25 Dekabr 2018 10:26
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Öncə qeyd etmək istərdim ki, ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəfələrlə ən yüksək səviyyədə bütün platformalarda səsləndirilmişdir. Münaqişə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır".

Bunu "Report"un sualına cavab olaraq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir qeyd edib ki, münaqişənin həllinin hüquqi bazasına gəldikdə buraya ilk növbədə, dünyada sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi, çoxsaylı digər beynəlxalq təşkilatların qərar və qətnamələri, o cümlədən, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM, NATO, Avropa Parlamenti və digər sənədlər,eləcə də ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər daxildir:

"Təəssüf ki, uzun illərdir münaqişənin həlli üzrə aparılan danışıqlar öz nəticəsini verməmişdir. Ermənistanda baş verən son hadisələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində baş tutan söhbətlər və mənimlə Ermənistanlı həmkarım arasında keçirilmiş 3 görüş danışıqlar prosesinin irəli aparılması baxımından müəyyən optimizm vəd edir.

Bu ilin 6 dekabr tarixində ATƏT-in Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində qəbul olunmuş ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunur ki, münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsi razılaşdırıldı. Bu isə o deməkdir ki, danışıqların formatı dəyişilməz olaraq qalır.

Burada, həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə, birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönəlik danışıqların keçirilməsi fikrinin əks olunmasıdır.

Bildirmək istərdim ki, bu yanaşma ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir.

Ümumiyyətlə, qeyd etmək istərdim ki, bu ilin dekabrında keçirilən seçkilərdən sonra Ermənistanın hazırkı rəhbərliyi,münaqişənin həlli istiqamətində siyasi iradəsini nümayiş etdirməli və mehriban qonşuluq fəlsəfəsinə uyğun olaraq bölgədə sülh, sabitlik və davamlı inkişafın əldə olunması istiqamətində çalışmalıdır.

Ümid edirik ki, qarşıdan gələn 2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq. Münaqişənin həllində əldə olunmuş irəliləyiş bölgədə sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, bütün regionda, ilk növbədə isə Ermənistanın özündə davamlı iqtisadi inkişafa imkanlar açacaqdır.

Ölkəmizdigər etnik mənsubiyyətdən olan Azərbaycan vətəndaşları kimi,öz beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının da təhlükəsizliyini təmin etməyə və onlara Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır.

Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz doğma yurd-yuvalarına geri qayıtmağa hazırdır və icmanın bu yaxınlarda verdiyi bəyanatında qeyd olunan məsələ növbəti dəfə səsləndirildi. Xatırlayırsınızsa, bir müddət öncə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar mövcud idi, lakin əfsuslar olsun ki, Ermənistanın keçmiş siyasi rəhbərliyinin xidmətləri nəticəsində bu təmaslara son qoyuldu.

Bilirsiniz, torpaqları götürüb başqa bir yerə köçmək mümkün deyil və münaqişənin həllindən sonra, əlbəttə, sözügedən iki icma birgə yaşamalı olacaq. Məhz bu baxımdan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların bərpa edilməsi vacibdir və bu təmaslar təşviq olunmalıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər