8 Mart 2019 09:59
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Rusiyaya “S-500” zenit-raket komplekslərinin birgə istehsalını təklif etdiyini açıqlamışdı. Həmçinin onu da bildirdi ki, Türkiyənin maddi imkanının olmasına baxmayaraq, ABŞ “F-35” qırıcılarını satmaq istəmədi, Rusiya isə bu məsələdə Türkiyəyə dəstək verdi. Əlbəttə, Rusiyadan alınan silahlar NATO tərəfindən etirazla qarşılanır, amma həmin silahlardan Yunanıstan və Suriyada da yerləşdirilib. Bununla belə, Türkiyənin bu silahlardan əldə etmək istəyi gərginliyə gətirib çıxardı. Buna görə də, Ərdoğan bildirdi ki, Rusiyaya “S-500”-lərin birgə istehsalını təklif etdiyini bildirdi”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Ekspertin fikrincə, ABŞ-dan isə Türkiyəyə “F-35” qırıcılarının satışına dair anlaşmaya yenidən baxılacağı mesajları verilir və bunun nəticəsinin ağır olacağı xəbərdarlığı edilir:

“Türkiyə bundan əvvəl də ABŞ-ın belə təhdidləri ilə qarşılaşmışdı, hətta sanksiya tətbiq edilmişdi. Türkiyə iqtisadiyyatı bundan zərər gördü, lirə dollar qarşısında böyük itkiyə məruz qaldı. Lakin sonradan sanksiyaların ləğv edilməsinə baxmayaraq, Türkiyə iqtisadiyyatında müsbət dəyişiklik baş vermədi.

Türkiyə də İran kimi ABŞ-ın sanksiyalarına qarşı müqavimət siyasəti formalaşdırır. Əlbəttə, Ankara bu məsələləri əlavə problemlər yaratmadan həll etməyə çalışmalıdır. Çünki ABŞ yenə də sanksiya tətbiq edə bilər. Bu da bələdiyyə seçkilərindən əvvəl Ərdoğan və AKP-nin imicinə mənfi təsir edə bilər.

Lakin ABŞ-ın etirazlarına baxmayaraq, Türkiyənin Rusiya ilə daha da yaxınlaşması, ona müttəfiq münasibəti göstərməsi Vaşinqtonu narahat edir. ABŞ isə öz müttəfiqlərini iqtisadi sınaqlar qarşısında qoymaqla, onları öz düşmənlərinin qapılarını vurmağa vadar edir. Bu da hazırda ABŞ-ın xarici siyasətinin zəif nöqtələrindən biri hesab olunur”.

Ramiyə Məmmədova qeyd edib ki, Ərdoğan öz nüfuzunu saxlamaq şərti ilə ABŞ-a qarşı müqaviməti davam etdirəcək: “Amma ilk sanksiyaların ağır nəticələrini də nəzərə alaraq, Türkiyənin ABŞ-la daha yumşaq siyasətə üstünlük verməsi daha məqsədəuyğun olardı. Çünki Türkiyənin iqtisadi vəziyyəti o qədər də ürəkaçan deyil. Bu da seçkilərdən əvvəl AKP-nin xal itirməsinə səbəb ola bilər.

Əlbəttə, Türkiyə ABŞ üçün dollar üzərindən asanlıqla problem yarada biləcəyi bir ölkədir. Bu da Türkiyə iqtisadiyyatına mənfi təsirini göstərir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər