11 Mart 2019 18:25
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslinə qalsa burada təəccüblü bir şey yoxdur. Biz həmişə demişik ki, Azərbaycana qarşı aparılan bütün kampaniyaların arxasında bu və ya digər şəkildə ermənilər, yaxud onlara yaxın dairələr dayanır. Çünki onların məqsədi Azərbaycan hakimiyyətinə əlavə təzyiq rıçaqları əldə etmək, özlərinin mənfəətləri, mənafeləri üçün kimlərdənsə istifadə etməkdir.

Bunu Teleqraf.com-a açıqlamasında əməkdar jurnalist, siyasi ekspert Azər Həsrət bildirib.

O təəssüflə qeyd edib ki, Xədicə İsmayıl məsələsində də belə olmuşdu:

“Mən xatırlayıram ki, Amal Kluni Xədicə İsmayılın müdafiəsində çox fəal rol almışdı və dünyada gəzdiyi, görüşdüyü hər kəslə bu məsələni müzakirə edir, dilə gətirir, müxtəlif çıxışlar edirdi. Faktiki olaraq, məsələni guya mətbuat azadlığının boğulmasının üzərinə gətirirdi. İndi bu hesabatın açıqlanması ondan xəbər verir ki, bunlar daha cidanı çuvalda gizlədə bilməyiblər. Yəni, bu və ya digər şəkildə görünür, xüsusilə Rusiyadakı ermənilərlə, ümumiyyətlə Ermənistandan çıxarılan pulların Rusiyada yuyulması ilə bağlı böyük bir plan var və bu planın tərkibində Xədicə İsmayıla dəstəyi ilə diqqət çəkən Corc və Amal Klunilərin yaxın saydığı Vardanyanın adının hallandırılmasına ehtiyac yaranıb”.

A.Həsrət qeyd edib ki, onun adını hallandırmaqla görünür, hansısa başqa siyasi məqsədlər də güdürlər:

“Amma sadəcə olaraq, bizim üçün bu məsələnin önəmi ondan ibarətdir ki, adamlar bir tərəfdən öz istəklərinə nail olmaq istərkən, digər tərəfdən özlərini faş etmiş oldular. Yəni, biz o vaxt dediyimiz “bu klunilər ermənilərin dostudur və məhz erməni bağları olduğuna görə Azərbaycanla bağlı belə “həssaslıq” göstərirlər” sözlərinə görə tənqid olunurduq. Ancaq bu gün ortaya çıxan bu fakt bir daha bizim dediklərimizi təsdiqləyir. Düşünürəm ki, azərbaycanlı olub, özünün guya müdafiəsi üçün erməniləri və ya ermənilərə bağlı olanları arxasına alanlar heç şübhəsiz, Azərbaycanın mənafeyini düşünən adamlar sayıla bilməz. Bu baxımdan mən düşünürəm ki, Xədicə İsmayıl məsələsi də istisna deyil”.

Qeyd edək ki, martın 4-də OCCRP – Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi Rusiyada Ermənistanın və erməni əsilli Rusiya vətəndaşlarının yaratdıqları çirkli pulların yuyulması sxemi üzrə ölkənin hakim elitası ilə sıx əlaqəli böyük investisiya bankı vasitəsilə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılması haqqında hesabat dərc etdi. “Troika” sxemi üzrə mənfəətdar isə Rusiyanın “Troika Dialog” kimi tanınan özəl investisiya bankı və Rusiyada qərbyönlü reputasiyaya malik rusiyalı erməni Ruben Vardanyandır. R.Vardanyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əhalinin yerləşdirilməsi üçün kəndlər salınmasını maliyyələşdirir, bu kəndlərdə məktəb və kilsə tikdiririr, Rusiya vətəndaşı olan oğlu David Vardanyanı Dağlıq Qarabağda əsgəri xidmətə göndərib. Yalnız Dağlıq Qarabağda deyil, Livan və Suriyada erməni kəndlərinin salınması, kilsələrinin və məktəblərinin tikilməsi üçün maliyyə ayırır. Ruben Vardanyanın “humanitar” layihədə tərəfdaşları, ictimai lobbisti və koordinatorları amerikalı cütlük – aktyor Corc Kluni və həyat yoldaşı, livanlı erməni-druz qarışığı olan Amal Alamuddin Klunidir.

Corc və Amal Klunilər Ruben Vardanyanın çoxsaylı layihələrində tərəfdaş və ictimai lobbist qismində çıxış edirlər, ümumiyyətlə, bu cütlüyün ictimai fəaliyyəti məhz Ruben Vardanyanın Rusiyada yuduğu çirkli pulların hesabına həyata keçirilir.

Amal Kluni OCCRP “araşdırmaçısı”, jurnalist Xədicə İsmayılın vəkili olub, onun həbsdə olduğu dövrdə xaricdə ictimai və hüquqi müdafiə kampaniyalarını təşkil edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər