10 Dekabr 2018 20:30
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda dekabr ayının 9–da sərgilənən kütləvi–siyasi şounu seçki adlandırmaq ağıla və məntiqə ziddir. Bunun birinci səbəbi onunla izah edilir ki, bu ölkədə cəmi iki milyona yaxın insan yaşadığı halda seçkini keçirən rəsmi qurum – Mərkəzi Seçki Komissiyası 2 milyon 500 mindən çox seçici müəyyən edib və saxta seçici siyahısı tərtib olunub. Təkcə bu fakt işğalçı ölkədə keçirilən seçkilərin saxta olduğunu söyləməyə kifayətdir. Belə olan halda, ümumiyyətlə, olmayan, yaxud sadəcə seçici siyahısında adı olan seçicinin hansısa fəallığından, yaxud qeyri-fəallığından danışmaq da ciddi olmaz.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputatın sözlərinə görə, 2018-ci ilin aprel ayından bəri Ermənistanda tamaşaya qoyulan siyasi komediyanı hər hansı şəkildə başa çatdıraraq küçə demokratiyasının liderinin hakimiyyətinə legitimlik donu geyindirmək lazım idi ki, bunu da etdilər: "Baş tutan əslində budur. Çünki ziddiyyətli siyasi qütblərin az qala birgə layihəsi kimi qiymətləndirilə biləcək Paşinyan oyunu, nəhayət, fərqli siyasi maraqların müvazinətini təmin etməli, hüquqa və demokratiyaya uyğunlaşdırılmalı idi. Həqiqət isə bundan ibarətdir ki, Ermənistan sözünün yanında hüquq və demokratiya kəlmələrinin işlənməsi hüququn və demokratiyanın təhqir edilməsi deməkdir. Bir hərbi xuntanın yeni işğalçı diktatura ilə əvəz edilməsi demokratiya hadisəsi ola bilməz. Ancaq ermənilər hazırda bunu etməyə çalışırlar.

İstər dini liderin, istərsə də separatçı rejimin və hazırkı prezidentin tələm–tələsik Paşinyanı təbrik etmələri də bununla bağlıdır. Onlar Ermənistanda oynanılan oyunu demokratiya kimi təqdim etməklə ümumxalq konsolidasiyasının olduğunu və ermənilərin demokratik cəmiyyət qura bildiklərini sübut etməyə çalışırlar. Görünən odur ki, bəzi beynəlxalq və insan hüquqları təşkilatları da bunu belə qələmə verməyə hazırlaşırlar. Ancaq baş verən seçki saxtakarlığı o qədər böyük miqyasda və o qədər təkzibedilməz ölçüdədir ki, bunu ört-basdır etmək mümkün deyil".

Hikmət Babaoğlu qeyd edib ki, heç bir halda ölkə əhalisinin 30 faizinin seçimi həmin ölkədə sabitliyin təminatçısı ola bilməz. Ona görə də Ermənistan cəmiyyəti olduqca ciddi sosial partlayış ərəfəsindədir. Bunu şərtləndirən ikinci amil isə ötən aylar ərzində iqtisadi sahədə heç bir islahatın aparılmaması, ölkənin yoxsulluq vəziyyətində olmasıdır. İslahatlar isə ona görə aparılmır ki, bunu etmək mümkün deyil, çünki islahatları təmin edəcək iqtisadi resurslar bu ölkədə yoxdur. Belə olan halda, Ermənistanda yeni eranın başladığını iddia edənlər yalnız siyasi xəyalpərəstlər ola bilərlər. Ermənistanda yeni era o vaxt mümkün ola bilər ki, bu ölkə işğalçılıq siyasətinə son qoysun, zəbt etdiyi Azərbaycan torpaqlarını geri qaytarsın. Əks təqdirdə, heç bir güc göydən zənbillə bu ölkəyə iqtisadiyyat gətirə bilməyəcək. Çünki iqtisadiyyat real resurslara və kommunikasiyaya əsaslanaraq qurulur. Bu resursların və kommunikasiyaların açarı isə Azərbaycanın əlindədir.

Milli Məclisin deputatı əlavə edib ki, Paşinyan hər nə qədər öz legitimliyini qəbul etdirməyə çalışsa da, bu, baş tutmayacaq, çox keçmədən əhali yenidən iqtisadi tələblərlə meydanlara çıxacaq. Ona görə də yaxşı olar ki, yeni seçilən komanda öz xalqının və qonşu xalqların ümumi mənafeyinə uyğun olan addımlar atmaq barədə düşünsün. Yoxsa Azərbaycanın da səbri sonsuz deyil və şərtlər uyğun olan kimi yeni həmlələrlə torpaqlarını azad etmək istiqamətində ciddi addımlar atılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər