Teleqraf.com Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə müsahibəni təqdim edir:
- Qulamhüseyn müəllim, Aydınlar Partiyası olaraq fəaliyyətiniz nədən ibarətdir? Müşahidələr göstərir ki, son illərin siyasi səhnəsində siz və təmsil etdiyiniz qurum görünmür...
- Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi adlı qurumda fəaliyyətimiz var, vaxtaşırı toplaşaraq müəyyən məsələləri müzakirə edirik. Qeyd edim ki, Xalq Hərəkatı yarananda ilkin dövrdə iştirak etsək də, sonrakı mərhələdə iştirak etmədik. Rəsmən də o qurumdan imtina etməmişik. Müəyyən səbəblərdən, vaxt məhdudiyyətindən bizim nümayəndələrimiz orada iştirak edə bilməyib. Hər halda çalışırıq ki, bütün birliklərlə əlaqə saxlayaq. Qarabağ Komitəsi yaranan zaman biz ilkin dövrdə müzakirələrdə iştirak edirdik. İşçi qrupu çərçivəsində fəaliyyət zamanı qeyd etdik ki, Qarabağ adı olan yerdə hər cür iştiraka hazırıq. Hazırda bu komitənin də rəsmi üzvü deyilik, lakin dəvət etsələr, tədbirlərində iştirakı mümkün sayırıq.
- Kənardan görüntü belədir ki, siz sadəcə, belə bloklardan məsafə saxlayırsınız...
- Bizdə belədir ki, vaxtaşırı olaraq müəyyən ittifaqlar, bloklar, qruplaşmalar yaranır. Və sonra da dağılır. Bu səbəbdən də biz yaranan belə qurumların çoxunun tərkibində təmsil olunmuruq. Amma Qarabağ məsələsi ümumi problemdir. Onun işində iştiraka qəbahət görmürəm. Yeri gəlmişkən, biz siyasi partiyalar arasında əməkdaşlığa, bloklaşmaya normal yanaşırıq.
- Bu yaxınlarda ADP qərargahınsa siyasi partiyaların toplantısı keçirildi, lakin Aydınlar Partiyası bu toplantıda da iştirak etmədi...
- Açığını deyim ki, əgər biz orada iştirak etməmişiksə, deməli dəvət olmayıb.
- 2019-cu il seçki ili deyil. Nəyə görə seçkilər olmadığı təqdirdə siyasi partiyalar arasında sanki bloklaşma prosesi gedir?
- Mən siyasi partiyaların bloklaşmasına, bir araya gəlməsinə, konkret məsələlər üzrə əməkdaşlıq etməsinə normal yanaşıram. Seçkidən asılı olmayaraq, partiyalararası əməkdaşlıq, cari məsələlərin birgə müzakirəsi, fəaliyyətin əlaqələndirilməsinə normal yanaşmaq lazımdır. Həm də nəzərə almaq lazımdır ki, partiyaların maliyyə və bazaları zəifdir. Hər halda partiyaların imkanları daxilində bir-birini ittiham etməyindənsə, bir-biri ilə əməkdaşlıq etməsi daha məntiqlidir.
- Aydınlar Partiyasının qarşıdakı iki il müddətində məqsəd və hədəfləri nədən ibarətdir?
- Təbii ki, yaxın dövr üçün ən böyük seçki kampaniyası parlament seçkiləridir. Əgər parlament seçkiləri vaxtından əvvəl keçirilməsə, ona ciddi hazırlaşıb iştirak edəcəyik. Eyni zamanda 2019-cu ilin dekabrında bələdiyyə seçkiləri keçiriləcək. Düzdür, bələdiyyələrin imkanı və səlahiyyətləri məhduddur. Bu səbəbdən rayon təşkilatlarımız bu seçkilərdə iştiraka meyl etmirlər. Amma biz çalışacağıq ki, namizədlərimiz bələdiyyə seçkilərində də iştirak etsin. Siyasi partiyaların əsas hədəfi seçkilər olmalıdır. Biz çalışacağıq ki, bütün seçkilərdə iştirak edək.
- Güney Azərbaycanda soydaşlarımız elementar hüquqları uğrunda mübarizə aparır. Qəribədir ki, Ərdəbildə həbs edilən Abbas Lisani ilə bağlı bizim siyasi partiyaların heç birinin reaksiyası ilə rastlaşmiriq. Sizcə, səbəb nədir?
- Təbii ki, biz Azərbaycanın ətrafında, o cümlədən xaricdə yaşayan azərbaycanlılarla bağlı proseslərə diqqətlə yanaşırıq. Ancaq düzünü deyim ki, bu məsələlər bizim partiyada prioritet məsələ kimi qoyulmayıb və biz bu istiqamətdə ixtisaslaşmamışıq. Aydındır ki, bu kimi proseslər siyasi partiyalar tərəfindən diqqətdə saxlanılmalı, xüsusilə, İranda yaşayan soydaşlarımızın məsələsi daima müzakirə edilməlidir. Bizim partiyamızda da zaman-zaman bu mövzuda müzakirələr olub. Amma bu mövzu partiyanın prioritet istiqaməti deyil. Biz daha çox daxili həyata uyğun siyasət qururuq. Başqa təşkilatlar var ki, onlar əsasən, bu istiqamətdə fəaliyyət göstərirlər. Biz hesab edirik ki, bu qurumların işinə qarışmamalıyıq. Yəni hər kəs mütəxəssisi ola biləcəyi işlə məşğul olmalıdır ki, bunun xeyri olsun.
- Rusiyada çeçenlərlə azərbaycanlılar arasında yaşanan son insident az qala Rusiyanın siyasi gündəminə çevrildi. Sizcə, nə baş verir?
- Hesab edirəm ki, bu adi cinayət hadisəsidir və bundan kimlərsə yararlanmağa çalışıb. Ümumilikdə baş verən və təəssüf hissi ilə qarşılanan bu hadisə çeçen- azərbaycanlı münasibətinə o qədər də təsir etməməlidir. Sadəcə, ola bilsin ki, kriminal qrupların arasında hadisə kimi təqdim oluna bilər. Amma baş verənlərin bütövlükdə Çeçenistan-Azərbaycan münasibətlərinə zərbə olacağını düşünmürəm. Hesab edirəm ki, hər iki xalqın tarixi əlaqələri var və müdrik insanların çağırışından sonra yaranan bu durumdan üçüncü maraqlı qüvvələr istifadə edə bilməyəcək.
- İran ətrafında proseslər sürətlə inkişaf edir. Varşavada onlarla ölkənin iştirakı ilə “Yaxın Şərqdə sülhün etibarlı gələcəyi” mövzusunda müzakirələr aparıldı, sanksiyalar altında olan Tehrana qarşı sərt çıxışlar oldu. İran ətrafında gedən proseslər hansı nəticə ilə başa çata bilər?
- Bilirsinizmi, İran güclü ölkələrdən biridir və uzun illər sanksiya altında yaşamağa alışmış ölkədir. Bu mənada hesab edirəm ki, bu sanksiyalardan sonra İranın sıradan çıxacağı haqda fikirlərə inanmaq lazımdır deyil, prosesin sonunu gözləmək vacibdir. Ancaq güman etmirəm ki, bu sanksiyalar vasitəsilə maksimum məqsədə nail olmaq mümkündür. Əlbəttə, mümkündür ki, İran daxilində narazılıqlar yeni fonda ortaya çıxsın, bu təzahür özünü Güney Azərbaycanda göstərsin. Ancaq hər bir dövlət çalışır ki, maraqlarını təmin etsin. İranda belə dövlətlərdən biridir.
- Son aylar Rusiya-Ukrayna münasibətlərində də gərginlik özünü büruzə verməyə başlayıb. Sizcə, buna səbəb nədir?
- Gələn ayın sonu Ukraynada növbəti prezident seçkiləri keçiriləcək. Hesab edirəm ki, gərginliyin bir səbəbi də seçki prosesi ola bilər. Ancaq həqiqət budur ki, Rusiya-Ukrayna konflikti nəticəsində Ukrayna Krımı itirdi, Dobnas faktiki separatçıların əlinə keçdi. Düzdür, Qərb ölkələri buna görə Rusiyaya sanksiyalar tətbiq edirlər, ancaq bu, yetəli addımlar deyil. Fikrimcə, Ukraynanın ərazi bütövlüyünün pozulması və bu günə qədər təmin olunmaması Qərb dövlətlərinin də vicdanına yazılmalıdır.
- Vaşinqton-Moskva xəttində də gərginlik yaranıb. ABŞ-ın qısa və orta mənzilli ballistik raketlərin azaldılmasına dair razılaşmadan çıxmasını necə şərh edirsiniz?
- Burada iki versiya irəli sürmək mümkündür. Beynəlxalq hüquq baxımından 1987-ci ildə imzalanan bu müqavilə müəyyən qədər konkret silahlar üzərində nəzarətin həyata keçirilməsinə imkan yaradırdı. Ancaq ABŞ birmənalı şəkildə müqavilədən çıxdığını elan etdi. Hesab edirəm ki, bu daha çox sürətli silahlanma xəttinə keçiddir. 1970-ci illərdə də SSRİ sürətli silahlanma yarışına sövq edildi və bu proses sovet imperiyasının süqutunda mühüm rol oynadı. Mümkündür ki, ABŞ və müttəfiqləri bu tarixi təcrübəni təkrarlamaq, rusları yeni silahlanma yarışına çəkməyə çalışırlar.