“Lazarev klubu” yeni toplantısı bu dəfə İrəvanda yox, Moskvada baş tutdu. Toplantıda Rusiya və Ermənistan Şurasının üzvləri, rusiyalı deputat Konstantin Zatulin, Ermənistanın İctimai Şurasının rəhbəri Vazgen Manukyan, səfir Vladimir Kazimirov və digər şəxslər iştirak etdilər.
Bunu Teleqraf.com-a politoloq Ramiyə Məmmədova deyib.
Politolqun sözlərinə görə, erməni əsilli Lazarev ailəsinin adına təsis edilmiş klubun əsas məqsədi Rusiyanın Ermənistan üzərindəki nəzarətini bir qədər də gücləndirməkdir:
“Lakin maraqlıdır ki, İrəvandakı iclasa Ermənistanın keçmiş dövlət başçıları, ölkə rəsmiləri və Baş nazir Nikol Paşinyan dəvət olunsa da, Robert Köçəryandan başqa heç kəs ora qatılmadı.
İlk iclasda Zatulin Ermənistan üçün ən yaxşı çıxış yolunun Rusiyanın “ürəyindən” keçdiyini demişdi. Amma onun bu sözü Ermənistanın yeni hakimiyyətinin üzvlərinin, xüsusən də Paşinyanın xoşuna gəlmədi. Görünən budur ki, Ermənistanın Rusiyadan uzaqlaşdığını görərək, bu klubu təsis etmək qərarı veriblər. Bu yolla da Ermənistan üzərindəki təzyiqləri bir qədər də sərtləşdirməyə çalışırlar”.
Ramiyə Məmmədova bildirib ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu, Rusiya üçün regionda vacib bir ölkədir:
“Rusiyanın Ermənistanla bağlı planı bəllidir. Bu ölkədəki təsir dairəsindən istifadə edərək, bölgədə öz üstünlüyünü təmin etməyə çalışır. Yəni bu, birbaşa geosiyasi məsələdir. Ermənistan və onun baş naziri də Ermənistanın Rusiyasız heç bir gücə malik olmadığını bilirlər. Paşinyanın Rusiyaya qarşı oynadığı oyunlardan asılı olmayaraq, bunu Ermənistanda hər kəs bilir. Ermənistanda onu da hər kəs bilir ki, Rusiyasız tək qalacaqlar və Qarabağ müharibəsində Azərbaycana uduzacaqlar”.