Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlərdə səsləndirdiyi təxribat xarakterli bəyanatlar onun danışıqlar prosesinə hazır olmadığını göstərir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O bildirib ki, N.Paşinyan hakimiyyətinin itirilməsinə səbəb olacaq hər hansı qərar qəbul etməkdən qorxur. Onun sözlərinə görə, N.Paşinyanın çaşqın və fərqli hərəkətlərinin əsas səbəbi məhz budur:
“Paşinyanın dəfələrlə təkrar etdiyi təkliflər 90-cı illərin əvvəllərində Ermənistanın mövqeyinə yaxındır. Həmin təkliflər uzun müddət rədd edilib. Bütün bunlar göstərir ki, Paşinyan yenidən danışıqların imitasiyasına qayıdır və sülhə hazır deyil”.
Hazırkı şəraitdə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşünün mümkünlüyü məsələsinə toxunan A.Mollazadə deyib ki, görüş baş tuta bilər:
“Amma Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin sülh istiqamətində həllinə dair addım atmağa qadir olduğu inandırıcı deyil. Görünür, o, hazırda özünə dəstək tapmağa çalışır, bununla yanaşı erməni lobbi qruplarını, xüsusən də Avropa Parlamentinə separatçıları dəvət edərək onlarla şou keçirir. Bütün bunlar göstərir ki, erməni təşkilatları fəallaşaraq dünyaya “sülh əldə etmək mümkün deyil” fikrini çatdırmaq istəyirlər. Amma əslində sülhün mümkün olmamasının əsas səbəbi Ermənistanın işğalçılıq siyasəti, status-kvonu qoruyub saxlamaq istəyidir”.
A.Mollazadə onu da bildirib ki, Avropa təşkilatlarında erməni lobbisinin çox güclü əli var:
“Bunun özü Avropa təşkilatlarında erməni korrupsiyasının ab-havasını göstərir. Hesab edirəm ki, bu istiqamətdə çox ciddi araşdırmalar aparılmalı, beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır”.