14 Dekabr 2018 20:39
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ömrü boyu öz ağalarını satmaq missiyasını indi Rusiyaya tətbiq edir. Son zamanlar Ermənistan hökumətinin Rusiyaya qeyri-səmimi münasibəti qabarıq görünür. Rusiyanın milli maraqları Azərbaycanla dostluğu tələb edir. Hər iki dövlət bir-birinə daha çox gərəkdir. Ermənistan ancaq dilənçi kimi pay ala bilər, verməyə heç nəyi yoxdur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan münasibətlərinin yaxşılaşması bizim xeyrimizədir: “Azərbaycan müstəqil olanda çalışırdıq ki, Rusiya ilə məsafə saxlayaq. Müəyyən qədər haqlı görünə bilərdik, yenidən imperiyanın tərkibinə daxil olmaq qorxusu, hərbi bazaların yerləşdirilməsi və sair çətinliklər vardı. Hətta Rusiya ilə danışıqlar aparmırdıq ki, müəyyən qədər uzaqlaşaq. Amma həyat güclü müəllimdir, zamanla gördük ki, ən böyük problemimizi, Qarabağ məsələsini Rusiyasız həll etmək mümkün deyil. Ruslar da bilir ki, slavyan xalqlarının türk xalqları ilə dostluğu zəruridir. Bu kontekstdə Cənubi Qafqazda Azərbaycanla dostluğa əhəmiyyət verməyə başlayıb. Qarşılıqlı güclü əlaqələr yaranıb. Prezident səviyyəsində çox səmimi münasibət var. Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında böyük dövlətlərin ağsaqqal nümayəndələri iştirak etsə də, Azərbaycan Prezidenti İlham Əliyevin Putinin yanında əyləşməsi böyük etimadın, hörmətin əlaməti idi”.

Deputat qeyd edib ki, Azərbaycanın təcrid siyasəti nəticəsində Ermənistanda böhran yaşanır: “İşğal edilmiş torpaqlarımızın bir hissəsinin azad edilməsi qonşuluqdakı Ermənistanın kriminal rejiminə böyük zərbə olub. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb”.

Tahir Kərimlinin fikrincə, Azərbaycanla Rusiya arasındakı yüksək münasibətlər sadə insanlara da sirayət edib: “İndi təkcə politoloqlar deyil, vəzifəli, inzibati resursları olan şəxslərin, sadə insanların azərbaycanlılara qarşı münasibəti dəyişib. Bəzi epizodlar istisna olmaqla Rusiyada həmvətənlərimizə qarşı aqressiya hiss olunmur. Azərbaycanın haqq işinin müdafiəsi üçün Rusiya bizə çox lazımdır. Bu dostluğun inkişafı zəruridir. Dostluq əlaqələrimiz daha da inkişaf etdikcə Ermənistan daha da dalana dirənir, ən mühüm layihələrdən təcrid olunur, eləcə də beynəlxalq təşkilatlardakı nüfuzu zəifləyir, ayrı-ayrı ölkələrlə münasibətləri korlanır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər