hər şeyi edir ki, bu müttəfiqlik daha da inkişaf etsin. Amma təəssüf ki, biz bu münasibəti görmürük.
Digər problemlərdən biri qədim ənənəyə malik Tiflisdəki Azərbaycan Dram Teatrının bərpası ilə bağlıdır. Binanın bərpasına imkan verilmir. Halbuki, bina çox qəzalı vəziyyətdədir və ciddi təmirə ehtiyacı var.

– Niyə imkan verilmir?

– Ona görə ki, teatrın tarixi binasına bitişik evdə müəyyən ailələr yaşayır. Bəzi ailələr çıxdı, ancaq hazırda yaşayan ailələr çıxmaq istəmirlər. Çıxsalar da, mənzillərinə elə yüksək qiymət qoyurlar ki, yaxın düşmək olmur. Həmin məbləğə bəlkə də 5-6 böyük bina tikmək olar. Beləliklə, teatrın bərpası süni şəkildə gecikdirilir. Gürcüstandakı müəyyən dairələr, xüsusən Gürcüstan hakimiyyətindəki erməni kökənli, ancaq gürcü soyadı qəbul etmiş bəzi vəzifəli şəxslər binada yaşayan vətəndaşlara dolayısı yolla müəyyən təzyiqlər edirlər ki, onlar binadan çıxmasınlar, çıxsalar da çox böyük məbləğ qarşılığında çıxsınlar. Buna görə də 10 ildən çoxdur danışıqlar getməsinə baxmayaraq, sakinlər binada təmir işləri aparılmasına imkan vermirlər.

– Problemlərdən biri də torpaqlarla bağlıdır. Hazırda bu məsələdə vəziyyət necədir?

– Bu problemin həlli istiqamətində də heç bir irəliləyiş yoxdur. Bilirsiniz ki, Gürcüstan prezident seçkiləri ərəfəsindədir. Təəssüflər olsun ki, prezidentliyə namizədlər bölgələrə səfərlər etsələr də, torpaq probleminin həlli ilə bağlı hər hansı vəd belə vermirlər. Yəni, problem həll olunmamış qalır. Bu gün Borçalıda torpaqların 70 faizi yerli sakinlərin deyil. Başqa yerlərdən gələnlərindir. 1996-cı ildə parlamentdə torpaq haqqında qanun qəbul edilərkən Kvemo-Kartli quberniyası ora bir sənəd göndərdi ki, sərhədyanı bölgələrdə, yəni 21 kilometrlik ərazilərdə torpaq özəlləşdirilə bilməz. Beləliklə, qanun ancaq azərbaycanlılar yaşayan torpaqları əhatə etdi və həmin torpaqlar Gürcüstan Patriarxlığına, Kostova Cəmiyyətinə və digər humanitar yönlü təşkilatlara verildi. Bəziləri də dövlətin balansında qaldı. Ötən müddət ərzində bu qanuna hər hansı dəyişiklik edilməyib. Hətta, Saakaşvili hakimiyyətə gəlməmişdən öncə bu problemi aradan qaldıracağına söz vermişdi. Təəssüflər olsun ki, o və ondan sonrakı hakimiyyət də bu problemi həll etmədi. Qısaca olaraq deyim ki, Gürcüstanda hakimiyyətlər dəyişir, ancaq soydaşlarımızın problemləri köklü həll edilmir.

– Seçkidən söz düşmüşkən, hazırda azərbaycanlı seçicilər arasında favorit kimdir? Onlarla bağlı hansı vədlər verilir?

– Təəssüflər olsun ki, konkret azərbaycanlılarla, azərbaycanlılarının torpaq, təhsil və digər spesifik problemləri ilə bağlı heç bir namizəd xüsusi vəd verməyib. Ancaq bütün Gürcüstan, o cümlədən Borçalı üzrə də 3 nəfər favoritdir. Bunlar keçmiş xarici işlər naziri Salome Zurabişvili, keçmiş xarici işlər naziri, birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze və “Avropa Gürcüstanı” Partiyasının namizədi David Bakradzedir. Ancaq bu 3 namizədin hansının reytinqinin daha yüksək olması məsələsində kiçik istisnalar ola bilər.

– Sizcə, azərbaycanlılarla bağlı vəd verilməməsi nədən irəli gəlir; prezidentin səlahiyyətlərinin az olmasından, yoxsa buna sadəcə ehtiyac duymurlar?

– Prezidentin səlahiyyətlərinin az olması da burda rol oynayır. Amma namizədlərin seçki komandasında təmsil olunan azərbaycanlılar bu tələbləri qoymalıdır. Təəssüf ki, həmin komandada təmsil olunan azərbaycanlıların bu problemlər yadına da düşmür. Ümumiyyətlə, qısaca olaraq deyim ki, son vaxtlar az öncə qeyd etdiyim problemlərin həlli ilə bağlı Gürcüstanda fəaliyyət göstərən QHT-lərin və ziyalıların fəaliyyətindən çox narazıyam.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər