Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa Parlamentinin dekabrın 12-də qəbul etdiyi "Xarici fəaliyyət və təhlükəsizlik siyasəti" adlı qətnaməyə münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, nazir müavini qeyd edib ki, bu qətnaməyə əsasən, münaqişələrin həlli məsələsində heç bir fərqlilik olmamalıdır: "Əvvəllər qətnamələr qəbul olunanda qeyd edilirdi ki, Ukrayna, Gürcüstan, Moldovadakı münaqişələr beynəlxalq prinsiplər əsasında həll edilməlidir. Azərbaycana çatanda deyirdilər ki, ATƏT- in Minsk qrupu var və bu münaqişəni o, həll eləsin".
M.Məmmədquliyevin sözlərinə görə, o zaman münaqişənin hansı norma və prinsiplər əsasında həllinə dair referens yox idi: "Avropa Parlamentinin qəbul etdiyi bu qətnamədə artıq qeyd olunur ki, 4 ölkənin ərazi bütövlüyünü tanıyırlar və fərq qoyulmadan bu ölkələrdə olan münaqişələr eyni prinsiplər ilə həll olunmalıdır".
M.Məmmədquliyev qeyd edib ki, QDİƏT-ə üzv ölkələrdə mövcud olan münaqişələr sanki bir sədd yaradır və ölkələr arasında tam iqtisadi əməkdaşlığın qurulmasına mane olur: "Biz QDİƏT çərçivəsində siyasi məsələləri həll etmirik. Bu, iqtisadi qurumdur. Məhz buna görə Ermənistanın iclasda iştirak edən nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etməmişik".