15 Mart 2019 08:42
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi əvvəla ölkəmizin tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Bu, istənilən ölkə üçün belədir. İstər yeni müstəqillik qazanmış, istərsə də müstəqillik tarixinə malik ölkənin hansısa beynəlxalq tədbirə ev sahibliyi etməsi, başqa dövlətlərin nüfuzlu xadimlərini, keçmiş və indiki prezidentləri, baş nazirləri, xarici işlər nazirlərini, tanınmış ictimai xadimləri qarşılaması, onların müzakirəsinə ev sahibliyi etməsi istənilən dövlət üçün əhəmiyyətlidir.

Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, siyasi ekspert Araz Aslanlı deyib.

Bu gün Bakıda öz işinə başlayan VII Qlobal Bakı Forumunun əhəmiyyəti barədə öz fikirlərini açıqlayan A.Aslanlı qeyd edib ki, ABŞ-dan tutmuş dünyanın ən kiçik ölkələrinədək hamı bu məsələyə əhəmiyyət verir:

“Amma xüsusən müstəqilliyə yeni qovuşmuş ölkələr üçün bu daha böyük əhəmiyyət daşıyır. Çünki bu cür forumlar dünyada müsbət mənada tanınmaq, dəyərlərə, müzakirə mədəniyyətinə töhfə vermək baxımından əhəmiyyətlidir. Bir də Azərbaycan kimi coğrafi mövqeyi, yaşadığı problemlər, dünyanın böyük dövlətlərinin içində bizə qarşı mövcud olan lobbilərin fəaliyyətinin hamısını nəzərə alanda həm özümüzü, həm də uğurlarımızı tanıtmalıyıq. Amma buna mane olmaq istəyən kifayət qədər böyük güclər, başqa dövlətlərin buna qarşı müəyyən maraqları, eləcə də lobbilərin maraqları var. Bu baxımdan istənilən bu cür tədbir əhəmiyyət kəsb edir. Xüsusilə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi VII Qlobal Bakı Forumu önəmlidir”.
A.Aslanlı qeyd edib ki, forumda iştirak edən nümayəndələrin etnik, dini, regional tərkibinə, orada müzakirə olunan mövzuların xarakterinə, müxtəlifliyinə baxdıqda onun hər cəhətdən çox əhəmiyyətli tədbir olduğunu görmək olar:

“Hesab edirəm ki, həm forum Azərbaycan üçün əhəmiyyətlidir. Həm də elə müzakirələr olur ki, bəlkə hansısa dövlətləri, hansısa cəmiyyətləri təmsil edən nümayəndələr aralarında yaşanan problemlərə görə başqa yerlərdə bir araya gəlmək imkanları məhduddur. Amma Bakıdakı forumda iştirak edirlər. Yəni, Azərbaycanın xarici siyasətindəki balanslaşdırılmış xarici siyasət nüansı – özü mümkün qədər problem yaratmır, bir-biri ilə problemi olan dövlətlərlə normal münasibət qurur – biz bunu forumda da əks etdiririk. Foruma dəvət olunan qonaqların tərkibində də onu görürük. Həm bu forumda, həm də Azərbaycanın təşkil etdiyi digər beynəlxalq tədbirlərdə. Beləcə öz aralarında problem olan tərəflər belə Azərbaycandakı bir forumda, eyni beynəlxalq tədbirdə bir yerdə iştirak edə bilirlər. Bu baxımdan hesab edirəm ki, forum həm Azərbaycanın tanıdılması, həm ümumiyyətlə dünyada əməkdaşlıq mühitinin formalaşdırılması baxımından önəmlidir”.


Müəllif: Səxavət Həmid