Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri iki dost və qonşu ölkə arasında münasibətlərin bundan sonra da dinamik şəkildə inkişaf edəcəyini göstərdi”.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, əslində iki ölkə arasında münasibətlər strateji xarakter daşıyır və hər iki xalqın milli maraqlarına söykənir:
“Biz elə mürəkkəb regionda və elə coğrafi konfiqurasiyada yerləşirik ki, münasibətləri daim yaxşı saxlamağa sadəcə məhkumuq. Ona görə də Gürcüstanda keçirilən seçkilərdən sonra Gürcüstan-Azərbaycan münasibətlərində nəyinsə məqbul olmayan istiqamətdə dəyişə biləcəyini ehtimal edənlər öz proqnozlarında yanıldılar. Salome Zurabişvili kifayət qədər təcrübəli siyasətçidir. O, Avropa siyasi mətbəxindən xəbərdardır. Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı illərdə regional siyasətlə də dərindən tanış olmaq imkanları qazanıb. Ancaq bu da bir həqiqətdir ki, ona öz siyasi sələflərindən heç də yaxşı miras qalmayıb. Gürcüstanın ərazi bütövlüyü pozulub, regionun ən böyük dövləti ilə münasibətlər olduqca gərgindir və ölkə daxilində hələ də separatçılıq əhval-ruhiyyəsində olan ermənilər var. İqtisadi resurslar olduqca məhduddur və heç də o qədər perspektivli sayıla bilməz. Ona görə də bu şərtlərin mövcud olduğu reallıqda Azərbaycanla strateji tərəfdaşlığın davam etdirilməsi mühüm prioritetdir və əslində xanım prezidenti Azərbaycana gətirən səbəbləri də burada axtarmaq lazımdır”.
H.Babaoğlu qeyd edib ki, Zurabişvili də diqqəti məhz bu məsələlərə yönəldərək hər iki xalqın XX əsrin sonunda yaşamağa məcbur edildiyi və hər iki ölkənin ərazi bütövlüyünün pozulması ilə nəticələnən müharibəni xalqlarımızın ortaq faciəsi kimi xatırladıb:
“Ancaq hazırkı mərhələdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə bağlı yaxşı perspektivlər yarada bildiyini də etiraf edərək bildirdi ki, “bu gün sizin perspektivləriniz bizimkindən daha yaxşıdır. Çünki sizin irəliləyiş əldə edə bilməyiniz üçün bəzi əlamətlər var”. Göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyü istiqamətində əldə edə biləcəyi hər hansı nailiyyət Gürcüstan üçün də yaxşı presedent yarada biləcək. Elə bu kontekstdə digər iqtisadi və kommunikasiya layihələri məsələsində də Azərbaycanın uğurları Gürcüstana daim strateji faydalar gətirib və əlbəttə, bunu gözardı etmək mümkün deyil. Zurabişvili məhz Azərbaycanın müəllifi olduğu bütün layihələri sadalayaraq onları həm də Gürcüstanın uğurları kimi təqdim etdi. Hazırda enerji, nəqliyyat layihələri, Azərbaycanın yaratdığı perspektivli investisiya mühiti, həm də ölkəmizin Gürcüstanda birbaşa investor kimi çıxış etməsi bu münasibətləri daha da inkişaf etdirməyi zəruri edir və bundan sonra da iki ölkə arasında bütün sahələrdə strateji tərəfdaşlıq əlaqələri davam edəcək”.