“Keçmiş baş nazirin müavini Dmitri Roqozin vaxtilə Rusiya hakimiyyətinin əsas simalarından sayılırdı, ölkəsinin ən gəlirli hərbi-sənaye kompleksinə cavabdeh idi. Azərbaycan elə Roqozinin bu sahəyə məsul olduğu dövrdə Rusiyadan milyardlarla dollar civarında silah və hərbi texnika almışdı”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Roqozin vəzifəsindən uzaqlaşdırılıb və iki ölkə arasında hərbi–texniki əməkdaşlığın miqyası da azalıb:
“Bəlkə bu bizim üçün də xeyirli oldu. Rusiya hərbi texnikanın ən yaxşısını Ermənistana ötürür. Roqozini “Roskosmos” dövlət şirkətinin rəhbəri təyin etdilər. Ancaq Kreml hazırda bu sahədən də razı deyil. “Roskosmos” şirkətinin fəaliyyətində lənglik var, tikinti işlərində korrupsiya faktları aşkarlanıb.
Roqozin özü durumu belə izah edib: “Roskosmos”un büdcəsi ABŞ NASA şirkətinin büdcəsindən 20 dəfə azdır. Bu bizim fəaliyyətimizə böyük problemlər yaradır. Lazımi maliyyə ayrılmasa NASA-dan daha çox geri qalacağıq”.
Bu açıqlama ilə Roqozin “Roskosmus”un NASA-dan geri qalmasına görə “günah keçisi” olmaq istəmədiyini ortaya qoyur”.