19 Dekabr 2018 16:40
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın mövcud hakimiyyətində təmsil olunan bir sıra şəxslər hesab edirlər ki, onlar Rusiyadan qopmasalar, nə məlum 100 illik tarixi dəyişmək mümkün olacaq, nə də iqtisadi problemlər həll ediləcək və Nikol Paşinyan öz sələflərinin taleyini yaşayacaq”.

Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc belə deyib.

Deputat Ermənistan rəhbərliyinin çıxış yolu axtarışında olduğunu bildirib:

“Bir tərəfdən də başa düşürlər ki, bu, olduqca ölümcül layihədir. Bir tərəfdən Rusiyadan hərbi yardım istə, onun silahlarına ümid et, bir tərəfdən “təhlükəsizlik çətiri” altına daxil ol, bir tərəfdən də əlin Qərbə uzansın və oradan da yardım almağa çalışasan. Bu cür mümkün deyil. Ermənistanda bir-birinə zidd vəziyyət yaranıb. Eyni anda qəlbən Avropa İttifaqının, maddi cəhətdən ABŞ-ın, hərbi tərəfdən isə Rusiyanın yanında ola bilməzsən. Bu, amorf vəziyyətdir.

Ermənistanda son günlərdə anti-Rusiya dalğası daha da güclənib. Bu kəskinlik real toqquşmalara yol aça bilər. Paşinyan hakimiyyəti isə başa düşür ki, xalqın rəğbətinə baxmayaraq, daxildə onu böyük döyüşlər gözləyir. Bir tərəfdən də, Rusiyanın qarşısında özünü gücləndirmədən savaşa girmək, 1999-cu il gülləbaranının təkrarlanmasını gözə almaq deməkdir. Ermənistandakı anti-Rusiya ab-havası Paşinyanın çevrəsindən qaynaqlanır. Gümrüdə bir süpürgəçinin öldürülməsinə görə Rusiyanın ittiham edilməsi və bunun xalq ayaqlanmasına gətirib çıxarılması, son anda rus hərbi bazasının Ermənistandan çıxarılması məsələsini gündəmə gətirib”.

Zahid Orucun sözlərinə görə, Baş nazir Nikol Paşinyan hakimiyyəti son dərəcə ağır labirintin içində hərəkət edir:

“Açığını desək, bütün bunlar Azərbaycanın xeyrinədir. Hətta belə düşüncələr də yer ala bilər ki, hansısa formada onların bu siyasətinə yardım etmək lazımdır. Hansısa təşkilatlar, yaxud üçüncü və dördüncü dövlətlər vasitəsiləmi? Bunu demək açıq siyasətə daxil deyil.

Reallıq budur ki, Paşinyan Ermənistan daxilindəki Azərbaycanın düşmənlərini cəzalandırır. Məsələn, uzun on illərdir törətdiyi cinayətlərə görə Robert Köçəryanı ədalətin mühakiməsinə necə çıxara, həbs etdirə bilərdik? Bunları reallaşdırmaq mümkün olmadı. Amma tarixin dövr edən təkərləri, Köçəryanın işlədiyi cinayətlərin günahlarını onun boğazından çıxarır.

Ümid edirik ki, Paşinyan eyni sərtliklə Serj Sərkisyanın da üzərinə yeriyəcək. Bu, Ermənistanda böyük toqquşmaların baş verməsi, həm də Azərbaycan xalqının qisasının alınması demək olacaq. Bizim Paşinyanla münasibətlərimiz qarşıdakı dövrdə aydınlaşacaq. Əgər o, əvvəlki kursu davam etdirsə, bununla verdiyi heç bir vədi yerinə yetirə bilməyəcək. Görünür ki, Paşinyan bunu öz təhtəlşüurunda hiss edir və zəif də olsa, Türkiyə ilə münasibətlərin qaydasına salınması çağırışlarını edir”.

Deputat qarşıda Paşinyanı 5 sınağın gözlədiyini vurğulayıb:

“Birincisi, indiki mövqeyində qalsa, Rusiya ilə münasibətləri qaydasına qoya bilməyəcək. İkincisi, erməni lobbisi ilə də münasibətlərindəki problemlər həddən artıq böyükdür. Üçüncüsü, işğal edilmiş Qarabağ bölgəsindəki separatçı rejimi, başda Bako Saakyan olmaqla, devirib vitrindən atmalıdır. Çünki Paşinyanın devirdiyi klanın bir uzantısı da gəlib Qarabağa çıxır. Buna görə də, Xankəndinə hücum əməliyyatını həyata keçirəcəklər.

Dördüncüsü, iqtisadi sferada “təmizlik əməliyyatı” aparılmalıdır. Keçmiş hakimiyyətin dönəmində korrupsiya ilə böyük varidat əldə etmiş şəxsləri neytrallaşdırmaq və əllərindəkiləri almaq bir nömrəli vəzifə olmalıdır. Beşinci məsələ isə, Azərbaycanla bağlıdır. Əgər Azərbaycan və digər türkdilli ölkələrlə münasibətlərdəki problemlər həll edilməyəcəksə, kənardan verilən pullarla xalqı dolandırmaq mümkün olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər