“Fransa Prezidenti Emmanuel Makron Fransada 24 aprel tarixini qondarma erməni soyqırımı ilə bağlı “anım günü” elan etmək niyyətindədir. Əgər Fransa Dağlıq-Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupu həmsədr ölkələrindən biri olmasa idi, bəlkə də bu məsələnin üzərindən ötüb keçmək olardı. Amma ötüb keçə bilmərik və bu qərardan, bu niyyətdən narahatlıq keçiririk”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib.
Partiya sədri qeyd edib ki, Fransa 24 aprel tarixini “anım günü” elan etməklə Ermənistanın siyasi rəhbərliyinin ayaqlarının altına daş qoyur, onları həvəsləndirir və özündənrazı edir:
“Bu isə onları reallıqdan uzaqlaşdırır və münaqişənin həllini də çətinləşdirir. Əgər Fransa, erməni lobbisinin qarşısında tab gətirə bilmirsə, o zaman o münaqişənin həlli üzrə ədalətli mövqe tuta bilməz. Bunun üçün də ən optimal variant Fransanın Minsk qrupu həmsədrliyindən könüllü olaraq istefa verməsidir. Ən doğru qərar bunu hesab edirəm.
Biz Fransa ilə dost ölkəyik və bu dostluğu da qiymətləndiririk. Lakin bu tip qərarlar dostluğumuza xələl gətirir. Ümid edirəm ki, Fransa müdrik qərar verərək, ya ədaləti seçəcək, ya da Minsk qrupu həmsədrliyindən geri çəkiləcək”.