12 Dekabr 2018 08:42
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyevlə müsahibəni təqdim edir:

- Arif müəllim, neçə müddət idi ki, Ermənistanda parlament seçkilərinin keçirilməsi müzakirə olunurdu. Artıq seçkilər keçirildi, qalib və məğlub tərəflər ortaya çıxdı. Siz, bu seçkiləri necə qiymətləndirirsiniz?
- Mənim bu seçkilərə bir qədər spesifik yanaşmam var idi. Bu, nəticəsi əvvəlcədən bəlli olan seçki idi. Belə demək mümkünsə, bu seçkilər əslində inqilabın növbəti mərhələsi idi. Bunu mən real seçkilər kimi qəbul etməkdə çətinlik çəkirəm. Əgər biz “seçki prosesi xalqın seçimini tam şəkildə ortaya qoymalıdır” deyiriksə, məncə, Ermənistanın timsalında biz bunun şahidi ola bilmədik. Çünki bu seçkilərdə eynən küçə psixologiyası və küçə təzyiqi özünü aşkar nümayiş etdirirdi. Faktiki seçki gününə qədərki proseslər bir qədər zorakı yolla oldu. Seçkilərin nəticələri bir dəfə demokratların xeyrinə, bir dəfə ziyanına ola bilər. Bütövlükdə mən bu seçkini demokratik prosedur kimi görmürəm.

- Bu seçki Ermənistana nə verəcək?
- Seçki Paşinyanın mövqeyini möhkəmləndirəcək və nəhayət ki, biz onun siyasətdə hansı tərəfə meyl etdiyini açıq-aşkar görə biləcəyik. İndiki mərhələdə Paşinyan legitimliyini hiss etmirdi, yürüdəcəyi siyasətə qarşı parlament səviyyəsində ciddi müxalifətlə üzləşəcəyini duyurdu. Bu, onun əl-qolunu bağlayırdı. Son seçkilər isə onun əl-qolunu açır. Digər tərəfdən, mən hələ ki, Paşinyanın sonu xeyirlə bitəcək siyasətinin konturlarını görmürəm. Hələ deyə bilmərəm ki, bu, Ermənistanda müsbət daxili proseslərin başlanğıcı olacaq. Qənaətimcə, ilk bir neçə ayı gözləmək lazımdır ki, Paşinyan öz siyasətinin əsas tezislərini ortaya çıxarsın.

- Paşinyan anti-rus mövqeyinə keçə bilərmi?
- Əgər, söhbət Rusiyaya qarşı açıq çıxmaq nəzərdə tutulursa, Paşinyan buna getməyəcək. Əslində bunu gözləmək də sadəlöhvlük olardı. Ermənistanın həm siyasi, həm də iqtisadi baxımdan Rusiyadan asılılığı həddən artıq güclüdür. Amma Paşinyanın bu asılılığı azaltmaqdan savayı başqa yolu yoxdur. Paşinyanın əslində Ermənistanı Qarabağ asılılığından azaltmaqdan da savayı yolu yoxdur. Yəni Ermənistan həm Rusiyadan, həm də Qarabağ münaqişəsindən asılılığını aradan qaldırmalıdır. Mənə elə gəlir ki, Paşinyan bütün bunları başa düşür. O, başqa məsələdir ki, Paşinyanın idarəetmə təcrübəsi yoxdur, o , bir qədər çılğın xarakterə malikdir. Buna görə də nə dərəcədə müdrik siyasət aparacağı bəlli deyil. Bu hələlik sual altındadır və mənim buna şübhəm var. Amma Rusiyadan asılılığın azaldılması və Qarabağ buxovundan xilas olmağın Ermənistanın yeganə çıxış yolu olduğunu zənnimcə, Paşinyan başa düşür.

- Dediyiniz siyasəti aparmaq üçün Paşinyanın resursu, potensialı, və dəstəyi varmı?
- Açığı, buna şübhə ilə yanaşıram. Amma ola bilsin ki, kənar dəstək və müdrikliyin hesabına bunun öhdəsindən gələ bilər. Lakin bu sahədə onun özünün çatışmazlıqları kifayət qədərdir.

- Kənar dəstək deyəndə Qərbi nəzərdə tutursunuz?
- Həm Qərbi nəzərdə tuturam, həm də erməni diasporunun Ermənistan daxilinə təsir etmək imkanlarını. O cümlədən maliyyə tərəfini. Erməni diasporu maliyyə imkanları baxımından təsirini saxlayır. Nəzərə almaq lazımdır ki, bizim üçün bunu tam dərk etmək çətindir. Çünki Azərbaycan maliyyə baxımından xaricdən asılılıq faktorundan uzaqlaşıb. Ermənistanda isə bu faktor çox güclüdür və ölkənin maliyyə resursları kəskin hərəkətlərə və inqilabi ideyaların həyata keçirilməsinə o qədər də şərait yaratmır. Bu amillər nəzərə alınmalıdır.

- Qəribədir ki, son 20 ildə Ermənistanı idarə edən Respublika Partiyası 5 faizlik barajı aşıb parlamentə düşə bilmədi. Ancaq partiyanın maliyyə baxımından kifayət qədər imkanlı olduğunu nəzərə alsaq, bu ölkəni gələcəkdə ciddi qarşıdurma gözləyə bilərmi?
- Ermənistanda korrupsiya bir qədər fərqli formadadır. Orada sanki kvota prinsipi var idi, yəni bu dairə daha geniş idi və hər kəsin öz çərçivəsi vardı. Bu çərçivə içərisində sərbəst hərəkət edə bilirdilər. Bu mənada hakim partiyanın iqtidardan rəsmən getməsinin sonradan siyasi proseslərə ciddi təsir edəcəyi faktoruna inanmıram.

İkincisi, Ermənistanda mövcud olan siyasi atmosferin zühur edən bir keyfiyyəti də var. Bu da ondan ibarətdir ki, bu gün hakimiyyətdə olub kənarda qalanlar digər hakimiyyətə qısa müddətdə birləşmək həvəsinə düşür və bu həvəsi qısa müddətdə həyata keçirə bilir. Başqa sözlə, dünən Respublika Partiyasının, yuxarıda dediyim kimi, korrupsiya kvotasına malik olan şəxslər böyük həvəslə başqa qrupa daxil ola bilər, təki siyasi hakimiyyət onun fəaliyyəti üçün imkan yaratsın. Mən Paşinyanın nə dərəcədə müdrik olacağını söyləyəndə həm də bu oyun qaydalarını düzgün tutmaq, idarə etmək və nəzərə alıb-almayacağını nəzərdə tuturdum.

- Artıq Paşinyan legtim baş nazir olacaq, parlamentdən ciddi dəstək alacaq. Sizcə, bundan sonrakı mərhələdə Yerevan erməniləri ilə Qarabağ erməniləri arasında münasibətlər necə tənzimlənəcək?
- Əslində mən Yerevan erməniləri ilə Qarabağ erməniləri arasında baş verənləri qarşıdurma deyil, bir-birindən ayrılma kimi qiymətləndirərdim. Bəli, açıq görünən odur ki, Paşinyan dərk edir ki, bu aralanma baş verməsə və bu buxovdan azad olmasa, Ermənistanı indiki çətin durumdan çıxara bilməyəcək, xalqın yaxşı gələcəyini təmin etməyəcək. Məhz buna görə də aralanma mütləq baş verməlidir. Bir qədər tələsik olsa da, Paşinyanın “Qarabağ erməniləri özləri danışıqlarda iştirak etməlidir” tezisinin arxasında ola bilsin ki, bu anlam durur.

Odur ki, indiki mərhələdə Qarabağ erməniləri ilə Yerevan erməniləri arasında aralanma və soyuma gözləniləndir. Bu, baş verəcək. Sözsüz ki, bu həm də narazılıqlara gətirib çıxara bilər. Çünki Qarabağın indi təpiyini yerə döyməsinin səbəblərindən biri Ermənistan vasitəsilə özünün dayanıqlı olmasını təmin etməkdir. Düzdür, burada Rusiya faktoru aparıcı olaraq qalır, lakin vəziyyət müəyyən yumşalma və yeni imkanlar aça bilər.

- İş ondadır ki, Ermənistan biznes mühitində, iqtisadiyyatında və siyasətində qarabağlı ermənilər həddən artıq çoxdur. Paşinyan təmizləmə siyasəti aparacaqmı?
- Paşinyanın başqa yolu yoxdur. Əslində bu proses başlayıb və hakimiyyət tədricən qarabağlı ermənilərdən təmizlənir.

- Buna qarşı müqavimət olmayacaqmı?
-Buna qarşı müqavimət ola bilər. Lakin Paşinyan Rusiya ilə münasibətləri və Qarabağ probleminin həllində müdrik, bacarıqlı ola biləcəksə, siz dediyiniz məsələ öz-özlüyündə həllini tapacaq.
İkincisi, qarabağlı ermənilər Ermənistan siyasi elitasında müəyyən mövqeyə malik olmasına baxmayaraq, Yerevan erməniləri ümumi narazılığını heç vaxt azaltmayıb. Qarabağ qrupunun əsas nüvəsi uzun illər Ermənistanda hakimiyyətdə olub. Ancaq bu qrup ictimai rəydə deyildi, iqtisadi əsasları tam olaraq öz əlində saxlamırdı. Yəni daha çox hakimiyyətdə təmsil olunurdu, iqtisadi-inzibati resursları əlində saxlayırdı. Siyasi mövqe itiriləndə isə şübhəsiz ki, onlara ağır zərbə dəyəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər