30 Oktyabr 2018 08:27
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin dünya miqyasında böyük nüfuzunun göstəricisidir. Tədbirlərdə müzakirə edilən qlobal məsələlər, bəşəriyyətin ümumi inkişafına xidmət edən çağırışlar əhəmiyyətinə görə dünyanın diqqətini Azərbaycana yönəldir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

O bildirib ki, VI Bakı Beynəlxalq Forumu ilə Azərbaycan növbəti dəfə sivilizasiyalararası dialoqa öz töhfəsini verdi. Onun sözlərinə görə, bu forum miqyası baxımından önəmli platformadır:

“Forumda Prezident İlham Əliyev dərin məzmunlu çıxış etdi. Dövlət başçısı çıxışında vurğuladı ki, Azərbaycan müstəqillik dövründə çox uğurlu inkişafa nail ola bilib. Ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir. Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı günü gündən artır. Zənnimcə, cənab Prezidentin səsləndirdiyi bu fikirlər Azərbaycan dövlətinin apardığı, xalq tərəfindən birmənalı şəkildə dəstəklənən düzgün və ardıcıl siyasət nəticəsində Azərbaycanın dünya birliyi tərəfindən etibarlı tərəfdaş və dost ölkə kimi qəbul edildiyinin təsdiqidir”.

P.Kərimzadə qeyd edib ki, forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə bəşəriyyətdə maraq doğuran geniş spektrli qlobal məsələlərə həsr olunan dialoqlarla, müzakirə və fikir mübadilələri ilə bir sıra problemlərin həll yollarını araşdırdı, dünyanı narahat edən aktual məsələlərə aydınlıq gətirməyə çalışdı:

“Dünyanın tanınmış siyasət, elm, mədəniyyət, təhsil xadimləri Bakıda bir araya gələrək gələcək naminə, insanlıq naminə birləşməyə çağırışlar etdilər, beynəlxalq miqyaslı tədbirin təkcə Azərbaycan üçün deyil, bütün dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar. Bir sözlə, dünyanın Azərbaycana toplaşmasına şərait yaradan forum ölkəmizin və bütün mütərəqqi dünyanın tarixində, habelə yeni çağırışların həlli, sivilizasiyalararsı toqquşmadan yayınmaq yolunda şərtləndirici mərhələ olduğunu göstərdi”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər