1 Dekabr 2018 11:30
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim yola salınacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert separatçı rejimlə Nikol Paşinyanın başçılıq etdiyi hökumət arasında ciddi fikir ayrılığının olduğunu bildirib:

“Son vaxtlarda Paşinyan Qarabağdakı rejimin əleyhinə sərt çıxışlar edir. Hesab edirəm ki, Paşinyan bununla Bako Saakyanın rəhbərlik etdiyi qondarma rejimi devirmək niyyətini ortaya qoyur.

Təsadüfi deyil ki, erməni baş nazir son çıxışlarından birində Qarabağdakı rejimin Ermənistan rəhbərliyi əleyhinə bəyanatlar verdiyini və bu məsələni seçkilərdən sonra Xankəndinə gələrək, Bako Saakyanla müzakirə edəcəyini dedi”.

M.Əsədullazadənin sözlərinə görə, Ermənistanda “Qarabağ klanı”nı siyasi səhnədən tamamilə sıxışdırıb çıxarmağı qarşısına məqsəd qoymuş Paşinyan Qarabağ separatçıları haqda da sərt qərarlar qəbul edəcək:

“Çünki Paşinyan Rusiyanın Saakyan vasitəsilə Ermənistan əleyhinə plan qurmasından narahatdır. Buna görə də, Saakyanın Moskvaya səfərini təsadüfi hesab etmir və bundan narahat olduğu göz qabağındadır.

Bu baxımdan düşünürəm ki, Bako Saakyanın rəhbərlik etdiyi rejim Paşinyanın maraqlarına uyğun deyil”.

Ekspert hesab edir ki, Saakyanı devirməyi planlayan Paşinyanın əsas məqsədi Qarabağdakı rejimin başına öz adamını qoymaqdır:

“Hesab edirəm ki, Saakyan yola salındıqdan sonra Azərbaycanın Paşinyanla substantiv danışıqlara getməsi mümkün ola bilər. Bakı Paşinyana bir neçə ay müddətində şans verib ki, prosesləri öz xeyrinə dəyişsin və danışıqlar masasına otursun”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər