25 Fevral 2019 12:09
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gənclər siyasəti Azərbaycan dövlətinin həyata keçirdiyi daxili siyasətin mühüm tərkib hissəsidir. Gənclərin hərtərəfli inkişafı üçün zəruri olan şəraitin yaradılması, bu baxımdan, dövlətin üzərinə düşən vəzifələrin səmərəli şəkildə yerinə yetirilməsi məsələsi daim ölkə rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir”.

Bunu Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda gənclərin inkişafının təmin edilməsi üçün dövlət tərəfindən davamlı şəkildə fəaliyyətin həyata keçirilməsi, gənclərlə iş sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial infrastruktur yaradılması, gənclərin elmi və yaradıcılıq potensialının aşkara çıxarılması və inkişaf etdirilməsi, bu potensialın ölkənin sosial-iqtisadi inkişafı, dövlətin siyasi, iqtisadi, hərbi qüdrətinin, beynəlxalq nüfuzunun artırılması, xalqın rifah səviyyəsinin daha da yüksəldilməsi uğrunda səfərbər edilməsi istiqamətində ardıcıl tədbirlər görülməsi bu diqqətin göstəricisidir: “Hazırda Bakıda və rayonlarda yerləşən 40-a yaxın Gənclər Evi, demək olar ki, bütün rayonlarda fəaliyyət göstərən Olimpiya kompleksləri, yaradıcılıq mərkəzləri və s. gənclərin ixtiyarındadır. Gənclərin ictimai fəallığının artırılması, ölkənin ictimai həyatına onların daha yaxından cəlb edilməsi məqsədilə yaradılan və vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsi olan ictimai birliklərin fəaliyyəti dövlət tərəfindən hərtərəfli dəstəklənir. Ötən il Nizamnaməsində edilən dəyişikliklərlə fəaliyyət sahəsi və imkanları daha da genişləndirilən Gənclər Fondu gənclərin, xüsusilə aztəminatlı ailələrdən olan gənclərin təhsil almalarının, təhsillərini xaricdə davam etdirmələrinin dəstəklənməsi, ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənclərin işlə təmin olunması baxımından qarşılaşdıqları problemlərin həll edilməsi, gənclər arasında sahibkarlıq və özünüməşğulluğun təşviq edilməsi və dəstəklənməsi kimi bir sıra istiqamətlərdə təqdirəlayiq fəaliyyət həyata keçirir. Bütün bu fəaliyyətlər xalqımız tərəfindən rəğbətlə qarşılanır, yüksək qiymətləndirilir”.

Birinci vitse-prezidentin köməkçisi qeyd edib ki, Prezident Azərbaycanın hər bir gəncini yüksək təhsilli, öz işinin peşəkarı olan, ictimai fəallığı ilə seçilən, elmi-yaradıcılıq potensialını reallaşdıran, ölkəsinin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər kimi görmək istəyir, bu keyfiyyətlərə malik olan bir vətəndaş kimi yetişməyi onun qarşısında əsas vəzifə olaraq qoyur: “Əminliyimi ifadə etmək istərdim ki, dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuş gənclərimiz Prezident İlham Əliyevin onların qarşısında qoyduğu bu vəzifələrin öhdəsindən gəlmək, onun rəhbərliyi altında Azərbaycanın daha parlaq gələcəyini təmin etmək iqtidarında və əzmindədirlər”./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər