Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfədir ki, işğal olunmuş Azərbaycan torpağında – Xankəndidə Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilir. Bu, heç bir çərçivəyə sığan məsələ deyil.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.
O qeyd edib ki, Paşinyan işğal olunmuş ərazilərə əvvəlcə Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərini göndərmişdi, daha sonra isə müdafiə naziri David Tonoyan orada oldu:
“Bütün bu proseslər göstərir ki, Paşinyan Dağlıq Qarabağ kartından daxili siyasət üçün istifadə edir. Məhz Təhlükəsizlik Şurasının iclasının orada keçirilməsində də məqsəd ondan ibarətdir ki, guya Paşinyan danışıqlarda iştirak etmək üçün onların mandatını almaq istəyir. Sual olunur; bu, hansısa dövlətdir ki, onun mandatını alasan?! Paşinyan dəfələrlə təkrarlayıb ki, danışıqların formatı dəyişdirilməldir. O deyib ki, “Dağlıq Qarabağ üçüncü tərəfdir, mən onların baş naziri deyiləm”. Digər tərəfdən, bəli, məhz ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatından sonra bu bəyanatın müzakirəsi Xankəndidə aparılıb. Bundan sonra Paşinyan danışıqlardan qaça bilməz. Lakin erməni tərəfi bu cür anonslar verir və təhlil də göstərir ki, onlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin verdiyi bəyanatda format deyəndə münaqişə tərəflərini yox, iştirakçı dövlətləri – yəni, Fransa, ABŞ və Rusiyanı nəzərdə tuturlar. Onlar belə deyirlər ki, Azərbaycan Fransanı Türkiyə ilə əvəz etmək istəyir. Məhz bu məsələni qabartmağa çalışırlar”.
Lakin A.Nağıyev qeyd edib ki, həmsədrlərin verdikləri bəyanatla Paşinyanın formatın dəyişdirilməsi cəhdi baş tutmadığı kimi Qarabağ kartından istifadə etmək cəhdləri də baş tutmayacaq:
“Məsələ ondadır ki, aprel-may aylarında Paşinyanın hakimiyyətə gəlişinin bir ili tamam olur. O, bir il ərzində gördüyü işlərlə bağlı daxili auditoriyaya açıqlama verməlidir. Həmin açıqlamada əsas məqamlardan biri də Dağlıq Qarabağ münaqişəsinin necə həll olunmasıdır. Ona görə də Ermənistan Təhlükəsizlik Şurasının iclasının işğal olunmuş ərazidə keçirilməsi daxili siyasətə həsr olunmuş bir məsələdir, eyni zamanda da guya xalqdan yenidən mandat qazanır”.