Teleqraf.com “Ayna-Zerkolo” qəzetinin təsisçisi, analitik Elçin Şıxlı ilə müsahibəni təqdim edir:
- Elçin bəy, noyabrın 17-dən Fransada yanacağın qiymətinin qaldırılmasına etiraz olaraq “Sarı jiletlilər” hərəkatı başlandı. Paris az qala müharibə meydanına çevrilib. Sizcə, bu ölkədə nə baş verir?
- Fransada katastrofik heç nə baş vermir, sadəcə, camaat öz haqqını tələb edir. Yəni insanlar yanacağın qiymətinin qaldırılmasını istəmir, buna qarşı çıxır. Bilirlər ki, yanacağın qiyməti qalxsa, bütün malların maya dəyərində artım baş verəcək. Çünki istənilən əmtəənin maya dəyərində yanacağın qiyməti əsas yerlərdən birini tutur. O cümlədən kənd təsərrüfatı mallarında.
Bu səbəbdən insanlar küçələrə axışıb, öz haqqını tələb edirlər. Görünür, həm də hökumətin fəaliyyətindən böyük narazılıqlar var ki, Makronun yürütdüyü siyasət etirazlara səbəb olur.
Ancaq bir şey bəllidir ki, ictimai-siyasi formasiyalar arasında ən sonuncusu və ən mükəmməli kapitalist sistemidir. Bununla belə istənilən sistemin böhranlı anları olur. Hər böhrandan sonra da bir yenilənmə baş verir. Görünür, fransız cəmiyyətində bir yenilənməyə ehtiyac var. Sistem böhran vəziyyətinə girdiyi üçün yenilənmə baş verəcək. Ancaq ümumilikdə kapitalizm son ictimai-siyasi formasiya olduğundan onu əvəz edəcək başqa ideal formasiya yoxdur. Fransada baş verənlər sistemdaxili böhrandır.
Nəhayət, küçələrə axışan, bəzən polislə üz-üzə gələn insanlar istədiklərinə nail oldu. Prezident Makron artıq televiziya vasitəsilə xalqa müraciət etməli, hətta üzr istəməlidir. Digər tərəfdən, prezident eyni zamanda “Sari jiletlilər”in liderləri ilə görüşməli olacaq.
- Siz, hesab edirsiniz ki, bu aksiyalar sadəcə böhran nəticəsində ortaya çıxıb?
- Sistemdaxili böhrandır. Başqa izahım yoxdur. Fransadakı aksiyalarda kimsə hakimiyyətə gəlmək iddiası ilə çıxış etmir. Orada qanunlar işləyir, strukturlar fəaliyyət göstərir. Və insanlar da öz həyatlarının daha da çətinləşməsini istəmir. Mitinqlər bahalaşmaya qarşıdır.
- Ancaq fransızlar ABŞ-dan tələb etdilər ki, Fransanın daxili işlərinə qarışmasın...
- Təbii. Fransa qədim və güclü dövlətdir. İlk burjua inqilabı, sənayenin inkişafı buradan başlayıb. Hətta ABŞ-ın Azadlıq heykəlini fransızlar hədiyyə edib. Yəni Fransa demokratiyanın beşiyidir. Fransa Afrika ölkəsi deyil ki, ABŞ onun işinə müdaxilə etsin. Üstəlik ABŞ da çətin ki, Fransanın daxili işlərinə qarışa bilsin. Fransa böyük və qüdrətli ölkədir. ABŞ istəsə də, qarışa bilməz. Sadəcə, ABŞ-da kimlərsə Paris aksiyaları haqqında danışırdı. Paris də ABŞ-a mesaj verdi ki, bu sizin maraqlanacağınız, yön verəcəyiniz bir proses ola bilməz.
- Ancaq açıq hiss olunur ki, qlobal baxımdan ABŞ-Fransa qarşıdurması var. Məsələn, ABŞ Prezidenti Tramp Makronun xüsusi cəhdlərinə baxmayaraq, Paris iqlim sazişindən çıxdı, rəsmi Paris Vaşinqtonun təkidlərinə baxmayaraq, İran məsələsində fərqli mövqe tutur...
- ABŞ-ın Fransadakı sarı hərəkata dəstək verdiyini düşünmürəm. Mümkündür ki, qarşı tərəfi qıcıqlandırmaq baxımından nəsə deyə bilərlər. Ancaq aydındır ki, hər ölkənin öz marağı var. ABŞ-ın İranla münasibətləri bir cürdür, çünki özünün marağı var. Fransa isə böyük və ortalıqda olan ölkədir, onun İranla bağlı öz maraqları var. Bu baxımdan hesab edirəm ki, ABŞ-ın Fransadakı aksiyaların təşkilatçıları ilə əlaqəsi ola bilməz. Üstəlik görəcəksiniz ki, son anda onlar razılaşıb ortaq məxrəcə gələcək.
- Fransadakı aksiyalar hökumətin istefasına qədər inkişaf edə bilərmi?
- Bəli, bu aksiyalar hökumətin tam tərkibdə istefasına qədər inkişaf edə bilər. Çünki orada sistem və dəyərlər tam başqadır. Təbii ki, narazılıqlar davam etsə, hökumətin istefası baş verə bilər. Ancaq bizim müşahidəçilərimiz Fransa ilə Yunanıstanı qarışdırmamalıdır. Yunanıstan iqtisadi baxımdan Fransadan zəif ölkədir. Ancaq hesab edirəm ki, hökumətin tam tərkibdə istefası ən son variant ola bilər. Əslində bu daha az ehtimal olunandır.
- Ermənistanda baş verən inqilabi hadisələr Fransada təkrarlana bilərmi?
- Xeyr, bu qeyri-mümkündür. Fransada aksiyalarda siyasi tələblər irəli sürülmür. Siyasi tələb yoxdursa, deməli, söhbət inqilaba cəhddən gedə bilməz. İnsanlar sadəcə, qiymət artımına etiraz edirlər. Yəni hökuməti və ya prezidenti korrupsiyada ittiham edən yoxdur. Sistem var, işləyir. Sadəcə, hansısa məqamda bu sistemi idarə edənlərin hərəkət və qərarlarından narazılıq yaranıb. İnqilab və çevriliş ehtimalı yoxdur. Aksiyanı əsasən, həmkarlar ittifaqları təşkil edir. Onlar isə sırf iqtisadi məsələləri qaldırırlar, siyasi tələblər yoxdur. Orada həmkarlar ittifaqları çox güclüdür.
- Ancaq Fransada baş verən güclü və zorakı aksiyalar Hollandiya və Belçikaya da sirayət etməkdədir...
- Hollandiya kimi rahat ölkə yoxdur. Belçika da həmçinin. Görünür, orada yaşayanlar daha yaxşısını istəyirlər. Bu prosesin Almaniyaya keçməsi ehtimalı isə yoxdur. Mümkündür ki, Belçika və Hollandiyada kimlərsə buna cəhd etsin, ancaq onun perspektivini görmürəm. Üstəlik, bu prosesin vahid mərkəzdən idarə edildiyi kimi məsələ yoxdur. Bəli, aksiyanı həmkarlar ittifaqları təşkil edib. Nəzərə alın ki, Avropada həmkarlar ittifaqı hər zaman güclü olub və öz istəklərini ciddi şəkildə ortaya qoyublar. Onlar ciddi işləyir, təşkilatlanıb irəli gedirlər. Üstəlik Avropanın inzibati sərhədləri var, amma iqtisadi sistem demək olar ki, vahid sistemdir. Ola bilsin ki, məhz bu amil Hollandiya və Belçikada özünü büruzə versin.