25 Oktyabr 2018 01:01
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Con Boltonun Azərbaycana səfəri ABŞ-Azərbaycan ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələləri baxımından olduqca əhəmiyyətli idi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri istər regional, istərsə də qlobal təhlükəsizlik baxımından mühüm önəm kəsb edir: "Con Bolton və Azərbaycan Prezidenti İlham Əliyev arasında ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, dünya enerji bazarında Azərbaycanın rolu, terrorizmə, insan alverinə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, insan haqları, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər, region ölkələri ilə münasibətlər və digər məsələlərin müzakirə edilməsi qlobal terrorizmə və narkotizmə qarşı mübarizədə Azərbaycanın ən aparıcı ölkələr sırasında yer aldığını sübut edir. Eyni zamanda, Azərbaycanın hazırda həyata keçirdiyi meqa enerji layihələri ilə regionun və Avropanın qlobal təhlükəsizliyinin təmin edilməsində nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha göstərmiş olur. Heç şübhəsiz ki, bütün bunlar təsadüfi deyil. Çünki Azərbaycan həyata keçirdiyi aktiv diplomatik fəaliyyəti ilə həm regional müstəvidə, həm də Avrasiyada mühüm aktor kimi öz yerini və rolunu çoxdan isbat edib".

Hikmət Babaoğlu hesab edir ki, dünya siyasətini müəyyən edən ölkələrdən biri olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri bir daha bu konteksdə qiymətləndirilməlidi: "Əlbəttə ki, bu məsələlərin hamısı deyil. Əgər regionda hansısa təhlükəsizlikdən söhbət gedirsə, bizim üçün ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həll olunması məsələsi önə çıxır. Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsas paradiqmasını məhz bu müəyyənləşdirir. Həm dünya siyasətini müəyyənləşdirən ölkələrdən biri, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın bu problemin həllində müstəsna yeri və rolu ola bilər. Con Bolton çıxışında məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını və bu problemin həllinin Birləşmiş Ştatlar üçün də mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Con Bolton bundan sonrakı mərhələdə isə Ermənistana səfər edəcəyini və rəsmi Yerevanla bu məsələni müzakirə edəcəyini Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırdı. Düşünürəm ki, bu xüsusi bir məqamdır. Əgər bütün dünya özünün təhlükəzliyini təmin etməlidirsə, beynəlxalq münasibətlərin iştirakçısı olan aktorlar da bir-birilərinin qarşılıqlı təhlükəsizliyini mütləq nəzərə almalıdır. Azərbaycan təhlükəsizliyə töhfə verirsə, deməli onun təhlükəsizliyinə tərəfdaşları və müttəfiqləri də mütləq diqqət yetirməlidir".

Deputatın fikrincə, Con Boltonun səfəri məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli kontekstində Azərbaycan üçün önəmli idi: "Azərbaycan Con Boltonla müzakirələrdə ərazi bütövlüyü məsələsində prinsipiallığını və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı öz mövqeyini bir daha qətiyyətlə ortaya qoydu. Bütövlükdə, hazırkı beynəlxalq münasibətlər sisteminin siyasi konyukturasına nəzər salsaq görərik ki, ən müxtəlif problemlər məhz bu qarşılıqlı müzakirələr və qarşılıqlı maraqların təmin olunması formatında aktuallaşdırılır. Ona görə də bu görüş istər ABŞ-Azərbaycan ikitərəfli münasibətləri, istərdə də regional təhlükəsizlik məsələləri baxımından olduqca mühüm görüş idi".


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər