“Rusiya xarici işlər nazirliyi erməni mənşəli vətəndaşlarına tövsiyə edib ki, Azərbaycana getməyin, başınıza iş gələ bilər. Təbii ki, bunu siyasi mülahizələrlə ediblər və bəlkə də Azərbaycanla zaxarovasayağı zarafatlaşıblar”.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, ermənilərin hansı üzlə Azərbaycana gələcəyi hələ xeyli suallar doğurur:
“Bunun cavabında Azərbaycan xarici işlər nazirliyi bəyanat verə bilməz ki, Rusiyaya getməyin, orada da sizin başınıza iş gələr. Çünki bu cür bəyanat qətiyyən ciddi qarşılanmaz. O zaman burada insanlarımızın sosial vəziyyəti daha da acınacaqlı olar. Bölgələrdə on minlərlə insan Rusiyadan yaxınlarının göndərdiyi vəsaitlə ayaqda güclə dura bilir. Yəni bu sözləri deyə bilmək üçün Azərbaycan vətəndaşına məhz Azərbaycanda işləyib qazanmaq imkanı yaratmalıyıq ki, mühacirətə axın etməsinlər, qabiliyyət və enerjilərini öz ölkələrində gerçəkləşdirə bilsinlər.
Əlbəttə, daha yüksək rifah arzulayanların mühacirəti qaçınılmazdır, bir çox hallarda hətta faydalıdır. Lakin günlük çörək üçün Rusiyanın, Türkiyənin, Birləşmiş Ərəb Əmirliklərinin, Avropanın qapılarında ayaq döymək kimsə üçün arzulanan durum sayıla bilməz. Uzaqbaşı biz də belə bir bəyanat verə bilərik ki, Azərbaycan vətəndaşları da çalışıb övladlarını rus bölmələrinə kütləvi şəkildə göndərməsinlər, ana dillində təhsil almağa daha çox diqqət yetirsinlər. Rus dilini də, ingilis dilini də mütləq öyrənməliyik. Bunun məktəbdənkənar variantlarına üstünlük verməliyik”.
Fazil Mustafa hesab edir ki, ana dilində təfəkkrün formalaşması olduqca önəmlidir: “Biz uşağı tərcüməçi kimi deyil, düşünən insan kimi yetişdirməliyik. Ana dilində uşaqların təfəkkürü daha asan formalaşa bilir. Yəni Rusiyaya söz deməyə gücümüz yetərli deyil, heç olmazsa, öz-özümüzə gərəkli olan sözü anladığımız dildə deməyə cəsarət edək”.