Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidentinə ad günü münasibətilə təbrik məktubu və telefon zəngindəki fikirlərdə tam mənada səmimilik hiss olunur.
Bunu Teleqraf.com-a açıqlamasında Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı, politoloq Fikrət Sadıqov deyib.
O qeyd edib ki, məktubda və telefon zəngində bir sıra məsələlərə toxunulub:
“Bu, çox dərin məzmunlu bir təbrik idi. Təbrikdə həm Azərbaycan-Rusiya münasibətlərinin inkişafından bəhs olunur, bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanır, həm də Prezident İlham Əliyevin dövlətlərimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə şəxsi töhfəsinin əvəzsiz olduğu vurğulanır. Digər tərəfdən, Azərbaycanın regionda oynadığı mühüm rola toxunulur. Xüsusilə qeyd olunur ki, bu uğurlar İlham Əliyevin Azərbaycana rəhbərliyi altında qazanılıb. Vladimir Putin Prezident İlham Əliyev haqqında bildirib ki, siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi nüfuz qazanmısınız”.
F.Sadıqov qeyd edib ki, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında xarici siyasətdə əldə etdiyi uğurlar, regionda lider kimi əldə etdiyi nailiyyətlər və Azərbaycan-Rusiya tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişafında xidmətləri danılmazdır:
“Bu mənada Vladimir Putinin təbrik məktubu və telefon zəngindəki fikirlər öz-özlüyündə əlbəttə ki, artıq protokol xarakteri daşıyan fikirlər deyildi. Bu, düşünülmüş, müəyyən prinsiplərə əsaslanan, reallığı əks etdirən və Azərbaycan-Rusiya münasibətlərinin inkişafında bundan sonra da maraqlı olan bir dövlət başçısının fikirləri idi. Bu, əlbəttə, həqiqətdir. Bununla razılaşmamaq mümkün deyil”.