26 Noyabr 2018 18:39
1 755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son aylarda Ukrayna ilə Rusiya arasında informasiya müharibəsi çərçivəsində Azov dənizi haqqında mövzular xüsusi yer tuturdu. Gözlənilirdi ki, Azov dənizi və Kerç boğazı ilə bağlı problem daha da ağırlaşacaq və hansısa xoşagəlməz hadisələrə gətirib çıxaracaq.

Bu fikirləri Teleqraf.com-a Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov Rusiya ilə Ukrayna arasında Azov dənizində baş verən hərbi qarşıdurmanı şərh edərkən deyib.

Eldar Namazov xatırladıb ki, Ukrayna ilə Rusiya arasında 2003-cü ildə Azov dənizi və Kerç boğazı ilə bağlı dövlətlərarası saziş imzalanıb. Onun sözlərinə görə, bu sazişdə Azov dənizi bu iki ölkənin daxili suları hesab olunur və Kerç boğazından Azov dənizinə keçmək hüququ hər iki ölkə uçun bərabər tanınır: “Müqaviləyə əsasən, bu iki ölkə heç kimdən icazə almadan həm mülki, həm də hərbi gəmilərini Kerç boğazı vasitəsilə Azov dənizinə keçirə bilər. Həmin müqaviləyə görə, yalnız üçüncü dövlətlərin gəmiləri üçün müəyyən məhdudiyyətlər qoyulur. Üçüncü dövlətlərin mülki və ya hərbi gəmiləri Kerç boğazı vasitəsilə Azov dənizinə daxil olmaq istəyəndə bunu əsaslandırmalıdır. Onları ya Ukrayna, ya da Rusiya bura dəvət etməlidir. Başqa sözlə, bu iki dövlətin dəvəti olmadan üçüncü ölkələrə məxsus gəmilər ora daxil ola bilməzdi. Belə bir müqavilə imzalandıqdan sonra Ukrayna və Rusiya parlamenti tərəfindən ratifikasiya edilib”.

E.Namazov əlavə edib ki, Rusiya Krım yarımadasını işğal etdikdən və Kerç boğazında körpü tikəndən sonra Ukrayna tərəfi məsələni beynəlxalq qurumlarda qaldırıb:

“Rəsmi Kiyev bütün beynəlxalq qurumlarda bəyan etdi ki, Rusiya Azov dənizi və Kerç boğazından keçiddə problemlər yaradacaq və tikilən körpü qanunsuzdur. Rusiya isə bəyan edirdi ki, yox, müqavilə var, Azov dənizi iki ölkənin daxili sularıdır, biz heç bir problem yaratmırıq və Ukrayna nahaq yerə hay-küy salır.

Əslində dünən baş verən hadisə Ukrayna tərəfindən provokasiya xarakterli addım idi. Adətən, siyasətdə provokasiya sözünün mənfi yükü var. Lakin tibb elmində provokasiya ifadəsi mənfiyə yozulmur. Həkimlər xəstəyə diaqnoz qoymaq məqsədilə bəzən provokasiya xarakterli addımlar atır. Məsələn, məktəblərdə uşaqlara mantu qoyurdular, bu zaman uşaqların əlini cızırdılar, balaca yara olurdu. İnsan orqanizminin bu yaraya reaksiyası onda infeksiyanın olub-olmadığını göstərirdi. Yəni diaqnozu düzgün qoymaq məqsədilə həkimlər provokasiyon addımlar atırdı. Hesab edirəm ki, Ukraynanın dünən müəyyən mənada provokasyon addım atdı, ancaq bu, diaqnozu qoymaq üçün atılan addım idi. Ukrayna bu addımla dünyaya göstərməyə çalışdı ki, Rusiya həqiqətən 2003-cü ildə imzalanan müqaviləyə riayət edir, bu müqaviləyə uyğun olaraq Ukrayna gəmilərinin Kerçdən keçərək, Azov dənizinə rahat daxil olmasına şərait yaradırmı, yoxsa bunlar yalan sözlərdir. Və Rusiya de-fakto müqaviləni pozmağa başlayıb. Hadisələrin gedişatı göstərdi ki, Rusiya həqiqətən də müqaviləyə riayət etmir. Bu müqaviləyə görə Ukrayna Rusiyadan icazə almalı deyil. Lakin Rusiyanın dünənki davranışları göstərdi ki, Moskva artıq müqaviləni saymır, Kerç körpüsünü tikdikdən sonra Azovu öz dənizi sayır və Ukrayna burada Rusiyanın icazəsi ilə hərəkət edə bilər. Bu da həm beynəlxalq hüquq normaları, həm də Ukrayna-Rusiya arasında imzalanan dövlətlərarası müqaviləyə ziddir”.

Analitik əlavə edib ki, BMT Təhlükəsizlik Şurası gün ərzində bu məsələni müzakirə edəcək: “Eləcə də Avropa Birliyi, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq qurumlar bu məsələyə baxacaq. Şübhəsiz ki, Rusiya burada diplomatik baxımdan uduzan tərəf olacaq. Çünki Rusiyanın bütün addımları birtərəfli olub. Krımı özünə birləşdirib, amma dünyada heç kim bunu tanımayıb. Kerçdə körpü tikib və faktiki olaraq Kerç boğazını bağlayıb. Dünya bunu qəbul etmir. Odur ki, Rusiya bu məsələdə diplomatik baxımdan uduzacaq və ona qarşı sanksiyalar tətbiq edilə bilər. Üstəlik, bu hadisədən istifadə edərək NATO və ABŞ gəmiləri Qara dənizdə daha da möhkəmlənməyə başlayacaq. Bununla dayanılmayacaq, Ukrayna donanmasını moderinləşdirmək üçün daha ciddi səylər ortaya qoyulacaq”.

Baş verən hadisənin medal kimi digər üzünün də olduğuna xatırladan Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, qalmaqalın bu biri üzü Poroşenko hakimiyyəti üçün ciddi problem yarada bilər:

“Söhbət ondan gedir ki, Ukrayna Prezidenti Poroşenko bu vəziyyətdən istifadə edərək ölkədə hərbi vəziyyət elan edir. Çoxları düşünür ki, qarşıdan gələn prezident seçkilərində Poroşenkonun reytinqi aşağıdır, faktiki olaraq lider Yuliya Timeşenkodur. Poroşenko ilə yanaşı 3-4 namizəd ikinci tura çıxmaq uğrunda mübarizə aparır. Ekspertlər hesab edir ki, indiki prezident bu durumdan yararlanaraq, ölkədə hərbi vəziyyət elan etdikdən sonra prezident seçkilərini dayandıra bilər. Belə bir hadisə baş versə, bu, həm Ukraynanın daxilində, həm də beynəlxalq aləmdə birmənalı qəbul olunmayacaq. Fikrimcə, yaxın günlərdə hadisələrin necə inkişaf etdiyini görəcəyik. Məncə, Ukrayna BMT, ATƏT və digər beynəlxalq qurumlarda Rusiyaya qarşı təzyiq etmək üzərində dayanarsa, rəsmi Kiyev udmuş tərəf olar. Yox, əgər Ukrayna prezidenti bu amildən istifadə edərək, daxildə prezident seçkilərini dayandırmaq qərarı versə, bu halda Poroşenko ciddi tənqid hədəfi olacaq”.

Müsahibimizə görə, baş verən hadisədə bir fakt Ukrayna və Prezident Poroşenkonun xeyrinə işləyir: “Bu xarici faktordur. Çünki Rusiya faktiki gəmiçiliklə bağlı beynəlxalq konvensiyaları, habelə dövlətlərarası müqaviləni pozub. Bu məsələdə Ukrayna tərəfi haqlıdır və Rusiya üzərində ciddi diplomatik qələbə əldə edəcək. Əgər, Ukrayna prezidenti bu vəziyyəti daxili siyasətdə istifadə edərək, ölkədə gözlənilən seçkiləri dayandırmağa cəhd etsə, onu tənqid atəşinə tutacaqlar. Açıq deyəcəklər ki, Krımı Rusiyaya işğal edəndə, Donbasda müharibə gedəndə və minlərlə insan öləndə, sən ölkədə hərbi vəziyyət elan etmədin. İndi necə olur ki, prezident seçkilərinə qısa müddət qalıb və reytinqin aşağı olduğundan bəhanə axtarırsan ki, ölkədə hərbi vəziyyət elan edərək seçkiləri təxirə salasan. Hesab edirəm ki, Poroşenko belə ciddi tənqidlə üzləşə bilər. Bu mənada Poroşenko hakimiyyəti ehtiyatlı davranmalı, gücü və diqqəti hadisənin BMT, ATƏT və Avropa Birliyində müzakirələrinə yönəltməli, Rusiyaya qarşı sanksiyalara nail olmalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər