Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi zamanı bəzi məsələləri həll edə bildik. Azərbaycanı quruma uğurlu sədrliyi münasibətilə təbrik edirəm. Bu qurumda islahatlar aparılmalı, mövcud problemlər həll olunmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanın səyləri nəticəsində qurumda əhəmiyyətli irəliləyişlərə nail olunub: "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında gələcəkdə reallaşdıra biləcəyimiz məsələləri də müzakirə etdik. Türkiyə üçün QDİƏT çox önəmlidir. Təşkilat çox vacib vəzifələri həyata keçirir. Bu qurumun daha da genişləndirilməsi, böyüməsi və inkişaf etdirilməsi üçün səylərimizi davam etdirəcəyik".
Mövlud Çavuşoğlu Rusiya XİN rəhbəri Lavrovla keçirdiyi təkbətək görüşün detallarına da toxunub: "Rusiyalı həmkarımla ikitərəfli məsələləri, ticarət, viza rejiminin mərhələli şəkildə aradan qaldırılması, birgə layihələrin həyata keçirilməsini müzakirə etdik. Biz Suriya, İdlibdəki son durum və digər regional məsələlər ətrafında fikir mübadiləsi apardıq. Türkiyə və Rusiya prezidentləri arasında çox sıx dialoq mövcuddur, onlar davamlı olaraq görüşür, telefonda danışırlar. Biz onların birgə qəbul etdikləri qərarları da nəzərdən keçirdik. Həmçinin Kerç boğazında baş verən insident ətrafında da müzakirə apardıq".