İranın kəşfiyyat naziri Mahmud Ələvi ötən həftə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşdü. İranlı nazir görüşdən sonra dedi ki, iki ölkənin kəşfiyyat xidmətləri arasında əlaqələr yüksə səviyyədədir. İranın kəşfiyyat naziri hətta onu da bildirdi ki, bu əlaqələr iki ölkənin təhlükəsizliyi üçün möhkəm zəmindir. Başqa sözlə, iranlı nazirin sözlərindən o anlaşılmalıydı ki, iki dövlət bir-birlərinə qarşı təhlükə yarada biləcək fəaliyyətə yol vermirlər, tam tərsinə qarşılıqlı inam var.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq Mahmud Ələvinin Bakıdan qayıtdıqdan sonra səsləndirdiyi fikirləri də şərh edib:
“Bu səfərin üstündən bir neçə gün keçdikdən sonra Mahmud Ələvi İran parlamentində çıxış edərək belə bir cümlə işlədib: “Hazırda qonşu ölkələrin təhlükəsizlik xidmətləri və hətta bəzi uzaq ölkələrin xəfiyyə qurumları birbaşa İranın təhlükəsizliyinə qarşı hərəkətə keçiblər. Onlar var gücləri ilə terrorçu cərəyan və quruplara maddi baxımdan dəstək verir, onlara təlimlər keçirlər”.
Böyük ehtimalla iranlı nazir ilk növbədə Səudiyyə Ərəbistanını nəzərdə tutub. Belə olan halda niyə cümləsində “qonşu ölkələr” ifadəsini işlədib?
İranın kəşfiyyat naziri konkret dövlətin adını çəkməyib. Halbuki diplomatik tərzdə deyə bilərdi ki, “qonşularımızın əksəriyyəti ilə münasibətlərimiz yaxşıdır, sadəcə bəziləri İrana problem yaratmaq istəyir”. Yoxsa ad çəkməyib, “qonşularımız” deyəndə hamını şübhə altına alır”.