Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq ənənə halını alıb. Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqanın sözləri ilə desək dünya liderlərinin bir növ illik görüş yeri platformasına çevrilib. Martın 14-də öz işinə başlayan VII Qlobal Bakı Forumu hər şeydən öncə iştirakçılığın miqyası və iştirakçıların nüfuzu ilə yadda qaldı.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak etdi ki, bu faktın özü özlüyündə bir qiymətləndirmə göstəricisidir:
“Nəzərə almaq lazımdır ki, onların arasında 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var. Bunlar beynəlxalq və milli səviyyəli aktorlar olmaqla hazırda və keçmişdə dünya siyasətinin formalaşmasında söz sahibi olan insanlar olub.
Bu fakt isə əslində forumun beynəlxalq nüfuzunun göstəricisi olmaqla həm də Azərbaycana olan münasibətin əyani göstəricisidir.
Qlobal Bakı Forumunun builki gündəliyi olduqca aktual bir mövzuya –“Dünyanın yeni xarici siyasəti” mövsuzuna həsr olunmuşdu. Bunula yanaşı plenar iclsadan sonra 10 paneldə bu mövzudan doğan daha bir neçə aktual məsələ müzakirəyə təqdim olundu ki, bunlar da Ortaq Şərqdə təhlükəsizlik məsələlərindən başlamış multikulturalizmə qədər, dayanıqlı inkişaf problemindən başlamış gənc nəslin xarici siyasət perespektivlərinə qədər olduqca geniş beynəlxalq spektri əhatə edir.
Göründüyü kimi, Qlobal Bakı Forumu bir növ beyin fırtınası metodu ilə siyasi intellektual müstəvidə dünyanın ən yeni çağrışlarının azad şəkildə müzakirə edildiyi bir platforma rolunu oyanyır”.
H.Babaoğlu daha sonra deyib:
“Dəyişən qlobal şərtlər içərisində Azərbaycanın xarici siyasət kursunu şərh edən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti dünyada baş verən proseslərlə üzvi şəkildə bağlı olan, ancaq bununla belə həm də müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kimi xarakterizə edərək bildirdi ki, biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir.
Bu fikirlər Azərbaycanın sülhpərvər siyasətinin bütün dünyaya bir daha bəyan edilməsi idi.
Ancaq bu kontekstdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə toxunan Prezident İlham Əliyev Azərbaycanın qətiyyətli və əzmkar mövqeyini dilə gətirərək Ermənistanın işğalçılıq siyasətini forum iştirakçılarının diqqətinə təqdim edərək bildirdi ki , Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Status-kvo qəbuledilməzdir.
Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk Qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır”.
H.Babaoğlu hesab edir ki, bu fikirlər dünyada sülh və dialoq istəyən beynəlxalq mərkəzlər bir çağırış idi:
“Əgər doğrudan da dünya sülh içində sabitlik isərisində yaşamaq istəyirsə o zaman ikili standartlar siyasətinə son qoyulmalı, beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir. Məhz bu istiqamətədə Azərbaycan tərəfindən həyata keçirlən çoxsaylı qlobal iqtisadi və təhlükəsizlik, enerji və kommunikasiya layihələri regonda sabitliyi və əməkdaşlığı təmin etməyə hesablanıb ki, bu da həm Avropanın enerji təhlükəsizlyi, həm də bütövlükdə subregionun ümümi təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir.
Çoxsaylı faydalı tərəfləri olan Qlobal Bakı Forumu istər ölkəmizin, istərsə də sülh və sabitlik istəyən ölkələrin milli maraqları baxımından mühüm bir dialoq platforması olmaqla bundan sonra da cəlbedici dialoq platforması kimi aktual olaraq qalacaq”.