“Nikol Paşinyanın gurultulu qələbə haqda danışması gülüncdür. Çünki Ermənistanda səsvermə hüququ olan şəxslərin yarısından çoxu seçkilərə gəlməyib. Seçicilərin cəmi 48 faizinin seçkidə iştirakı real vəziyyəti əks etdirmir. Əslində Paşinyan təzyiq vasitəsilə təşkil edilən seçkiləri uduzub”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Fikrət Sadıqov Ermənistanda dünən keçirilən növbədənkənar parlament seçkilərini şərh edərkən deyib.
Onun sözlərinə görə, seçkilərdə administrativ resursdan da güclü şəkildə istifadə olunub:
“Paşinyan tərəfindən təyin olunan qubernatorlar seçicilərə təzyiq göstərirdilər. Ermənistanın bir sıra ekspertləri bəyan edir ki, bu, biabırçı seçkilər idi və indiyə qədər Ermənistanda belə biabırçılıq baş verməyib. Bildirirlər ki, bu vaxtadək saxtakarlıq müşahidə edilib, amma bu dərəcədə olmayıb”.
Politoloq hesab edir ki, 48 faiz seçicidən “Mənim addımım” blokuna səs verənlərin sayı heç də Paşinyana dəstək verdiyinin göstəricisi deyil:
“Kifayət qədər ciddi və kobud pozuntular olub. Bu, özlüyündə ən böyük saxtakarlıqdır”.
Fikrət Sadıqov qeyd edib ki, seçkidən sonra Nikol Paşinyanın qarşısında ciddi məsələlər dayanır. Onun fikrincə, ”Qarabağ klanı ilə mübarizə hələ davam edəcək:
“20 ilə yaxın hakimiyyətdə olan Respublikaçılar partiyası asanlıqla təslim olmayacaq. Onlar faktiki olaraq həm hökumətdə, həm də parlamentdə yerlərini itiriblər və yeni hökumətə qarşı açıq şəkildə və ya arxadan zərbələr endirmək üçün əllərindən gələni edəcəklər. Reallıq odur ki, xalq Qarabağ klanından da doyub və vətəndaşlarda yorğunluq hiss olunur. Başa düşürlər ki, Qarabağ klanı heç bir şeyə nail ola bilmədi və ölkəni dalana dirəyib”.
Siyasi şərhçi vurğulayıb ki, xarici siyasətdə də Nikol Paşinyan addımlarını cıza bilməyib:
“Öz müttəfiqləri ilə həm MDB məkanında, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində münasibətlərini pozub. Faktiki olaraq Belarus, Qazaxıstan, Rusiya ilə qarşıdurma şəklindədir, bu ölkələrin Paşinyana qarşı mövqeyi dəyişib və onu real siyasətçi kimi də qəbul etmirlər. Üstəlik Dağlıq Qarabağ məsələsinin həll olunmaması şübhəsiz onun gələcək siyasətinə öz mənfi təsirini göstərəcək. Bu məsələlər kompleks şəkildə Paşinyan tərəfindən həll olunmalıdır. Əminəm ki, bunların öhdəsindən gələ bilməyəcək. Çünki dəfələrlə Qarabağ probleminin həlli ilə bağlı keçmiş hakimiyyət tərəfindən irəli sürülən təklifləri təkrarlayır. Əgər onların yolu ilə gedəcəksə, deməli Paşinyanı da həmin tale gözləyəcək”.